“TORPAQLA BARBAR KİMİ DAVRANIRLAR”

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov: “Torpağa istehsal vasitəsi kimi yox, biznes sahəsi kimi baxırlar”

“Ona görə də torpaqların zəbt olunması, qanunsuz alışı-satışı, tikintisi, təyinatsız istifadəsi geniş yayılıb”

Hurriyyet.org-da dərc olunan “Dələduz kimdir? Baş notarius Rəşadət Sadıqov, yoxsa onun yeznəsi…” başlıqlı yazıda Nərimanov rayonu 9 saylı notarial kontorun xüsusi notariusunun qanunsuz əməllərindən bəhs etmişdik. Yazıda xüsusi notariusun yeznəsi vasitəsilə Ramanada 5, Binədə 100 hektar torpaq sahəsini satdırması prosesində aldadılan şəxslərdən birinin redaksiyamızın əməkdaşına danışdıqları yer almışdı. Deyilənlərdən belə anlaşılır ki, hansı mülkiyyət formasına aid olduğu bilinməyən bu torpaq sahələrinin satılaraq özəlləşdirilməsi məqsədi olub. Bunun üçün isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə 5 hektar torpaq sahəsinə görə yarım milyon rüşvət ödənməsindən söhbət gedir. Əməkdaşımız R.Sadıqovla söhbət edərkən xüsusi notarius bu torpaq sahəsinin ona məxsus olduğunu təsdiqləməsə də, yeznəsinin həmin torpaq sahələrinin makleri olduğunu etiraf eləyib.

Prezident də səsləndi, faydası olmadı

Belə faktlarla addımbaşı rastlaşırıq. Hətta prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının yekunlarına həsr olunan iclasında bildirdi ki, 200 min hektardan çox zəbt edilmiş istifadəsiz torpaq sahəsi geri qaytarılıb. Məlum olub ki, qanunsuz icarə müqavilələri bağlanılıb. Prezident göstəriş verdi ki, o torpaqlar əkib-becərməyənlərin əlindən alınacaq. Əmanət kimi saxlayıb qiyməti qalxandan sonra satmasına, bölməsinə, yaxud tikinti aparmasına yol verilməyəcək. Qanunsuz zəbt edilmiş torpaqlar dövlət fonduna qaytarılacaq. Baxmayaraq ki, bu mövzu ölkə başçısının da dilindən səslənir, amma yenə də torpağı zəbt edib, ata-baba malı kimi satanlar öz işindədir. Necə deyərlər, dəyirman bildiyin eləyir...

“Azərbaycanda qeydə alınmayan xeyli torpaq sahəsi var”

Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə tanınan yeganə mütəxəssis Vahid Məhərrəmovla danışdıq. Vahid Məhərrəmov bildirdi ki, Azərbaycanda torpaqla bağlı qəbul edilən qanun və qaydalarda boşluqların olması üzündən bu sahədə ciddi özbaşınalıqlara rast gəlinir. Kənd təsərrüfatının inkişafında isə başlıca rol oynayan amil torpaq olduğuna görə, bu sahədə qayda-qanunların tənzimlənməsinə və icrasına ciddi şəkildə ehtiyac var: “Azərbaycanda xeyli qeydə alınmamış, eyni zamanda mənimsənmiş torpaq əraziləri var. Çox təəssüf ki, bu sahələrin də əksəriyyəti kənd təsərrüfatı təyinatlıdır. Ümumiyyətlə, Azərbaycanda torpaqla bağlı məsələlər mürəkkəbdir, qanunda da tam aydın şəkildə qaydalar müəyyənləşdirilməyib. Hansı torpaqlar tikinti üçün istifadə olunar, hansı torpaqları satdıqdan sonra digər məqsədlər üçün istifadə olunmaz, bütün bunlar qanunda öz əksini tapmayıb. Qanunda olan bu boşluqlardan da istifadə eləyirlər”.

