Telefon pulu da gəldi, nəqliyyat və rabitə nazirindən “terror” sabotajı

 

Nəqliyyat Nazirliyi ləğv olunaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə verilsə də, bu qurum da vətəndaşları narazı salan qərarlar qəbul etməkdədir

İnternet xidməti haqqının hər ayın 6-dək məcburi qaydada ödənilməsi qərarının ardınca stasionar telefon rabitəsi xidməti pulu da öncədən ödəniş tələb olunacaq. 2017-ci il martın 1-dən etibarən Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi stasionar telefon rabitəsi xidmətləri üçün öncədən ödəniş sistemini tətbiq edəcək. Bu barədə İstehsalat Birliyindən məlumat verilib.
Məlumata əsasən, telefon rabitəsi üçün abunə haqqını hər ayın 5-dək ödəmək lazımdır. Ödəniş gecikdirilərsə, ayın 6-da telefon xətti birtərəfli qaydada, ayın sonunda isə ikitərəfli qaydada bağlanacaq.
Aylıq abunə haqqı əhali üçün 2,5 manat, korporativ istifadəçilər üçün isə 7 manat təşkil edir.Xatırladaq ki, bundan əvvəl (2016-cı il sentyabrın 1-dən) dövlət operatoru internet və IP-TV xidmətlərinə görə də öncədən ödəniş sistemini tətbiq edib.

Gənc gənc nazir abunəçilərin əleyhinə ard-arda qərarlar verməkdə davam edir. Nazirlik əhalini məcbur edir ki, hər ayın 5-dək ödənişlər olunsun, əks halda xətlər bağlanacaq.

Bu, birbaşa sabotaj siyasətidir və əhalinin gəlirlərinin azalması, maaşların gecikməsi, əmək haqlarının yarıbayarı endirilməsi, ixtisarların getməsini nəzər almadan atılan addımdır.
Prezident göstəriş verməyib ki, abunəçilərdən hər ayın 5-dək pul alınsın?! İnsanların maddi vəziyyəti çətinləşib və bunu nazir də müşahidə edir. Belə bir radikal siyasət yürüdülməsi və bir gün gecikən kimi xəttin kəsilməsi aqressiv hərəkətdir. Əmək haqları gecikən və çörək pulunu güclə çatdıran ailə başçıları var. Onlar ayın ortasında yaxud 15-dən sonrakı günlərdə ödəniş etmək imkanı yaranır.
Nazir R.Quluzadə isə açıq şəkildə demək istəyir ki, 5-dək ödəniş etməsən xətt bağlanacaq. Hətta insafən, Əli Abbasov bu cür qərarlar qəbul etməyib. Ay ərzində istənilən vaxt ödəniş etmək olar. Necə ki, işıq, qaz və su pulu ayın müxtəlif günlərində ödənilir. Nazirliyin məqsədi isə abunəçiləri sıxışdırmaqdır. Telefonu xətti kəsilən ailə nə etməlidir? Kiminin mobil telefonu olmaya bilər. Söhbət aztəminatlı ailələrdən gedir. Kimisi təcili yardıma, yanğınsöndürənə, polisə dərhal zəng etmək istəsə necə olacaq?

Nazirin qərarlarına dair şikayət və etirazlar gəlməkdədir. Prezident İlham Əliyevə müraciətlər var. Nəzərə almaq lazımdır ki ölkədə iqtisadi böhran getdikcə dərinləşir və əhalinin vəziyyəti ağırlaşır. Prezidentə qarşı bunu provokasiya adlandırmaq da olar.

Keçmiş rəhbərliyin dövründə telefona və internetə xidmət haqqının ödənilməsinə hər ayın 20-dək abonentə vaxt verilirdi.
Bundan başqa abonentə ödəniş vaxtına 3 gün qalmış xəbərdarlıq edilirdi.İndisə xəbərdarlıqsız ayın 5-i olmamış xidmət dayandırılır. İnternetin sürətindən isə heç danışmağa dəyməz.
İnternet xidməti haqqının ayın ilk 6 günü ərzində ödənilməsi barədə qanunsuz tələbin ardınca poçt, aylıq telefon abunəsi, internet və mobil telefon tariflərinin məbləğində dəyişiklik ediləcək. Nazirlik Tarif Şurasına müraciətində bu xidmətlər üzrə bahalaşmaya gedilməsini istəyir. Hazırda rabitə tariflərinə yenidən baxılması prosesi gedir. Bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Vətəndaşlar qaz, su, işıq və digər kommunal borcları ay ərzində istədiyi gün ödəniş edə bilir. Əgər vətəndaş gecikdirirsə, o halda kommunikasiya kəsilə bilər.
Ramin Quluzadə və “Bakinternet” rəhbəri isə heç bir əsası olmadan vətəndaşlara ayın 6-dək möhlət qoyur. Prezidentə mətbuat vasitəsi ilə müraciət edən vətəndaşlar yazırlar: “Bu biabırçılıqdır və qanunsuzluq, dərəbəylikdir. Hansı əsasla vətəndaşın internet xətti 6-dən sonrakı tarixdə kəsilir? Abunəçi ay ərzində istədiyi zaman ödəniş etmək hüququna malikdir. Necə ki dünənə qədər belə olub. Ramin Quluzadəyə etimad göstərilir, o isə xalqa qarşı qərarlar qəbul edir, əhalini sıxışdırır. Axı əvəl belə deyildi?!”.

Politika.Az

 

08:39