Tələbə qanunu səhv çıxartdı - Konstitusiya Məhkəməsi hərəkətə keçdi

 

Tələbə qanunu səhv çıxartdıAzərbaycan təhsil tarixində qanunla bağlı mübahisəli məsələnin həll edilməsində bir ilk yaşanıb

Tibb Universitetinin tələbəsi Cavidan Qafarov valideynini itirdiyinə və anasının I qrup əlil olmasına görə təhsil haqqından azad edilməsi məsələsini Konstitusiya Məhkəməsi qarşısında qaldırıb. Konstitusiya Məhkəməsi ilk dəfə olaraq plenumunun qərarında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun 1-ci maddəsinin 12-ci abzasındakı anlayışa 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olmuş və dövlət ali təhsil müəssisələrində əyani formada təhsil alan şəxslərin aid edilməməsi Konstitusiyasının 25-ci maddəsinin I hissəsi ilə uyğunsuzluq təşkil etdiyindən, həmin normanın bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğunlaşdırılmasını Milli Məclisə tövsiyə edib. Konstitusiya Məhkəməsi qərarına əsasən tələbənin etirazı haqlı hesab edilib. Bunu Azərbaycanın təhsil tarixində inqilab adlandırmaq olar. Belə ki, qərara görə 18 yaşından sonra valideynlərini itirən tələbələr əyani ali təhsil ixtisaslarında ödənişdən azad ediliblər. Bu kimi hallarla bağlı problemlər zaman-zaman baş verirdi. Ekspertlər, millət vəkilləri də çıxışlarında bu problemə toxunub. Məsələ ilə bağlı danışan Cavidan Qafarov özü də bildirib ki, bu cür məsələlərlə bağlı Konstitusiya Məhkəməsinə ərizə ilə müraciət edənlər olub: “Amma ilk dəfədir ki, məsələyə baxılıb və qanunlar arasında uyğunsuzluğun olduğu aşkar olunub. Bu, həm də mənim vəkilim Turqay Həsənovun uğurudur. O, əvvəldən axıra kimi mənim yanımda olub və yol göstərib. Sonda da qanunlar arasındakı uyğunsuzluğun olduğu Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənib. Bütün tələbələrə müraciət edirəm ki, öz hüquqlarına bələd olsunlar və haqlarını tələb etməyi bacarsınlar”.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov da qeyd edib ki, ona da bu kimi hallarla bağlı müraciət edənlər çox olur:

“Azərbaycanda 369 nəfər valideyn himayəsindən məhrum olan şəxs təhsil müəssisələrində oxuyur. Onlardan 19-u ali təhsil müəssisələrində təhsil haqqını nə qədər çətin olsa da, ödəyə bilir. Statistik rəqəmlərdə eyni zamanda bu yolla 128 nəfərin orta ixtisas təhsil müəssisələrində təhsil alması qeyd olunur.
Təhsil Nazirliyinin təşkil etdiyi Maarifçi Tələbə Kredit Fondunun iclasında qurumun nümayəndələri tələbələrə güzəştli təbəqələrə aid olduqları zaman güzəşt edildiyini dedi. Bu zaman ayağa qalxıb səlahiyyətli şəxsə onların güzəşt etdiyi kateqoriyalara ölkə başçısı onsuz da təhsil haqqını bağışlayır, yəni onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənldiyini nəzərə çatdırdım. Bu zaman Tibb Universitetinin prorektoru məhz tələbənin qaldırdığı məsələ ilə bağlı mənə etiraz etdi.

Mən hal-hazırda qanunvericilik əsasında deyirəm ki, bu tələbə təhsil haqqından azaddır.

2013/2014-ci tədris ilindən etibarən 18 yaşınadək hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan uşaqlar. “Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu (maddə 14-8-1). “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli Qanunu (maddə 5).

 

Bu iki qanuna əsasən tələbə təhsil haqqından azad edilməlidir.

 

Düzdür, burda bir boşluq var ki, biri vəfat etmiş, amma digəri əlil olmuş deyilir. Lakin Konstitusiyasnın 42-ci maddəsinin IV bəndində qeyd olunur ki, maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir”.
Ekspert vurğulayıb ki, o 4 ildir ki, bu kimi hallarla mübarizə aparır: “Şəxsən mənə 50-dən çox tələbə müraciət edib. Bunu nəzərə alan universitet təəssüf ki, yoxdur. Bu, tələbələr üçün inqilabdır. Hər il azı 5-10 tələbə adını qazanmış abituriyent bu uyğunsuzluğa görə ali təhsil almaqdan məhrum olur. Bir qanun imkan verir, digəri yox.
Mən Tibb Universitetinin prorektoruna müraciət edəndə mənə cavab verdi ki, axı tibbə görə, elmə görə uşaqlıq 18 yaşda bitir. Qanunda da uşaqlar nəzərdə tutulur. Bilirsiz, təhsil əlçatan olmalıdır. Dövlət bütün imkanlarını səfərbər edir ki, insanlar təhsil ala bilsin, amma qanunu yazanlar bəzi nüansları unudurlar”.

Politika.Az

 

10:17