Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır

“Heç bir zəfər məqsəd deyildir. Zəfər ancaq özündən daha böyük olan bir məqsədə çatmaq üçün lazım olan mühüm vasitədir. Məqsəd ideyadır. Zəfər bir ideyanın həyata keçirilməsinə etdiyi xidmətin nisbətinə görə öz dəyərini ifadə edir. Hər hansı bir ideyanın həyata keçirilməsinə əsaslanmayan bir zəfər davamlı ola bilməz”, - söyləyən türk dünyasının öndərlərindən biri Mustafa Kamal Atatürkün sözlərini “Azərbaycanda biz Atatürkün bütün türk dünyası üçün nə qədər böyük şəxsiyyət olduğunu xalqımıza bildirmişik” kəlamı ilə tarixiləşdirən ulu öndər Heydər Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biri kimi vacib hesab edirdi. Hər iki öndər Mərkəzi Asiyanın türkdilli dövlətləri ilə münasibətlərin gücləndirilməsinə üstünlük verərək, faydalı əməkdaşlığı genişləndirmək, möhkəmləndirmək, beynəlxalq təşkilatlarda bu həmrəyliyin gücünü göstərmək üçün tarixi xidmətlərə imza atıblar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov söyləyib.

Onun sözlərinə görə, istər artıq tarixə göndərilmiş Dağlıq Qarabağ münaqişəsi dövründə, istərsə də İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə daim Azərbaycanın yanında olduğunu verdiyi dəstəklə sübut edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kimi, qardaş ölkənin rəsmiləri də dəfələrlə vurğulayırdılar ki, Türkiyə həmişə Azərbaycanla bir olub, bu qardaşlıq daimi olmaqla yanaşı, həm də sarsılmazdır. Bu dostluğun tarixi əhəmiyyətini 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə toplantısında “Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır” ifadəsi ilə diqqətə çatdıran Prezident İlham Əliyevin sözləri artıq perspektiv deyil, reallıqdır. Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızın 44 gün davam edən İkinci Qarabağ müharibəsində azad edilməsində siyasi, mənəvi, hərbi dəstəyini əsirgəməyən qardaş ölkə ilə Azərbaycanın birlik və həmrəyliyi əsrlərə söykənən tariximizin, soy kökümüzün əbədiyyət rəmzidir.

2020-ci il dekabrın 10-da “Dəmir yumruq” əməliyyatının Qələbə müjdəsi olan Zəfər paradını türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə birgə izləyən Prezident İlham Əliyevin məğrur görünüşü, eyni zamanda, Azərbaycan-Türkiyə dostluğun əbədiyyət rəmzi idi. Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında tarixi missiyanı yerinə yetirdi, ədaləti, ərazi bütövlüyünü bərpa etdi.

Dünyanın tanınmış KİV-lərinə müsahibələrində Türkiyənin ölkəmizə mənəvi dəstəyini yüksək qiymətləndirən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu dostluq döyüş əməliyyatlarının aparıldığı günlərdə bir daha təsdiqləndi. Düşmən Ermənistan üzərində Zəfərimiz hər iki xalq tərəfindən təntənə ilə qeyd edildi. Türk dünyasının birlik və həmrəyliyinin lokomotivi olan hər iki dövlət arasındakı siyasi, iqtisadi, hərbi, elmi-texnoloji, kommunikasiya sahəsində olan əlaqələri daha da gücləndirən Şuşa Bəyannaməsinin imzalanması bu qardaşlığın yeni səhifəsi kimi tarixi əhəmiyyəti ilə seçildi.

Bu gün də Müttəfiqlik Bəyannaməsinin imzalanmasını Zəfərimizin davamı, əlamətdar hadisə adlandıranların sevinclərini “Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır” sözləri ilə ifadə edən Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyə və Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsidir. Müttəfiqlik Bəyannaməsində 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad olunması, dövlətlərarası iş birliyinin gələcək istiqamətlərinin əksini tapması hər iki dövlətin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinin əhəmiyyətinin, müdafiə sahəsində əməkdaşlığın ön planda göstərilməsi Türk dünyasının tarixi nailiyyətidir.

İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn qaydada keçirilən Zirvə toplantısındakı çıxışındakı “Türkiyə bizim qardaşımızdır. Türkiyə bizim böyük müttəfiqimizdir. Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur. Azərbaycan və Türkiyə xalqları və əminəm ki, dünyada bir çoxları Prezident Ərdoğanın Türkiyənin yalnız dünyada ən önəmli güc mərkəzlərindən birinə çevrilməsində deyil, eləcə də regionda təhlükəsizliyin təmin edilməsindəki tarixi rolundan açıq şəkildə xəbərdardırlar. Türkiyə geniş regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında çox önəmli rol oynayır” sözləri ilə Azərbaycan-Türkiyə münasibətlərini İslam həmrəyliyinin aparıcı gücü kimi dəyərləndirən Prezident İlham Əliyev qardaş Türkiyənin İslam həmrəyliyinin möhkəmlənməsindəki rolunu da yüksək qiymətləndirmişdir. Humanitar çağırışların, təşəbbüslərin müəllifi kimi tanınan Azərbaycan islamofobiyaya qarşı mübarizədə fəal iştirak etməklə multikultural dəyərlərə malik tolerant dövlət olduğunu əməli fəaliyyəti ilə təsdiqləyir. İşğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə, dini abidələrimizin bərpasına yardım etmək istəyən müsəlman ölkələrinin Azərbaycana müraciətləri türk həmrəyliyinin ifadəsidir.

A.Süleymanov diqqətə çatdırıb ki, postmüharibə dövründə işğaldan azad edilmiş əraziələrdə aparılan bərpa-quruculuq işlərində Türkiyə şirkətlərinin iştirakı Ermənistandan səslənən revanşist çağırışlara da qətiyyətli cavab oldu.

Zəfər yolunun təməlqoyma mərasimində, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsində hər iki dövlətin başçılarının birgə iştirakı o deməkdir ki, Azərbaycana dost-qardaş yardımını əsirgəməyən Türkiyə hazırda dünya siyasətində aktuallığı ilə seçilən və bölgə üçün böyük əhəmiyyət malik Zəngəzur dəhlizinin bərpasında da qətiyyət göstərəcək. Tarixi, strateji maraqlar, regional əhəmiyyəti baxımından diqqətçəkən, sadəcə, kommunikasiyaların keçəcəyi dəhliz deyil, azərbaycanlıların tarixi Vətəni olan Zəngəzur dəhlizinin bərpasında da orta maraqlar baxımından qətiyyət göstərən hər iki qardaş ölkə Şərqdən Qərbə uzanan və hər kəsin istifadə edə biləcəyi yeni körpünün inşasında da birgə çalışacaqlar.

Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu günlərdə qardaş ölkəyə işgüzar səfəri çərçivəsində Rize-Artvin Hava Limanının açılışında birgə iştirak edən Prezident İlham Əliyev çıxışının mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanması qardaş səmimiyyətinin ifadəsi idi. Hər iki ölkənin dövlət başçıların birgə iştirakı ilə keçirilən Füzuli Beynəlxalq Hava Limanının açılışından sonra Rizə-Artvin Hava Limanının istifadəyə verilməsi iki ölkə arasındakı nəqliyyat –kommunikasiya infrastrukturunun şaxələnmiş istiqamətinin nümunəsidir. Səfər çərçivəsində Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının Prezident İlham Əliyevə ulu öndər Heydər Əliyevlə görüşlərini əks etdirən fotolar və üzərində “Qarabağ Fatehi” yazısı olan tapança hədiyyə etməsi siyasi birliyin tərkib hissəsi idi. Prezident İlham Əliyevin vurğuladığ kimi, qardaş Türkiyə nəinki dünya miqyasında böyük güc mərkəzinə çevrilib, söz sahibi olub, eyni zamanda, ölkə daxilində insanlara xidmət naminə həyata keçirilən bütün layihələr Türkiyənin inkişafını, gücünü göstərən amillərdir.

“Qeyd olunduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqa xidmət siyasətinin növbəti nümunəsi olan bu hava limanının açılışı Türkiyənin gələcəyə inamla, qətiyyətlə addımladığının ifadəsi, dost və qardaş ölkələr üçün əlverişli hava məkanının yaradılmasıdır.

“Bu duyğularla bir daha Rize-Artvin Hava Limanımızın şəhərlərimizə və bölgəmizə xeyirli olmasını diləyirəm. Bu hava limanının ölkəmizə qazandırılmasında əməyi keçən başda nəqliyyat nazirimə, heyətinə, memar, mühəndis və işçilərimizə, podratçı firmalarımıza sizin hüzurunuzda xüsusilə təşəkkür edirəm. Hava limanımızın açılış sevincini bizimlə bölüşən hörmətli Əliyev qardaşıma bir daha minnətdarlığımı bildirirəm”, - söyləyən Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnuniyyətlə bildirməsi Azərbaycan-Türkiyə qardaşlığının daimi, əbədi və sarsılmazlığının təsdiqi, tarixi hadisədir”, - deyə YAP Nəsimi rayon təşkilatının sədri vurğulayıb.

Xudaferin.eu

13:26