Tiflisdə Azərbaycan-Gürcüstan Mədəni Əlaqələrinin İnkişafı Fondunun təqdimatı oldu

 

 

Gürcüstanın başkəndi Azərbaycan-Gürcüstan Mədəni Əlaqələrinin İnkişafı Fondunun təqdimatı olub. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Gürcüstan mədəniyyət və abidələrin mühafizəsi nazirliyinin rəsmiləri, gürcü və azərbaycanlı ziyalılar, incəsənət xadimləri və elm adamları, QHT nümayəndələri iştirak ediblər.

Tədbiri açan Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva Azərbaycan və Gürcüstan mədəni və ədəbi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini və hər iki ölkə yalnız bu sahədə deyil, digər vacib sahələrdə də yüksək nəticələr əldə etdiyini bildirib. L. Əliyeva belə bir Fondun yaradılmasının gürcü və Azərbaycan xalqının daha da məlumatlandırılmasına xidmət edəcəyini bildirib.

Təqdimat mərasimində çıxış edən, yeni yaradılan Azərbaycan-Gürcüstan Mədəni Əlaqələrinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Simon Kopadze belə bir Fondun yaradılmasını çoxdan arzuladığını bildirib. Onun sözlərinə görə, bu fondun köməyi ilə biz həm Gürcüstanda, həm də Azərbaycanda elm və mədəniyyət, həmçinin ədəbiyyat sahəsində iki ölkənin alim və yazıçı və şairləri, həmçinin ictimaiyyət nümayəndələrinin iştirakı ilə mühüm işlər görəcək, tarixi dostluğumuzu daha da möhkəmləndirəcəyik. Bu, Fondun əsas məqsədidir.

Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Fəxri Hacıyev Fondun məqsədyönlü layihələrinin həyata keçirilməsi yönündə çox işlər görüləcəyinə əmin olduğunu bildirib. O, yeni yaradılan təşkilatın gürcü və azərbaycanlıları daha da sıx birləşdirəcəyini qeyd edib. Diplomatın sözlərinə görə, bu Fond hər iki xalqın bütün sahələrdə inkişafına töhfələr verəcək.

Gürcüstan Elmlər Akademiyasının üzvü Roin Metreveli, parlamentin keçmiş deputatı Ramiz Bəkirov və digər elm və incəsənət adamları yeni yaradılan Fondun məqsədinin yalnız dostluğa, adət-ənənələrimizə, mədəni irsimizə hörmət və məhəbbət, onu təbliğ etmək çərçivəsində fəaliyyət göstərəcəyini bildiriblər.

 

Xudaferin.eu

Gürcüstan, "Tiflis Bürosu"

 

10:33