Türk dövlətlərini aydın gələcəyə aparan yol – Zəngəzur

Dünya siyasi arxitekturasının dəyişdiyinin müşahidə olunduğu bir zamanda, xüsusilə də dördüncü sənaye inqilabının gətirdiyi yeni çağırışlar fonunda hər bir ölkə proseslərin iştirakçısı olaraq öz maraqlarını təmin etməyə çalışır. Azərbaycan 2020-ci ildə regionda yeni reallıqların yaradılmasında öz imkanlarını səfərbər edərək iştirak etdi və Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində, habelə postmüharibə dövrünün mükəmməl idarə olunmasını həyata keçirir.

Bu istiqamətlərdən biri də beynəlxalq platformalar vasitəsilə Azərbaycan xalqının maraqlarını açıq və aydın ifadə etmək, qarşıya qoyulmuş hədəflərə nail olunmasında daha dərin addımlar atmaqdır. Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsini rəhbər tutaraq hərbi-diplomatik sahədə əldə edilmiş uğurlar, Qoşulmama Hərəkatının Sədri olaraq Azərbaycanın multikultural dəyərlərə sahib olduğunu və dünya sülh gündəliyinə göstərdiyi xidmət, Avropa İttifaqı, habelə planetimizin qitələrinin mövcud beynəlxalq siyasi birlikləri ilə əməkdaşlıq ölkəmizin çoxşaxəli xarici siyasətində maraqlarının qorunmasında istifadə olunan əsas vasitədir.

Bu fikirlər Milli Məclisin deputatı Məzahir Əfəndiyevin “Türk dövlətlərini aydın gələcəyə aparan yol – Zəngəzur” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycan üçün əhəmiyyəti və vacibliyi ilə fərqlənən bir beynəlxalq platforma da məhz Türk Dövlətləri Təşkilatıdır ki, bu təşkilata da Azərbaycan bu vaxta qədər onun yaranması və fəaliyyətində hərtərəfli dəstək göstərib.

Yeniləşən dünyada türk dövlətlərinin tarixi nailiyyətlərini müasir çağırışlarla uzlaşdıraraq xalqların daha yaxşı yaşamalarını təmin etmək, habelə yaranmış geosiyasi vəziyyətdə türkdilli dövlətlərin daha əsaslı birliyini möhkəmləndirmək, nəinki Azərbaycanın milli maraqlarını əks etdirir, eyni zamanda, əsas xarici siyasətdə prioritetə çevrilib.

Bu baxımdan 2009-cu il oktyabrın 3-də məhz Naxçıvan şəhərində imzalanan Naxçıvan müqaviləsi ilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan arasında ilk Zirvə Görüşü keçirildi və Türk Dövlətləri Təşkilatının əsası qoyuldu.

Təşkilatın fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək, siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də tərəfdaşlığı fəallaşdırmaqdır.

Hazırda təşkilatın bu qısa müddətdə üzvlərinin sayı 5-ə çatıb, daha 2 dövlət – Macarıstan və Türkmənistan isə müşahidəçi statusu alıb.

Azərbaycan Türk Dövlətləri Təşkilatı ilə yanaşı, bu qurumun əlaqəli orqan və qurumları olan TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası ilə də sıx əməkdaşlıq edir və üzv ölkələr arasında elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi sahəsində aktiv rol oynayır.

Cari il noyabrın 11-də Özbəkistanın ev sahibliyi ilə Səmərqənddə təşkil olunan Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü bir daha qısa müddətdə üzv dövlətlərin nə qədər böyük işlər gördüyünü və bunun davamlı olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin həmin Zirvə Görüşündəki çıxışı Azərbaycan xalqının yeni bir nailiyyəti olmaqla, istəyimizi və gələcəyə baxışımızı özündə ehtiva etdi.

İkinci Qarabağ - Vətən müharibəsi zamanı, habelə postmünaqişə dövründə Azərbaycan hər zaman türk dövlətlərinin səmimi münasibətini, onların dəstəyini yüksək qiymətləndirib.

Qırx dörd günlük müharibə dövründə Prezident İlham Əliyev dünyanın nüfuzlu informasiya portallarına, telekanallarına müsahibə verən zaman xüsusi olaraq Türkiyənin regionda stabilizator rolunu xarakterizə edib. Eyni zamanda, Türkiyə Cənubi Qafqazda cərəyan edən bütün məsələləri yaxından izləyərək konkret olaraq bütün qüvvələrin tarazlaşmasında yardımçı kimi çıxış edir və bu hazırda da özünü göstərməkdədir.

Azərbaycan Prezidenti çıxışında, eyni zamanda, 2020-ci il noyabrın 10-da özündə doqquz bəndi əks etdirən və Ermənistanı kapitulyasiyaya məcbur edən Bəyanatın imzalanmasını, bu Bəyanatın 9-cu bəndində Zəngəzur dəhlizi ilə bağlı anlaşmanın icrasının vacibliyini vurğulayıb, habelə ermənilərin Cənubi Qafqazda sülhə nail olunmasında destruktiv mövqeləri, imzalanmış Bəyanatın şərtlərinə riayət etməmələri ilə bağlı dövlət başçılarını məlumatlandıraraq tərəqqiyə gedən yolun – Zəngəzur dəhlizinin açılmasının region üçün nə dərəcədə faydalı olduğunu bir daha diqqətə çatdırıb.

Prezident İlham Əliyevin çıxışındakı uzaqgörən, hədəfli yanaşma məhz Zəngəzur dəhlizinin türkdilli dövlətlərin daha da möhkəmlənməsi, təşkilatlanması və qarşılarına qoyduğu bütün hədəflərə nail olunmasında ən əsas yol olduğunu göstərməsindən ibarət idi. Bu, gələcəyə diplomatik və həssas baxış doğrudan da xalqının rifahını düşünən liderin məntiqi ola bilərdi.

Zəngəzur dəhlizi Avropa ilə Asiyanın birləşdiricisi, həmçinin NATO-ya üzv olan Türkiyənin Asiya dövlətlərinə çıxış imkanı əldə etməsi, enerji təhlükəsizliyi sahəsində Avropada türkdilli, strateji müttəfiq dövlətlərə köməkliklərin göstərilməsi, ümumən iqtisadi-ticari dövriyyənin artmasına və nəticədə də dəhlizdən istifadə edən bütün xalqların rifahının daha da yaxşılaşmasına xidmət göstərəcəkdir.

Zirvə Görüşü zamanı Prezident İlham Əliyevin çıxışından sonra digər üzv dövlətlər tərəfindən də Zəngəzur dəhlizinin tezliklə açılması, Bəyanatda götürülmüş öhdəliklərin Ermənistan tərəfindən yerinə yetirilməli olduğu dəstəklənib, bu istiqamətdə səylərin daha da artırılacağı qeyd olunub.

Azərbaycan Prezidentinin çıxışlarında dəfələrlə bildirdiyi kimi, Ermənistan 10 noyabr Bəyanatının bütün bəndlərini icra etməlidir. Bu, baş vermədiyi təqdirdə Ermənistan ən azından bölgə coğrafiyasında gələcək mövcudluğunu gözünün önünə gətirməlidir.

Xudaferin.eu

16:33