Tehran mollakratiya rejimindən: “Urmu Gölünün xilası üçün para yoxdur”

Güney Azərbaycan millət vəkilindən Urmu gölü ilə bağlı bu yöndə gözlənilməz açıqlama

Güney Azərbaycanın Urmu şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri Urmu Gölü böhranı ilə bağlı gözlənilməz mövqe sərgiləyib. O bu məsələ ilə ilgili olaraq noyabrın 21-də Parlamentin Abadlaşdırma Komissiyası və Büdcə və Planlaşdırma Təşkilatının rəisinin birgə keçirdiyi iclasda bildirib ki, “dövlətin pulu yoxdur. Ona görə də Urmu gölünün canlandırılması işləri xaricilərə buraxmalıdır.”

“Bu barədə ciddi düşünmək lazımdır. Gölün canlandırılması üçün lazımi vəsait İnkişaf Fondu tərəfindən təmin olunmalıdır, ya da ki, xaricdən maliyyələşdirilməlidir. Xaricilər də bu məsələyə özəl olaraq,  çox maraq göstərir. Böhranın aradan qaldırılması üçün büdcə vəsaiti yalnız dövlətin büdcəsi ilə məhdudlaşmamalıdır. Bu məsələ Urmu gölünün canlandırılması prosesində mütləq nəzərə alınmalıdır”- deyə o bildirib.

Millət vəkili həmçinin bəyan edib ki, ötən il Urmu Gölünə ayrılan büdcə vəsaiti müəyyən müddət gecikdirilsə də, sonda ödənilib. Millət vəkilinin bu gözlənilməz fikirləri hətta dövlətin rəsmi orqanlarının açıqladığı məlumata da uyğun gəlmir. Bundan öncə Urmu Gölünü Canlandırma Mərkəzi ötən il gölə ayrılan 1800 milyard tümən məbləğdən yalnız 500 milyard, o da istiqrazlar şəkilində ödənildiyini bildirmişdir. Cari ildə isə Urmu gölü üçün ümumiyyətlə büdcə ayrılmayıb.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

09:53