TOLERANTLIĞIMIZA KÖLGƏ SALAN QARA QÜVVƏLƏR...

Azərbaycanda yenə ürək ağrıdan, adamı düşündürən xoşagəlməz bir hadisə baş verdi.

Qarabağ Qazisi, bu Vətənin ağrısını-acısını yaşamış bir insan, sosial şəbəkələrdə fəal olan bir ateist gənci görüşə çağırılaraq və  vəhşicəsinə döyürlər...

Adam istər-istəməz özündən soruşur: Biz hara gedirik? Nə baş verir bizdə?

Bu hadisə adi bir məişət davası kimi qəbul etmək olmaz!  Çünki söhbət insanın düşüncəsinə, inancına və ya inancsızlığına görə cəzalandırılmasından gedirsə bu ağır cinayətdir. 
Burada artıq hamımız bir an dayanıb ciddi düşünməliyik.

Azərbaycan əsrlər boyu tolerantlığı ilə seçilən bir ölkə olub. Bizi bu bünə kimi beynəlxalq təşkilatlar haqlı-haqsız hər şeydə ittiham etdilər, fəqət dini və milli ayrı-seçkilikdə heç vaxt nöqsan tapa bilmədilər...

Bu torpaqda müxtəlif millətlər, dinlər və inanclar bir-birinin çörəyini yeyib, eyni ailədə yaşayıb, eyni küçədə gəzib,  bir-birinin yasına və toyuna gediblər. Bu bizim ən böyük mənəvi sərvətlərimizdən biridir.

Amma son günlər Azərbaycanda olduğum müddətdə məndə qəribə bir narahatlıq yaranıb. Sanki tolerantlığı ilə fəxr etdiyimiz Azərbaycanın üzərinə yavaş-yavaş qara buludlar toplaşır...

Bəzi insanlarda həqiqi inancdan daha çox təriqətçilik həvəsi hiss olunur. Şiə, sünni, sələfi söhbətləri, dini dözümsüzlük, sosial şəbəkələrdə antisemit çağırışlar eşidilməkdədir...

Bu, bizim tolerant Azərbaycan deyil! Bu, bizim əsrlər boyu qoruduğumuz Azərbaycan obrazına yaraşmır!

Hüquq-mühafizə orqanları belə hallara ciddi yanaşmalıdır. Çünki Azərbaycanın tolerantlıq simasına kölgə salmaq istəyən qüvvələrin bu cür həssas məsələlərdən istifadə etməsi də mümkündür...

 Kasıb, imkansız və təhsildən uzaq qalan insanları müxtəlif vədlərlə, pulla və yalanlarla aldatmaq heç də çətin deyil.

Otuz altı ilə yaxındır Avropada yaşayan bir insan kimi bir həqiqəti də görmüşəm: 

İnkişaf etmiş cəmiyyətlərdə insanın hansı dinə mənsub olması onun insanlığından üstün tutulmur. Niderlanda, Belçikada və başqa Avropa ölkələrində ehtiyacı olan insan kilsənin qapısını döyəndə əvvəlcə ondan “Sən hansı dindəsən?” deyə soruşmurlar. Ona insan kimi yanaşırlar. Hətta ehtiyacı olan insan bir-neçə gün kilisədə gecələyə də bilər. 

Bəs biz niyə eyni millətin, eyni Vətənin övladları olaraq bir-birimizi şiəyə, sünniyə, sələfi inancına, ateistə bölməliyik?

İnsan inanclı da ola bilər, inancsız da. Bu, onun vicdanı ilə öz arasındakı məsələdir. Heç kimin əlində daş, yumruq və ya nifrət bayrağı ilə başqasının düşüncəsinə hökm etməyə haqqı yoxdur!

İnsanın əsl inancı onun qəlbindədir. 

Kimsə Allahı əlində başqasını qorxutmaq üçün silaha çevrə biməz!

Əgər din insanı mərhəmətli etmirsə, sevgiyə çağırmırsa, insanı insandan uzaqlaşdırırsa, o zaman ortada din yox, başqa çox ciddi bir problem var. Bax bunu araşdırmaq lazımdır...

Azərbaycanın gücü onun onun tolerant ölkəolmasındadır. Bu ölkənin gözəlliyi ondadır ki, fərqli dinə və irqə mənsub insanlar, eyni Vətəni sevə-sevə özlərinə Ana bilirlər. 

Vətənini sevən insan, əvvəlcə bu Vətənin fərqli düşünən övladının da sevməlidir. Əsil ali insan öz yurddaşının yaşamaq, danışmaq və düşünmək haqqına hörmət etməyi bacarmalıdır.

Yoxsa bir gün ayılarıq ki, nifrət toxumunu səpənlər bizi bir-birimizə qarşı qoyaraq gələcəyimizi oğurlayıblar. Bunun acı nəticələri Vətəni incidər...

Elman Mustafazade 
Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri, "Xudafərin" jurnalının baş redaktoru.
www.xudaferin.eu

13:41