“Tərəqqi” medallı ermənipərəstə Dövlət Komitəsindən dəstək: “Biz prokurorluq deyilik ki...”

 

Xəbər verildiyi kimi Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanın dəvəti ilə 24 apreldə qondarma erməni soyqırımı ilə bağlı keçirilən anım mərasiminə qatılıb. R.Tağıyevlə birgə tədbirdə Ukrayna xalq artisti adını almış azərbaycanlı Qurban Abbasovun da iştirak etdiyi bildirilir. Azərbaycanlıları təmsil edən Rövşən Tağıyev qondarma erməni soyqırımı ilə bağlı keçirilən anım mərasimində iştirakına görə qınanılıb. Həddindən artıq tənqid atəşinə tutulan Rövşən Tağıyev ümumilikdə ictimaiyyətin qınağına çevrilib.

Qeyd edək ki, dəfələrlə R.Tağıyevin ermənilərlə birgə müəyyən tədbirlərdən fotoları mətbuatda yayılıb və buna görə də Ukraynada yaşayan azərbaycanlıların sərt tənqidinə tuş gəlib. Bildirilir ki, o, Aşot Avanesyanla yaxından dostdur. Zaman-zaman ermənilərin təşkil etdiyi bu tip tədbirlərə qatılır. Hər hansı olay baş verəndə isə dostu Aşot Avanesyan tərəfindən müdafiə olunur. Qınaq obyektinə çevrilən Rövşən Tağıyev çox keçmədən məsələ ilə bağlı bütün KİV-lərə müraciət ünvanlayıb. Onun sözlərinə görə, barəsində heç bir əsası olmayan, yalan və qərəzli materialların hazırlanmasını özünə və ailəsinə qarşı təxribat hesab edir: “Ümumiyyətlə, son vaxtlar Azərbaycanın bəzi media orqanlarında Ukraynadakı Azərbaycan diasporunun tanınmış nümayəndələrinə qarşı sifarişli şər və böhtan kampaniyası aparılır. Bu yazılar Azərbaycanın vətənpərvər oğullarını gözdən salmaq məqsədi daşıyır. "Qara piar" məhz erməni vandalizminə qarşı ciddi mübarizə aparan, xüsusilə də, hər il Xocalı soyqırımı zamanı Ermənistan səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarında fəal iştirak edən vətənpərvər soydaşlarımıza qarşı qurulub”.

O, haqqında yayılan informasiyalara münasibətində bildirib ki, saytlar 2016-ci il sentyabr ayının 23-də Kiyev şəhərində Rom və Yəhudi xalqlarının soyqırımı günü ilə bağlı Ukraynada fəaliyyət göstərən azsaylı xalqların iştirak etdiyi tədbirdən çəkilmiş fotoları Azərbaycan oxucusuna yanlış təqdim ediblər: "Guya mən və Qurban Abbasov bu il aprelin 24-də ermənilərin qondarma soyqırımı ilə bağlı tədbirdə iştirak etmişik vəfotolar da həmin tədbirdəndir. Bu, birbaşa Azərbaycan ictimaiyyətində bizə və ailəmizə qarşı nifrət hissi yaratmaqla, şərəf və ləyaqətimizi alçaltmaqdır. Artıq bu cür yalan, təxribat xarakterli məlumatların sifarişçiləri, onu yayanlar bütün sərhədləri aşıblar. Mən bu saytların haqqımızda ermənipərəst imic yaratmasını birmənalı olaraq özümüzə, ailəmizə, ölkəmizə və ata-baba yurdumuz Naxçıvanın adına qara ləkə kimi qiymətləndirirəm. Son 3-4 ayda Azərbaycan mediasında mənimlə bağlı aparılan kampaniyaya əhəmiyyət vermirəm. Bu həm mənə, həm də Qurban Məmmədovun nüfuzuna xələl gətirir”.

Müraciətin sonunda Rövşən Tağıyev məsələ ilə bağlı artıq Ukraynanın və Azərbaycanın müvafiq orqanlarına müraciət etdiyini açıqlayıb. Hər halda R. Tağılyevin belə bir açıqlama verməsi normaldır. Şəxs özünü müəyyən mənada müdafiə etməli və vəziyyətdən çıxış yolu tapmalıdır. Xatırladaq ki, Rövşən Tağıyev 2016-cı ildə Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib, bu il isə Avropa Azərbaycanlıları Konqresinin (AAK) vitse-prezidenti seçilib. Bu mənada R.Tağıyevin qondarma erməni soyqırımı ilə bağlı təşkil etdiyi mərasimə qatılması birbaşa Azərbaycan diasporunun imicinə zərbə vurur. Buna görə də Diasporla İş üzrə Dövlət Komitəsi məsələni araşdırmalı və təsir imkanlarından istifadə etməlidir. Maraqlıdır, Diasporla İş üzrə Dövlət Komitəsi Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin rəhbərinin sözügedən tədbirdə iştirak edib-etməməsini araşdırırmı?
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Esmira Xəlilovanın “Cümhuriyət” qəzetinə cavabı isə belə olub: “Mən şöbədən öyrənərəm. Görək, ümumiyyətlə, bizdə bununla bağlı araşdırmalara başlanılıbmı? Biz prokurorluq və digər orqanlar deyilik ki...” deyə bildirib. Mətbuat katibi şöbədən öyrənməli olduğu məsələ barədə isə zənglərimizi cavabsız qoyub.

Alçina Amilqızı

 

17:31