Tramp dönəmində ABŞ-Azərbaycan münasibətləri necə olacaq?

Respublikaçı Donald Trampın Amerika prezidenti seçiləndən sonra verdiyi qərarlar dünyada heç də birmənalı qarşılanmır. Müsəlmanların Amerikaya girişinə qadağa qoyan Trampa qarşı etiraz elə Amerika, Böyük Brtitaniya və Kanadadan oldu. İngilislər 300 min nəfərin imzası ilə təsdiq etdikləri petisiya ilə Trampın Böyük Britaniyaya gəlməsini istəmədilər. Kanada hökuməti isə müsəlman qaçqınların Kanadada yaşamasına icazə verdi. Trampın Meksika hökuməti ilə də xoş olmayan münasibətləri yaranıb. Çünki Tramp Meksika ilə sərhəddə 3200 km divarın çəkilməsi xərcini Meksikanın üzərinə atmağa çalışır, əks təqdirdə isə Meksikanı idxal olunan mallara 20 faiz vergi qoyacağı ilə hədələyir. Trampın Çin siyasəti də dunyanın diqqət mərkəzindədir. Amerikanın “Vahid Çin” siyasətinin əksinə olaraq, Trampın Çinlə münasibətlərində də gərginlik yaşanır. Çindən idxal olunan məhsullara gömrük vergisini 35 faizə qaldırmaq niyyəti hər iki ölkənin münasibətlərinə mənfi təsir göstərir. Amerikalı milyarder Corc Soros Davosdakı çıxışında qeyd edib ki, prezident Tramp Çinlə ticarət müharibəsi açacaq. Trampın Cənubi Qafqaz, eləcə də Azərbycanla bağlı siyasətinin isə konturlarını hələ ki, görmək mümkün deyil. Tramp hələ öz ölkəsinin maraqları üçün vacib olan qərarlar verməklə məşğuldur. Əslində, Cənubi Qafqazın, əsas da Azərbaycanın problemi olan Qarabağ münaqişəsinin həll edilməsində Amerikanın ATƏT-in Minsk qrupunun həmsədri olması ABŞ-ın yeni prezidentindən nələrisə gözləməyə əsas verir. Amma Tramp dönəmində Qarabağ münaqişəsinin həll edilməsi də sual altındadır. Çünki ABŞ Obama dönəmində bu problemin həll edilməsi istiqamətində addım atmadı. Demək olar ki, Amerikanın Azərbaycanla bağlı ciddi siyasi maraqları yoxdur. Ancaq müəyyən mənada iqtisadi maraqları var. Regionda həm siyasi, həm də iqtisadi ciddi maraqları olan Rusiyadır ki, o da bu problemin həll edilməsində maraqlı deyil.

