Telekanallar böhran içində: verilişlər bağlanır, ixtisarlar gedir, maaşlar azalır

Telekanallar böhran içində: verilişlər bağlanır, ixtisarlar gedir, maaşlar azalırİqtisadi böhran teleradioların da fəaliyyətinə təsir edib. Bəzi telekanal və radiolarda ixtisarlar aparılıb, bəzi verilişlərin yayımı dayandırıb, bir hissəsinin də yanvardan efirdən çıxarılması nəzərdə tutulur. Bu barədə telekanalların birində rəhbərlikdə olan mənbə məlumat verib. Onun sözlərinə görə, ”Space” və “Xəzər” telekanallarına böyük zərbə dəyib.  Digər telekanallar reklam və dotasiya hesabına qismən özünü qoruya bilsə də, bu iki kanalda vəziyyət daha mürəkkəbdir. 

Mənbə qeyd edir ki, hakimiyyətin nəzarətində olan telekanallarda işçilərin ixtisarı da aparılıb. Telekanal rəhbərlikləri maksimum dərəcədə qənaət rejiminə əməl etməyə çalışır. Habelə “Lider TV”, “ARB TV”, “İctimai TV” də böhrandan sovuşa bilməyib. Bu kanallarda çalışanların bəziləri son 1, bəziləri 2, bəziləri isə avqustdan bəri maaş almadıqlarını deyirlər. Bəzi işçilərə verilməli olan pullar müxtəlif bəhanələrlə ya gecikdirilir, ya da azaldılaraq verilir. Telekanalların sponsor dairələri, hansı oliqarxlara yaxınlığı da ciddi nəzarətə alınır, öyrənilir. Telekanallarda hansı oliqarxa bağlı şirkətlərin malların, onlara məxsus restoran və klinikaların reklam edilməsi də xüsusi araşdırılır. İqtidar telekanalların maliyyə mənbələrini tam nəzarətə almaqla “kimin hansı musiqini sifariş etdiyini” bilmək niyyətindədir. İddialara görə, iqtidar artıq ən yüksək səviyyədə etiraf edilən böhran dövrünə hazırlaşması səbəbindən telekanallara nəzarəti gücləndirir. Onu da deyək ki, bugünki telekanalları internetlə mübarizə dövrünü yaşayır. Necə ki, televiziya və radio meydana gələndə qəzetlər, kino yarananda teatrlar varlığını saxlamaq üçün mübarizə aparırdı, televiziyalar da auditoriyanı internetə uduzmamaq üçün çalışırlar. Demək olar ki, dünya çapında televiziyalara baxanların sayı azalıb. Televiziyalar indi auditoriyanı əlində saxlamaq üçün bütün variantlara əl atırlar. Makiavellinin dediyi kimi, son məqsədə çatmaq üçün hər şey mübahdır. Televizyalar tamaşaçı qazanmaq üçün mübarizə aparırlar və şou-biznes qalmaqallarının, sensasiyalı verilişlərin ardınca qaçırlar. Bu, böhran əlamətidir. Ümumilikdə dünya televiziyaları böhrandadır.

Politika.Az

15:02