“Torpaq uğrunda ölən varsa Vətəndir” adlı tədbir-sərgi keçirilib

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında cari ilin aprel döyüşlərində həlak olan albay Vüqar Yusifova həsr olunmuş sərgi-tədbir keçirilib. Muzeyin foyesində təşkil olunmuş sərgidə Vüqar Yusifovun şəxsi əşyaları nümayiş edilib və albaya həsr olunmuş sənədli film və klipə baxış keçirilib.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi bildirib ki, muzeydə milli qəhrəmanlarımızı bir daha anmaq məqsədilə “Torpaq uğrunda ölən varsa Vətəndir” adlı layihəyə start verilib. Layihə çərçivəsində muzey Bakıdakı məktəblərdə, hərbi hissələrdə milli qəhrəmanların, onların ailə üzvlərinin iştirakı ilə müxtəlif tədbirlər, sərgilər keçirib.  Bu layihə çərçivəsində keçirilən növbəti tədbir albay Vüqar Yusifova həsr olunub.
Milli Qəhrəmanın həyat və fəaliyyətindən söhbət açılıb. Bildirilib ki, Vüqar Yusifov 1976-cı ildə Şəmkir rayonunun Şiştəpə kəndində anadan olub. Türkiyədə Quru Qoşunları Ali Hərbi Məktəbində təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycana qayıdıb və Müdafiə Nazirliyinin “N” saylı Xüsusi Təyinatlı hərbi hissəsində alay komandiri kimi fəaliyyətə başlayıb. Xüsusi Təyinatlı Alayın Qərargah rəisi vəzifəsinə qədər yüksəlmiş Vüqar Yusifova 40 yaşında albay rütbəsi verilib. O, aprelin 4-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Tədbirdə Milli Məclisin deputatı Mahir Abbaszadə, döyüş yoldaşları Anar Hüseynli, Xəyyam Əsgərov, qohumu Əliyar Fərzəliyev, Azərbaycan ordusunun albayı Xətai Baxışov çıxış edərək belə qəhrəmanların həyat yolunun gənclərimizə örnək olduğunu bildiriblər. Tədbirdə Vüqar Yusifovun ailə üzvləri, dostları, Milli Qvardiyanın əsgərləri və digər qonaqlar iştirak ediblər.

Xudaferin.eu

23:43