Mövzu ilə bağlı politoloq Hikmət Hacızadə Hurriyyet.org-a bildirdi ki, Tramp dönəmində ABŞ-Azərbaycan münasibətləri həmişəki səviyyədə olacaq: “Hər halda, ondan aşağı olmaz. “Xüsusi imtiyazlar gözləmirəm. Kimsə gözləyirsə, Qarabağ məsələsində Tramp bizə kömək edəcək, o, nahaq yerə elə fikirləşir. Çünki ümumilkdə Qarabağ məsələsi Amerika üçün o qədər də prioritet məsələ deyil. Tramp Rusiya ilə toqquşsa və Amerika Rusiyanı sakitləşdirsə, əlbəttə, onda bu, bizim üçün yaxşı olardı. Rusiya zəifləyər, Ermənistanla özümüz bacararıq. Yəni belə bir variant da var”.
Politoloq vurğuladı ki, Trampın regiona və Cənubi Qafqaza baxışı dəyişmir: “Hələ ki, Amerika üçün Qafqazdakı, yəni Azərbaycan-Ermənistan cəbhəsindəki vəziyyət prioritet deyil. O, regiondan üz döndərməyəcək. Hansısa enerji və digər layihələr həyata keçiriləcək, əməkdaşlıq olacaq. Amma Qarabağ məsələsində bilavasitə bizim tərəfimizə keçmək, onu gözləmirəm. Onun təsiri, köməyi o halda olar ki, o, Rusiya imperializmini durdursun. Bu, bizim üçün əsl yardım olar. Amerikanın Rusyanı ram etmək üçün gücü çatır. Amma heç kəs vuruşmaq istəmir. Gərək, xeyli pul xərcləyəsən, bir az itkilər ola. Onu Obama da etmədi. İndi bilmirik, bu edəcək-etməyəcək”.
İqtisadçı Vüqar Bayramov isə bildirdi ki, Tramp seçkiqabağı verdiyi vədlərə əməl etməyə çalışdı: “Öncədən bəlli idi ki, Tramp seçkiqabağı verdiyi vədlərin heç də hamısını reallaşdırma imkanına malik olmayacaq. Doğrudur, Tramp prezident seçiləndən sonra Yaxın Şərqi təmsil edən bir sıra ölkələrə qarşı, eləcə də İran vətəndaşlarına 90 günlük viza tətbiq olundu. Eyni zamanda ABŞ ilə Meksika arasında divarın çəkilməsi məsələsi gündəmə gəldi. Amma bundan belə güman olunmur ki, Tramp Çin və Meksika istisna olmaqla, digər ölkələrə qarşı ciddi radikal addımlar atsın. O baxımdan, Azərbaycan-Amerika münasibətlərinə diqqət yetirsək, iqtisadi münasibətlərdə hər hansı problem olmayacaq. Əvvəlki dövrlərdə Azərbaycan hökuməti ilə Amerika arasında münasibətlərə diqqət yetirsək, əksər hallarda Azərbaycan hökuməti ilə respublikaçılar arasında, yəni respublikaçılar hakimiyyətdə oduğu vaxtlarda daha isti münasibətlər olub. Bu münasibətlər də qorunub saxlanıb. O baxımdan, Tramp dönəmində Azərbaycanla Amerika arasındakı münasibətlərin inkişaf etmək ehtimalı yüksəkdir. Çünki Tramp respublikaçıdır. Azərbaycan neft ölkəsidir. Respublikaçıların biznes maraqlarını nəzər alsaq, neft ökələri ilə, xüsusən də Azərbaycan kimi balanslı siyasətə malik olan neft ölkələri ilə münasibələrin yaxşılaşmasında və mövcud münasibətlərin qorunub saxlanmasında maraqları olacaq. O baxımdan, güman olunur ki, iqtisadi münasibətlərdə hər hansı bir çətinlik olmayacaq. Tramp dövrü bir sıra ölkələr üçün, o cümlədən Meksika və Çin kimi ölkələrə arzuolunan iqtisadi münasibətləri vəd etməsə də, Azərbaycanla iqtisadi münasibətlərin mövcud səviyyəsinin qorunub saxlanılacağı gözlənilir”.
İqtisadçı vurğuladı ki, Cənubi Qafqazla bağlı kəskin dəyişikliklər gözlənilmir: “Trampın açıqlamalarında daha çox aparıcı ölkələr və aparıcı beynəlxalq təşkilatlar ilə münasibətlərin dəyişəcəyi vəd olunur. O baxımdan, Azərbaycan və digər Cənubi Qafqaz ölkələri ilə bağlı münasibətlərdə hər hansı kəskin və ya radikal dəyişikliklərin olacağı proqnozlaşdırılmır”.
V. Byramov nəzərə çatdırdı ki, Amerika Azərbaycandan neft almır: “Amerikanın Azərbaycana münasibəti heç də enerji idxalı kontekstindən deyil. Amerika müttəfiqlərinin enerji ilə təminatında Azərbaycana müttəfiq kimi yanaşır. Avropanın enerjiyə olan asılılığının aradan qaldırılmasında Azərbaycanın rolu baxımından müttəfiqdir. O baxımdan, ABŞ-ın enerji idxalında Azərbaycanın payı cüzidir. Azərbaycan ABŞ-ın enerjiyə olan tələbatını ödəyən ölkələr sırasında deyil. Azərbaycan əsas neftini Avropa və İtaliya bazarına çıxarır”.

Şamo Emin
Hurriyyet.org

11:36