Tramp və Putin terrorizmə qarşı mübarizədə əməkdaşlıq haqda razılaşıb

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında şənbə günü telefon söhbəti zamanı iki lider İŞİD qrupunun məğlub edilməsi, eləcə də Suriyada və dünyanın başqa yerlərində sülhə nail olunması istiqamətində birgə işləmək haqda razılıq əldə edib. 

Bu, Trampın yanvarın 20-də inaqurasiyasından sonra iki ölkənin lideri arasında ilk telefon söhbətidir. Ağ Ev bir saat sürən söhbətin müsbət tonda keçdiyini və bunun son aylar Vaşinqton və Moskva arasında gərginləşən münasibətlərin yaxşılaşdırılması istiqamətində mühüm bir başlangıc olduğunu bildirib.
"Həm prezident Tramp, həm də prezident Putin bugünkü telefon söhbətindən sonra tərəflərin terrorizm və birgə narahatlıq doğuran məsələlərin həllinə tez zamanda keçə biləcəyinə ümid edir"-Ağ Ev rəsmiləri bildirib. Kremlin açıqladığı bəyanatın tonu Ağ Evin mesajına yaxın olub.

Sanksiyalar

Cümə günü Britaniyanın Baş naziri Tereza Meylə görüşü zamanı Tramp Moskvaya qarşı sanksiyaların aradan qaldırılması məsələsini nəzərdən keçirmək üçün hələ tez olduğunu deyib. Rusiyanın Ukrayna ərazisi olan Krımı işğal etməsindən sonra keçmiş prezident Barak Obama tərəfindən tətbiq edilmiş sanksiyalar nəticəsində maliyyə və texnologiya sahəsində transferlər, habelə Rusiya rəsmilərinin ABŞ-a səfərlərinə qadağa qoyulub. Trampın Rusiya prezidenti ilə Ağ Evin Oval ofisində telefon söhbəti zamanı vitse-prezident Mayk Pens, milli təhlükəsizlik məsələləri üzrə müşavir Mayk Flinn, Ağ Evin aparatının rəhbəri Reyns Pribus, baş strateq Stiv Bannon və mətbuat katibi Şon Spayser orada olublar. Kremlin telefon söhbətindən sonra verdiyi bəyanatda iki liderin "terrorizmə qarşı mübarizə, Yaxın Şərqdə vəziyyət, Ərəb-İsrail münaqişəsi, strateji sabitlik və nüvə silahlarının yayılması, İranın nüvə proqramı ətrafında və Koreya yarımda vəziyyət kimi" bir sıra beynəlxalq məsələləri müzakirə etdiyi bildirilib.

Ukrayna münaqişəsi

Moskvanın bəyanatında həmçinin "Ukrayna böhranının əsas akspektlərinə toxunulduğu" qeyd edilib və "bu və başqa sahələrdə tərəfdaşlığın yaradılması haqda razılıq əldə edildiyi" əlavə edilib. Putinlə danışıqlardan əvvəl Tramp Almaniya kansleri Angela Merkellə NATO, Yaxın Şərqdə və Şimali Afrikada vəziyyət, Rusiya və Ukraynanın şərqində durumu telefon söhbəti zamanı müzakirə edib. Hər iki hökumət tərəfindən razılaşdırılmış birgə bəyanatda Merkel və Tramp Şimali Atlantik alyansın əhəmiyyətini vurğulayıb və terrorizmə qarşı daha yaxından işləməyə söz verib. ABŞ prezidenti Angela Merkelin iyul ayında Almaniyanın Hamburq şəhərində Böyük İyirmilərin zirvə görüşündə iştirak etmək üçün dəvətini qəbul edib və Merkellə yaxın zamanda Vaşinqtonda görüşəcəyini gözlədiyini deyib.

Amerikaninsesi.org

11:12