“Türk axını”nın dəniz hissəsinin inşasının 30 faizi tamamlanıb

 

“Türk axını” qaz boru kəmərinin (“Turkish Stream”) dəniz hissəsinin tikintisinin 30 faizi tamamlanıb.
 

“TurkStream” şirkəti xəbər verir ki, boru kəmərinin Qara dənizin altında inşa edilən iki xəttinin ümumi uzunluğu 555 kilometrə çatıb. Bu hissə çox qısa müddətdə tamamlanıb.

Boru kəmərini dəniz yatağına döşəyən “Pioneering Spirit” gəmisi hazırda Qara dənizdə işlərini davam etdirir. Gəmi 2 min 191 metr dərinlikdə boru kəmərinin çəkilişini həyata keçirir. Gəminin boru döşəmə gücü gündəlik təxminən 4 kilometrdir. İki xətdən ibarət olan və hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq layihənin dəniz hissəsinin tikintisini Rusiyanın “Gazprom” şirkətinin 100 faizlik törəməsi olan “South Stream Transport B.V.” həyata keçirir.

Qeyd edək ki, “Türk axını” boru kəməri ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Hər bir xəttin illik ötürücülük gücü 15,75 milyard kubmetrdir. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.

 

Xudaferin.eu

Türkiyə, "Ankara Bürosu"

 

15:02