Trump brendi Azərbaycanı birdəfəlik tərk etdi

Yanvarın 16-da «Trump International Hotel&Tower» lövhəsi Bakıdakı otelin üzərindən sökülüb. Hələ bir ay öncə ABŞ prezidenti seçilən Trump elan etmişdi ki, andiçmə mərasiminə qədər maraqların toqquşması riski yaradan layihələrə son verəcək. “Trump Organisation”ın icraçı vitse prezidenti və baş konsulu Alan Garten Azərbaycandan başqa, Braziliya və Gürcüstandakı lisenziyaların ləğvini maraqlar toqquşması riskindən daha çox şirkətdəki “təmizləmə” işləri ilə əlaqələndirmişdi. O, bildirmişdi ki, lisenziya razılaşmanın şərtlərinə əməl edilmədiyinə görə ləğv olunub.

Donald Trump-ın andiçmə mərasimi yanvarın 20-də olacaq

İstər prezidentlik kampaniyası dövründə, istərsə də sonradan qərb mediası Trump və onun Azərbaycanlı ortağı Anar Məmmədov haqda xeyli məqalələr dərc edib. «The Washington Post» qəzeti yazırdı ki, neft ölkəsi olan Azərbaycanda Trump 35 yaşlı milyarder Anar Məmmədovla tərəfdaşlıq edib və bu əməkdaşlığından il yarımda azı 2.5 milyon dollar qazanıb.
İqtisadçı Zöhrab İsmayıl düşünür ki, bu əməkdaşlıq anlaşmasında əsas maraq hər iki tərəfin pul qazanması olub. O hesab edir ki, Azərbaycanlı nazir oğlunun Donald Trumpla əməkdaşlıqda başqa maraqları da olub: “Pul qazanmaqdan başqa həm də ABŞ-ın elitası, siyasətçiləri ilə əlaqələr qurmaq və Azərbaycan hökumətinin maraqlarını təmin etmək də əsas məqsədlərdən biri olub”.
Anar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun oğludur. O, adını ZQAN-dan Garant-a dəyişən holdinqə rəhbərlik edir. Bakıdakı Trump hotelini də Garant Holding tikdirib. Anar Məmmədov həm də Azərbaycan- Amerika Alyansının təsisçisidir. Alyans dörd ildə Vaşinqtonda qala yeməklərlə birlikdə lobbiçilik işlərinə azı 12 milyon dollar pul xərcləyib.

Azadliq.info

12:06