.“Turan Mübarizi” kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Türk xalqlarının Ümumdünya Konqresinin prezidenti, yazıçı, professor Yəhya Caniyarın Milli qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığından bəhs edən “Turan Mübarizi” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Milli Məclisin deputatı Fərəc Quliyev, əməkdar jurnalist, tanınmış yazıçı və publisist, filologiya üzrə fəlsəfə doktoru Fazil Abbasov, eyni zamanda universitetin müəllim və tələbələri iştirak ediblər. Öncə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev Mübariz İbrahimovun türk xalqlarının qəhrəmanlığını bütün dünyaya sübut etdiyini bildirib, onun həyatını işıqlandırmağın böyük şücaət olduğunu qeyd edib. Professor Ə.Əliyev professor Yəhya Caniyara  belə bir qəhrəmanlıq səlnaməsini ərsəyə gətirdiyi üçün təşəkkürünü bildirib.  M.İbrahimovun xalqımızın igidlik nümunəsi olduğunu söyləyən ADU-nun Pedaqoji (ingilis dili-alman dili) fakültəsinin dekanı, professor Fikrət Cahangirov onun timsalında xalqımızın məğlubedilməz qəhrəmanlığından söz açıb, ölümsüzlük fəlsəfəsinin əsasını qoyduğunu, öz ölümü ilə əbədi qəhrəmanlığa qovuşduğunu deyib. “Turan Mübarizi” kitabının oxucularda vətənpərvərlik hissinin möhkəmlənməsində, M.İbrahimov kimi ölməz qəhrəmanların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Professor Fikrət Cahangirov kitab haqqında məruzə ilə çıxış edib, ətraflı məlumat verib.

 Daha sonra çıxış edən Milli Məclisin deputatı Fərəc Quliyev tədbirin ərsəyə gəlməsinə görə universitet rəhbərliyinə təşəkkür edib, “Turan Mübarizi” kitabının dünya xalqlarına Azərbaycan xalqının vətənpərvərliyini, igidliyini sübut edəcəyini söyləyib. Eyni zamanda o, kitabın motivi əsasında filmlərin çəkiləcəyinə ümid etdiyini, dünya ictimaiyyətinə M.İbrahimovun həyatının daha yaxından tanıdılacağını deyib.  Digər çıxış edənlər də kitab haqqında təəssüratlarını bölüşüblər, müəllifi təbrik ediblər.
Tədbir çərçivəsində professor Y.Caniyarın həyatı haqqında ADU TV tərəfindən hazırlanmış sənədli film  nümayiş olunub.  Sonda professor Yəhya Caniyar universitet rəhbərliyinə tədbirin təşkil olunmasına görə dərin minnətdarlığını bildirib. “Turan Mübarizi” kitabının ərsəyə gəlməsində M. İbrahimov kimi vətənpərvərlik ruhunda böyüyən qəhrəmanlarımızın, həmçinin xalqımızın müxtəlif tarixi dövrlərdə üzləşdiyi faciələrin böyük rolu olduğunu söyləyib.

Xudaferin.eu

14:44