“Nazirlər Kabinetinin qərarı olmadan torpağın təyinatı dəyişə bilməz”

Mütəxəssis bildirdi ki, kənd təsərrüfatı təyinatlı torpaqlar ya icarəyə götürülə bilər, yaxud da bir müddət sonra hərrac yolu ilə o torpaq alınar: “Torpaq alqı-satqısını və icarəsini həyata keçirən orqan Əmlak Komitəsidir. Əgər torpaq kənd təsərrüfatı təyinatlıdırsa və əkin üçün nəzərdə tutulursa, onun hissələr üzrə bölünüb satılması qanuna ziddir. Təyinatı dəyişmək üçün gərək Nazirlər Kabineti xüsusi qərar qəbul edə. Bu qərar da o vaxt verilir ki, kimsə bitkiçiliklə məşğul olmaq istəyir, amma torpaq heyvandarlıq üçün istifadə olunur, o torpağın təyinatı dəyişdirilə bilər. Çox nadir halda o torpaqdan fərdi ev tikintisinə qanunla icazə verilir. Yəni rəsmi sərəncamın verilməsi üçün əsas olmalıdır. Əsas təqdim olunur Nazirlər Kabinetinə, baxılır, münasibdirsə, sərəncam verilir. Prosedur belədir. Kimsə pay torpağı alıbsa və pay torpağını kiməsə satırsa, yaxud o bu sahəni özəlləşdirmə hüququ əldə edirsə, bunun üçün yalnız Nazirlər Kabinetinin qərarı olmalıdır”.

1,6 mln. xüsusi mülkiyyət, 2 mln. bələdiyyə, qalan hektarlar dövlətindir

Torpaqla bağlı 3 mülkiyyət formasının – dövlət, bələdiyyə və xüsusi torpaq sahələrinin olduğunu deyən mütəxəssisin sözlərinə görə, sahibkarlara verilmiş pay torpaqları və icarəyə verilən o torpaqlardır ki, vaxtilə kolxoz, sovxozların balansında əkin sahələri, biçənəklər və örüş sahələri olub: “Onları da icarəyə götürəndə yalnız bu məqsədlər üçün istifadə olunmalıdır. Tikinti üçün istifadə olunan torpaqlar ya bələdiyyənin, ya da dövlətin balansında olur. Xüsusi mülkiyyətdə olan pay torpaqları hazırda 1,6 milyon hektardır ki, bundan da 870 min ailəyə pay torpağı verilib, 2 milyon hektara yaxın sahə bələdiyyənin, qalan torpaq sahələri isə dövlətindir”.
Vahid Məhərrəmov dedi ki, sahibkar xüsusi mülkiyyətdə olan torpağın satışını, bağışlanmasını notairius vasitəsilə həyata keçirə bilir. Bələdiyyə və dövlət torpaqlarının satışı, yaxud üzərində hər hansı tədbirin görülməsilə Dövlət Əmlak Komitəsi məşğul olur: “Əlbəttə, 5 hektar da kiçik sahə deyil. Bu böyüklükdə ərazini vətəndaş necə ala bilir? Deməli, dövlət qurumları ilə əvvəlcədən razılaşdırılma olub. Əgər icarəyə götürüblərsə və bir hissəsini də satmaq istəyirlərsə, bu hər halda, ya dövlətin, ya da bələdiyyənin kənd təsərrüfat təyinatlı torpağıdır”.

“Qanunda xüsusi mülkiyyətdə olan pay torpağını geri alma mexanizmi yoxdur”

Torpaqla bağlı qanunda digər bir boşluğun olduğunu deyən mütəxəssis bildirdi ki, xüsusi mülkiyyətdə olan pay torpağını geri alma mexanizmi qanunda nəzərdə tutulmayıb: “Bələdiyyə və dövlət torpağı müqavilə əsasında verildiyindən müqavilə şərtləri pozulduqda, o torpağı alıb başqa şəxsə vermək mexanizmi var, amma xüsusi mülkiyyət üçün yoxdur. Konstitusiyaya son dəyişiklik ediləndə referendum zamanı bu barədə məsələlər təkliflərdə də var idi, amma hələ ki, praktiki olaraq bir addım atılmayıb. Bununla bağlı yeni qanun qəbul edilə, yaxud müəyyən tədbirlər həyata keçirmək üçün qaydalarda dəyişikliklər oluna bilər”.

