Test üsulunun ləğvi təklifinə kəskin ETİRAZ: “Rüşvətə sürükləyəcək”

Təhsil eksperti Əjdər Ağayevin ali məktəblərə qəbulda test imtahanının ləğv edilməsinin məqsədəuyğun olduğunu söyləməsi etirazlara səbəb olub. 1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edən Vurğun Əyyub təhsil ekspertinin bu açıqlamasına münasibət bildirərək test üsulundan imtinanın ölkə təhsilinə vuracağı zərbələrdən danışıb.

V.Əyyub açıqlamasında test sisteminin ləğvi üçün ciddi arqumentin olmadığını söyləyib: “Mən danışanda elə bilirlər ki, bu sistemi yaratdığım üçün müdafiə edirəm. Xeyr, belə deyil. Test sistemi ali məktəblərə qəbulun rüşvətsiz həyata keçirilməsini təmin edir. Hakimiyyətin məntiqi siyasəti yoxdur. Bu səbəbdən öncədən düşünüb bu sualı cavablandırmaq mümkünsüzdür ki, test sistemi ləğv olunarsa, nə baş verər? Qəbul imtahanlarında test üsulundan imtina rüşvətxorluğu artıracaq. Bu, sadəcə olaraq vətəndaşları rüşvətə sürükləyəcək”.
Test sisteminin müəyyən qüsurlarının olduğunu deyən sabiq TQDK rəhbəri qeyd edib ki, bu üsuldan imtina etməkdənsə, nöqsanları aradan qaldırmaq, təkmin sistem yaratmaq lazımdır. V.Əyyub hələlik hökumət tərəfindən test üsulunun ləğvi ilə bağlı hansısa addımın atılmayacağını düşünür: “Lakin yenə də belə bir addımın atılacağını gözləmirəm. Fikirləri kifləşmiş adamlar köhnə qaydalardan imtina edə bilmirlər. Bu səbəbdən də test üsulunun ləğvini məqsədəuyğun hesab edirlər. Yaxşı olardı ki, test sisteminin nöqsanları aradan qaldırılsın. Amma bizdə əksinədir. Bu, ona bənzəyir ki, həkim xəstəni müalicə etmək əvəzinə, onu öldürür”.
Xatırladaq ki, 1992-ci ilin noyabrın 15-dən etibarən ali məktəblərə qəbulun test üsulu həyata keçirilməsi təmin edilib. Test üsulu ilk dəfə 1969-cu ildə ABŞ-da orta məktəb məzunlarının bilik səviyyəsinin monitorinq əsaslarla qiymətləndirilməsi məqsədilə tətbiq olunub. 1970-ci illərdə ABŞ-ın bu sahədəki təcrübəsindən Türkiyədə eksperiment kimi ali məktəbə tələbə qəbulu prosesinin təkmilləşdirilməsində istifadə edilib və daha sonra digər ölkələrdə tətbiqinə başlanılıb.

Nigar Məhərrəm
Cebhe.info

18:16