Təsəvvürlər ölkəsi Niderland

Niderland - bu ölkəni görməyən azərbaycanlılar üçün təsəvvürlər ölkəsidir: İnsan azadlıqlarının dünyada ən üstün bir səviyyədə təmin olunduğu bir ölkə sayılır. Bir sözlə, ölkənin nə qədər çirkabın içəridə məhv olması haqqında gerçəklər, bəzən də lətifələr belə dolaşsa Avropanın ən yaşamalı ölkələrindən birinə çevrilir. Səbəb? Bu səbəbi bilmək, dəqiq desək, Niderlandın əslində təsəvvürlərdəkindən fərqli ölkə olduğunu görmək üçün heç olmasa orda bir dəfə olmaq lazımdır...

Təyyarədən görünən tablo

Yəqin ki, səyahət edən hər kəs gedəcəyi ölkəni təyyarədən seyr etməyi sevir. Axı ilk təəssürat daha qüvvətli olur. Niderland haqqında təsəvvürlərim heç də başqalarından fərqlənmirdi. Bir də ümumi məlumatlarım vardı. Bilirdim ki, Niderland Krallığı Qərbi Avropa dövlətidir, Şimal dənizinin sahilində yerləşir, Almaniya və Belçika ilə həmsərhəddir. Paytaxtı Amsterdam, hökumətin iqamətgahı Haaqa şəhəridir. Niderland xüsusi statusa malik olan Aruba adası və Niderland Antil adaları ilə birlikdə Niderland Krallığını təşkil edir. Bu ərazilər arasındakı münasibətlər 1954-cü ildə qəbul edilmiş "Niderland Krallığının Statusu" adlı sənədlə tənzimlənir...
Təyyarədən görünən bu ölkə sanki bir sənət əsəri idi. Elə bil hansısa tabloda rəssamın əl işinə baxırsan. Ölkə başdan-başa yaşıllıqlarla əhatələnmiş xətlərdən ibarətdir. Sanki hansı ağacın harda bitəcəyini belə əvvəlcədən planlaşdırıblar. Bir sözlə, bu tablo işlənərkən xətkeşdən geniş istifadə olunub. 

Tarixi məkanlar diyarı

Amsterdam kiçik tarixi evləri, rahat yaşam tərzi, çoxmədəniyyətli və hərəkətli gecə həyatı olan bir şəhərdir. Bu ölkədə 178 ölkədən gəlmiş adamlar yaşayır. Əsasən Polşa, Bolqarıstan, Rumınya kimi AB ölkələrindən bura işləməyə gələnlər var. Şəhərdəki bütün binalar xırda, nazik kərpiclə tikilib. Kərpiclər o qədər sıx və səliqəlidir ki, adam bu evləri tikən ustaların səbrinə məəttəl qalır. Eyni sözü yollar haqqında da demək olar. Yalnız şosse yollar beton döşəmədən ibarətdir. Şəhərin bütün küçələri isə xırda daşlarla, kərpiclərlə döşənib. Bu küçələr daha çox bizim evlərdəki parket fiqurlara bənzəyir. Qırlanmış bir küçəyə belə rast gəlməzsən. Hollandlar bunu ekologiyayla əlaqələndirirlər. Torpaq nəfəs alsın deyə onu qırlamırlar, üzərinə daş düzürlər. Amsterdamda evlər belə bir-birinə uyğunlaşdırılıb, bir-birinin ahəngini qoruyur. Şəhərin mərkəzində Avropada məşhur olan “Coster Diamond” muzeyi var. Bu muzeydə dünyanın ən bahalı brilliantları satılır. Muzeyi gəzmək üçün gərək bank hesabında ən azı 2 min avro vəsaitin olsun. Halbuki bu muzeydə o qiymətə heç nə yoxdur. Məlumatlara görə, Azərbaycan hakimiyyətinin elitasının da bu muzeydə hissələri var.

Bir-birinə dolaşan kanallar

Venesiya dünyanın kanal şəhəri kimi tanınsa da, ən çox su kanalı olan şəhər Amsterdamdır. Şəhəri hörümçək toru kimi bürüyən 165 kanal var. Bir-birinə bağlanan kanallar vasitəsilə şəhərin hər tərəfinə getmək mümkündür. Adalararası gəmilər isə pulsuzdur. Bünövrəsi suyun icində və ya yaxınlığında olan 2500-dək ev var. Amma evlər elə tikilib ki, heç birində rütubət yoxdur. Kanalların üzərindəki körpülərin dəmirlərinə bağlanmış qıfıllar da diqqəti cəlb edir. Hər birinin də üzərində ürək şəkli, adlar, yaxud da həriflər. Bu da insanların inancı ilə bağlıdır. Adları yazılmış qıfılları burdan asan insanlara elə gəlir ki, onlar tezliklər sevdiklərinə qovuşacaqlar. 