Pay torpaqları ölkənin ərzaq təminatı üçün ən vacib sahələridir, amma...

Vahid Məhərrəmov onu da xüsusi olaraq vurğuladı ki, 1,6 milyon hektar xüsusi mülkiyyətdə sahə ölkənin ərzaq təminatı ilə təmin olunmasında ən vacib sahədir və bu əkin sahələrinin müəyyən qisminin boş qalması kənd təsərrüfatına ciddi zərbədir: “Əgər bu torpaqlardan kim ağlına necə gəlir o cür istifadə edəcəksə, o torpaqların münbitliyi ilə, bərpası ilə məşğul olmayacaqsa, əlbəttə, dövlət müəyyən addımlar atmalıdır. Amma hələ ki, bu istiqamətdə bir iş görə bilmirlər”.

“Torpaqlarımız alver predmetinə çevrilib”

Vahid Məhhərrmov onu da təəssüflə vurğuladı ki, Azərbaycanda yetkililər torpağa istehsal vasitəsi yox, biznes sahəsi kimi baxırlar: “Ona görə də torpaqların zəbt olunması, qeyri-qanuni alışı-satışı, təyinatı üzrə istifadə olunamaması, qanunsuz tikinti aparılması geniş yayılıb. Təəssüf ki, yalnız bizim ölkədə bu cür hallar var. Bu yaxınlarda mən Estoniyada Avropa İttifaqının aqrar sahə ilə bağlı bir tədbirinə qatılmışdım. Tədbiri diqqətlə dinləyirdim. Başqa ölkələrdə torpağın mənimsənilməsi hallarına nadir hallarda rast gəlinir. Qayda-qanun olan ölkədə niyə kiminsə torpağı zəbt olunsun? Ehtiyacı varsa, rəsmi müraciət edir və onun müraciətinə baxılır və müraciəti nəzərə alınır. Bizdə qanun işləmir, yerli icra orqanları da torpaq satışı ilə məşğul olur. Onlara da belə dələduzlar lazımdır ki, 5,10, 20 hektar ərazini əldə eləyib hissə-hissə satıb, hər iki tərəf gəlir götürsün. Ona görə də torpaqlarımız sıradan çıxır, torpağın əsas funksiyası kənd təsərrüfatı məhsulu istehsalıdır, təəssüf ki, torpaqlarımız alver predmetinə çevrilib”.

Az sahədən çox məhsul götürmək əvəzinə...

“Əhali sayına görə, adambaşına düşən torpaq sahəsi yetərlidirmi” sualına mütəxəssis belə cavab verdi ki, Azərbaycanda Qarabağ torpaqları işğal olunanadan sonra əhali sayına görə normal fəaliyyət üçün torpaq sahələrimiz azdır: “Gərək belə olan halda biz az sayda torpaq sahəsinə görə məhsuldarlığı artıraq. Amma bizdə əksinədir. Rəsmi şəkildə çıxıb elan edirlər ki, əkin sahəsini genişləndirmək hesabına məhsuldarlıq artırılır. Bu, səriştəsizlikdir. Bizim 1 milyona yaxın qaçqın-köçkünümüz var. Onlar yaşadıqları ərazidə heyvandarlıq, əkinçilik, bitkiçiliklə məşğul olurdular. İndi də onlar əsasən heyvandarlıqla məşğul olurlar və heyvanların baş sayını artırırlar. Buna isə örüş sahələri çatmır ki, heyvanlar normal qidalansın. Bütün bunlar da çox ciddi problemlərə gətirib çıxarır. Əkin sahələrindən də səmərərli istifadə edilmir, torpaq təyinatı üzrə istifadə olunmur, məhsuldarlıq aşağıdı düşir, torpağın münbitliyi bərpa edilmir, erroziya geniş yayılıb, deqradasiya prosesi gedir”.

