Türk Şurası turizm nazirlərinin VI iclası keçirilib

İyunun 24-də Özbəkistanın Fərqanə vilayətinin Kokand şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) turizm nazirlərinin VI iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Türk Şurasının Baş katibi Bağdad Amreyev, Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Qazaxıstanın mədəniyyət və idman naziri Aktoti Raimkulova, Qırğızıstan iqtisadiyyat və maliyyə nazirinin müavini Seyit Risaliyevin rəhbərliyi ilə nümayəndə heyətləri iştirak ediblər.

İclası Türk Şurasının sədri Bağdad Amreyev açaraq postpandemiya dövründən sonra üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi, turizm sahəsinin tam bərpa olunması, bu istiqamətdə yeni təşəbbüslər və layihələrin həyata keçirilməsi haqqında məlumat verib.

Özbəkistan Baş nazirinin müavini, idman və turizm naziri Aziz Abduxakimov Türk Şurasına üzv olan dövlətlər arasında turizmin və nəqliyyat-logistika sahəsinin gücləndirilməsi, bu ölkələrin paytaxtları və digər şəhərləri arasında aviasiya reyslərin bərpa olunması və yenilərinin açılması, paytaxtlarda yeni turizm mərkəzlərinin fəaliyyətə başlaması, müxtəlif festivalların, idman yarışlarının bərpası və digər sahələrdə birgə fəaliyyətin həyata keçirilməsini təklif edib.

Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev öz çıxışında bildirib ki, üzv ölkələr bir çox sahələrdə, o cümlədən turizm istiqamətində ikitərəfli və çoxtərəfli əməkdaşlığı davam etdirir.

Ötən ilin qlobal turizm sahəsi üçün çətin olduğunu, böhranın bütün dünyada turizm sahəsinə ciddi təsir etdiyini vurğulayan F.Nağıyev deyib: “Buna baxmayaraq 2020-ci il Azərbaycan üçün sevindirici il olub. Biz 28 il əvvəl Ermənistan tərəfdən işğal olunan ərazilərimizi azad etdik. Təəssüf ki, uzun illər işğalda olan şəhər, qəsəbə və kəndlərimizdəki tarix və mədəniyyət abidələri, məscidlər və məbədlər ermənilər tərəfindən dağıdılıb”.

O bildirib ki, dağıdılan abidələr, məscidlər və digər tarixi obyektlər Azərbaycan hökuməti tərəfindən bərpa olunacaq, Hökumət azad olunan torpaqlarda turizm potensialının bərpası və inkişaf etdirilməsi üçün nə lazımdırsa edəcək.

Qədim Qarabağ torpağının yeni turizm istiqamətində dünyanı heyran edəcəyinə əminliyini bildirən F.Nağıyev çıxışının sonunda siyasi və mənəvi dəstək üçün Türkiyəyə, o cümlədən Türk Şurasına və digər türkdilli dövlətlərə minnətdarlıq edib.

Tədbirdə pandemiyadan sonra bu ölkələrdə “Ziyarət turizmi” layihəsinin fəaliyyətə başlaması, üzv ölkələrin böyük şəhərləri arasında beynəlxalq aviasiya reyslərinin bərpası və bu istiqamətdə digər məsələlər müzakirə olunub.

Sonra üzv ölkələrin turizm nazirləri çıxış edib, əməkdaşlığın dərinləşdirilməsi üçün öz təkliflərini bildiriblər.

İclasın sonunda Bağdad Amreyev Kokand şəhərini Türk dünyasının turizm paytaxtı elan edib.

İclas çərçivəsində xarici qonaqlar Fərqanə vilayətinin turizm sahələri, “Ziyarət turizmi”nin imkanları, ekoturizm, vilayətin qastronomik potensialı ilə də tanış olublar.

Qulu Kəngərli

Xudaferin.eu


 

16:14