İnsandan çox velosiped var

Amsterdam küçələrində avtomobillərə az rast gəlinir. Sosial durumuna görə Avropanın ən yaxşı ölkələrindən hesab olunan Hollandiyada ümumiyyətlə, Azərbaycanda gördüyümüz iri, bahalı maşınlar yoxdur. Varsa belə bu, diqqət çəkməyəcək qədərdir. Şəhərdə daha çox velosipedlərdən istifadə olunur. Elə Amsterdamın özəlliklərindən biri də budur. Bu şəhərədə velosipedlərin sayı insanların sayından şoxdur. Amsterdamda 810 min civarında adam yaşayır, ancaq velosipedlərin sayı 1 milyonu keçib. Velosiped sürmək üçün xüsusi yollar var. Şəhərin müxtəlif yerlərində velosiped dayanacaqlarına rast gəlinir. Ən böyük dayanacaq “Amsterdam central”dadır ki, burada 10 minə yaxın velosiped dayanır. Velosiped sahiblərinin öz əmlakını buradan necə tapa bildiyi hər bir turisti təəccübləndirir. Çünki dayanacaqda heç nömrə-filan yoxdur, bütün velosipedlər də bir-birinə bənzəyir. Bələdiyyə hər gün yanlış yerə bağlanmış velosipedləri toplayır, səhərisi gün isə həmin yerlərə təkrar velosiped bağlandığının şahidi olursan. Yaşından, cinsindən asılı olmayaraq hər kəs velosiped sürür. Arxasına uşaq oturacağı bağlanmış velosipedlər də çoxdur. Hətta velosiped sürən hamilə qadınlara da rast gəlinir.

Hər kəs bərabərhüquqludur

Hollandların məşhur sözü var: “Allah hollandları, hollandlar isə Hollandiyanı yaradıb”. Doğrudan da, belədir. Hollandiya sırf sosial ölkədir və burda hər kəsin haqqı tanınır. Ən öndə qadınların, itlərin və uşaqların hüququ qorunur. Qadına sillə vuran holland cəza alacağını yaxşı bilir. Gömrükdə kasıb ölkələrdən gələn vətəndaşlar daha çox yoxlanılır. Çünki ölkəyə saxta mal gətirilə biləcəyindən ehtiyatlanırlar. Bundan başqa, kasıb ölkələrdə yaşayan qadınlarla evlənən kişilər üçün də sənədləşmə işi çətinləşdirilib. Çünki çox halda bu qadınlar ölkə vətəndaşlığı aldıqdan sonra kişinin mal varlığına sahiblənirlər. Ümumiyyətlə, kişilərin azyaşlı alması qadağandır. Evlənənlər arasında ən çoxu 20-25 yaş fərq ola bilər. Bu qadağalar da məhz kasıb ölkələrə gedib evlənənləri sığortalamaq üçün nəzərdə tutulub. Amsterdamda dilənçiyə rast gəlinmir. Hökumət imkansız adamları xüsusi yerlərdə yedizdirib, saxlayır. İşsizlərin aldığı aylıq müavinət isə istehlak səbətini ödəyir. Buna görə də işsizlik problemi yaşayanların vəziyyəti o qədər də çətin deyil. Ümumilikdə hollandiyalılar vaxtlarını doğru bölə bilirlər. Axşam saat 7-8 arası bütün mağazalar qapanır. Baxmayaraq ki, günün o saatında əhalinin çox hissəsi işdən çıxır və hava işıqlı olur. İnsanların istirahət haqqı tanındığından belə edilir. Yəni, hər kəs gündüz çalışıb, gecə əylənmək haqqına sahibdir.

Marixuanalı şokoladlar

Hollanlar qəhvə içmək üzrə dünyada ön yerlərdən birini tuturlar. Statistikaya görə, bir amsterdamlı gündə 3-4 bardaq, ildə 140 litr qəhvə içir. Kafeinə çox meyllidirlər. Bu ölkədə narkotik maddə açıq satışdadır. Elə turistləri ölkəyə cəlb edən əsas xüsusiyyət də narkotika və fahişəliyin leqal olmasıdır. Mağazalarda təkcə marixuannın özü deyil, ondan hazırlanmış şokoladlara, konfetlər də satılır. Suvenirlərin böyük əksəriyyətinin üzərində marixuana rəsmi var. Üzərinə “cafe shop” yazılan yerlərdə ondan açıq istifadə olunur. Ən qəribəsi də odur ki, narkotikanın açıq satışı kriminal hadisələrin sayına təsir etməyib. Ölkədə kokainin də leqallaşması istiqamətində müzakirələr gedir. Parlamentarilər hesab edir ki, kokainin leqallaşması ondan istifadə edənlərin sayını dəqiqləşdirməyə kömək edəcək və iynə üçün müraciət edən şəxslərin reabilitasiyasına səbəb olacaq.