“Torpaq problemimizlə kompleks şəkildə, ciddi məşğul olunmalıdır”

Vahid Məhərrəmov həmişə olduğu kimi bir daha vurğuladı ki, torpaqla bağlı problemmimiz ciddi şəkildə həllini tapmalıdır: “Deyəndə ki, hökumət kənd təsərrüfatı ilə kompleks şəkildə, ciddi məşğul olunmalıdır. Bunlar anlaya bilmirlər söhbət nədən gedir. Bizdə əhali sayı sürətlə artır, bu, ərzaq təhlükəsizliyi, xüsusən adambaşına düşən norma, torpaq resursumuz nəzərə alınmalıdır. Nə qədər torpaq ərazimiz var, nə qədər suvarılandı, məhsuldarlığı nə qədər artıra bilərik, hansı şəraitdə nə qədər örüş sahələrində nə qədər iri buynuzlu, nə qədər xırda buynuzlu mal-qara saxlaya bilərik, bütün bunlar hesablanmalıdı”.

Çıxış yolu tapa bilmirlər...

Mütəxəssisin fikrincə, torpağımız ona görə məhsuldar deyil ki, heyvanların baş sayı çoxdur, örüş sahələri vaxtlı-vaxtında suvarılmır, toxumla təmin edilmir, növbəli otarılma təşkil olunmur, yemləmə işləri aparılmır: “Bunlar torpaqla barbar kimi davranırlar. Sanki nə bacarırlar özləri üçün götürüb gedəcəklər, bu da dediyim kimi, ətraf mühitə, istehsala çox ciddi təsir edir. Ona görə də ümumlikdə ərzaq təminatımızın heç yarısı ödənmir. Əksər kənd təsərrüfatı məhsullarında idxaldan asılıyıq. Problem ondan ibarətdir ki, hökumət bu məsələlərə rasional yanaşa, nə edə, hansı nəticə əldə edcəyini bilmir. Bu qədər ciddi problemlərdən onların çıxış yolu yoxdur, çünki qeyri-peşəkardırlar. Çalışırlar ki, idxaldan nəsə əldə eləsinlər, örüş sahələrini kiminsə əlindən alıb əkinə verirlər, əlbəttə, məqsdələri özləri üçün qazanmaqdır. Örüş sahələri onsuz da azdır, kifayət eləmir. Bir tərəfdən də bu əkinə ayrılandan və əkin sahələrindən səmərəli istifadə olunmayandan sonra torpaqların tənəzzülü bir az da artır. Örüş sahələri xam torpaqdı, ola bilsin, ilkin istifadədə bol məhsul verdi, amma növbəti ildə məhsuldarlıq kəskin şəkildə aşağı düşəcək və bərpa etmək mümkün olmayacaq. Torpağa üzvi maddə verilmir, mineral gübrə çox az verilir, torpaqda olan elementlər get-gedə azalır və onu sonradan balanslı şəkildə bərpa eləmək qeyri-mümkün olacaq”.

...çünki elmləri çatmır

Mütəxəssis dedi ki, oliqarxlar heç vaxt torpağa əvvəlcə kapital qoyuluşu həyata keçirmirlər, birbaşa torpaqdan istifadəyə keçirlər və bu da yaxşı nəticə vermir: “Yanaşama belədir: torpaqdır, ək, səp, nəsə əldə edəcəksən. Anlamlrlar ki, yanaşma fərqli olmalıdır. Buna elmləri çatmır. Gələn yeni nəslin də aqrar sahəyə meyli azdır, əsasən bölgələrdə orta məktəblərdə biologiyadan, kimyadan normal təhsil verilmir ki, bu gənclər aqronom təhsili alsınlar, yaxşı, savadlı aqronom kimi yetişib bu sahəyə elmi yanaşsınlar. Bir sözlə, kənd təsərrüfatımız bir bataqlığa düşüb”.

Sevil HİLALQIZI
Hurriyyet.org

09:38