Qaynar gecə həyatı

Hollandiya adı gələndə daha çox cinsi azlıqları düşünən oxucuların nəzərinə çatdırım ki, onlar heç də küçədə dayanıb açıq-saçıqlıq etmirlər. Gündüzlər çalışıb, gecələr əylənən amsterdamlılar bütün bunlardan çox razıdırlar. İkinci Dünya Müharibəsinin məhv etdiyi ölkələrdən biri də Hollandiya olub və müharibə holland kişilərin sayını sürətlə azaldıb. Ancaq, bütün bunlara baxmayaraq, hökumət bu sosial problemlərin həlli istiqamətində xüsusi dövlət proqramını uzun illərdir həyata keçirmək siyasətini aparır. Bundan sonra evində kişisi olmayan qadınların pəncərəsində qırmızı işıq yanıb. Ənənə bu günə kimi davam edir. Ancaq nəsil artırmaq üçün deyil. Əsasən hava qaraldıqdan sonra küçədəki pəncərələrdə qırmızı işıqlar yanır. Özəlliklə turistlərin ən çox sevdikləri məkanlar qaynar gecə həyatıdır.

Müftə pendir yemək istəyirsizsə...

Hollandiya pendiri ilə də məşhurdur. Ümumiyyətlə, bu ölkədə kənd təsərrüfatı geniş inkişaf edib. Ancaq ölkə əhalisinin yalnız 18 faizi kənd təsərrüfatı ilə məşğuldur. Baxmayaraq ki, torpaqların icarə haqqı çox ucuzdur - ildə 80 avro. Bununla belə, ölkə əhalisi kənd təsərrüfatı məhsulları ilə tam təmin olunur. Amsterdamın mərkəzi küçələrində pendir mağazaları var. Bu mağazalarda çoxçeşidli pendirlər var; tərxunlu, kişniş toxumlu, qoyun, keçi, inək pendiri və s. Hər pendir növünün yanında da boşqaba doğranmış pendirlər qoyulur. İstənilən şəxs girib onların dadına baxa bilər. Pendirlərin çeşidi o qədər çoxdur ki, adam mağazadan doyub çıxır.

İnzibati şəhər - Haaqada

Ölkənin digər iri şəhəri Rotterdam isə daha çox Nyu-Yorka bənzəyir.  Şəhərin vağzalı yeni qurulub və Avropada ən böyük vağzallardan biri hesab olunur. Vağzalın düz yaxınlığında Nyu-Yorkda partladılmış göydələnlərin şərəfinə eynilə həmin göydələnlərdən ucaldılıb. Amsterdamdan fərqli olaraq, Rotterdam başdan-başa göydələnlərlə əhatə olunub. Şəhərlərarası sürət qatarları ikimərtəbəli, olduqca rahat və səliqəlidir. Qatarların hamısında “WIFI” var. Sürət qatarı ilə 70 km-lik yolu 20-25 dəqiqəyə getmək mümkündür. Yolboyu kiçik göllər, kəndlər var. Hər tərəf o qədər səliqəlidir ki, küçələrdə, arxların kənarında bir kağız parçasına belə rast gəlinmir. Yalnız Amsterdama turistlər çox gəldiyindən kücədə siqaret kötüklərini görmək olur. Bu təmizliyin bir səbəbi də gecələr küçələrin şampunla yuyulmasıdır. Yerə saqqız atılmaması üçün zibil qablarının üzərində buna dair yazı lövhələri də var. Haaqa isə sülh və hüquq şəhəri kimi tanınır və hökumət bu şəhərdə yerləşir. Şəhərdə qədim binalarla yanaşı yeni binalar da var. Tramvaylar binaların altından keçir. Ancaq o qədər səssiz hərəkət edirlər ki, nə sakinlər narahat olur, nə də bina silkələnir.

 

Şəhərdə atlarda dolaşan polislər arasında qızlar da var

Ölkəni idarə edən baş nazirin kabineti ilə parlament bir əsrdən çox yaşı olan binada yerləşir. Binaları əhatə edən ümumi ərazidə insanların oturub dincəlməsi üçün skamyalar qoyulub, fantan quraşdırılıb. Ölkənin baş naziri də işə velosipedlə gəlir və bəzən də dayanıb insanlarla söhbət edir, dondurma alır. Bir sözlə, sadə xalqla yaxından təmasda olduğundan onların problemlərini də yaxşı bilir. Bütün bunları görəndən sonra istər-istəməz öz ölkəni, ölkəni idarə edən qurumlar və qanunlar haqqında düşünürsən. Və bir daha əmin olursan, qanunların işlədiyi, hakimiyyətin xalqla təmasda olduğu ölkələri nə narkomaniya, nə də fahişəlik dağıda bilər. Elə əsl demokratiya da budur...

Aynur Elgünəş

 

11:40