TEATR NƏZƏRİYYƏÇİSİ, REJİSSOR VƏ AKTYOR

(Mirseyfəddin Kirmanşahlının 125 illiyi münasibətilə)

“Tamaşaçı ilə hesablaşın, onu aldatmaq çox çətindir; aktyor tərəfindən buraxılan kiçik bir səhvi belə onun gözündən yayındırmaq olmaz. Siz aktyorlar səhnədə yaratdığınız kimi, həqiqi tamaşaçı da sizin ilə bərabər salonda yaşayır, yaradır. Tamaşaçının diqqətini bir an belə səhnədən uzaqlaşdırmaq tamaşanın bədiiliyini pozur və onu əvvəlki vəziyyətə gətirmək aktyor üçün çox çətin olur. Ona görə yenə deyirəm ki, səhnədə aktyor daim yaşamalıdır, əks təqdirdə yaratmaq istədiyi obrazı yarada bilməz”. Bu cümlələrin müəllifi Azərbaycan Teatrının tarixində ciddi məqalələr müəllifi kimi tanınan, adı iftixarla çəkilən böyük şəxsiyyətlərdən biri də Mirseyfəddin Kirmanşahlıdır. O, səhnəyə aludə olan, səhnəni dərin məhəbbətlə sevən bir insan idi. Mirseyfəddin Kirmanşahlının adı teatr tariximizdə daim səslənəcək, çünki, o, böyük müəllim, böyük aktyor və rejissor, böyük teatr nəzəriyyəçisi idi. Əsli Güney Azərbaycanın Kirman şəhərindən olan Mirseyfəddin 1892-ci ildə Tiflisdə tacir ailəsində dünyaya göz açmış, uşaqlıq və gənclik illərini orada keçirmişdir. Çox kiçik yaşlarında valideynlərini itirmiş Mirseyfəddin ehtiyac içərisində yaşasa da kimsədən kömək ummamış, bunu öz səxsiyyətinə sığışdırmamış, ömrünün axırıma kimi heç kəsin yayında boyun əyməmişdir.
M. Kirmanşahlı, böyük aktyor Mustafa Mərdanovla dostluq etmişdir. M. Mərdanov xatirələrində yazır ki, mən məktəbdə təhsil alırdım, o, isə oxumurdu. Mənim atam dövlətli idi, Mirseyfəddinin nə atası, nə də anası var idi. O, tək yaşayırdı. Heç vaxt qohumlarından kömək istəməzdi. Bunu özünə sıxışdırmazdı. Paxıllığın nə olduğunu bilməzdi, hamını firavan görmək istəyərdi. Mirseyfəddin sonra məktəbə daxil olur. Əvvəl “Əncüməni xeyriyyə” sonra isə Tiflisdəki rus-tatar məktəbində təhsil alır. M. Mərdanov ona “Miri” deyə müraciət edərdi. O, Mustafagilə gələr, birlikdə dərsə hazırlaşardılar. Əvvəl Mustafanın dərsləri ilə məşğul olar, sonra isə öz dərslərini hazırlayardı. Mustafanın atası Haşım kişi oğlunun yaxşı oxuması üçün əlavə Əhməd Pipinov adlı əlavə müəllim tutmuşdur. Ə. Pipinov Mustafagilə gələndə Mirseyfəddin tez dəftər-kitabını yığışdırıb gedərdi. Mustafa ona deyir ki, istəyirsən məşğul olmağa atama deyim, müəllimə əlavə pul ödəsin-dedikdə Mirseyfəddin bir söz demədən gözü yaşlı Mustafagilin evindən gedərdi.
“Vüqarlı şəxsiyyət, ləyaqətli insan, vicdanlı vətəndaş, alovlu maarifçi və dönməz səhnə aşiqi kimi tezliklə truppa üzvlərinin rəğbətini qazanıb. Ömrü boyu tək yaşayan Mirseyfəddin Kirmanşahlı həyatının ən çətin anlarında da vüqarında əyilməz, əqidəsində qətiyyətli olub” (İ. Rəhimli). Beləliklə, Mirseyfəddin Kirmanşahlı ilk ali təhsil almış, görkəmli aktyorladan biridir. Onun yaradıcılığı romantik aktyorluq məktəbinin prinsiplərinə cavab verirdi.
M. Kirmanşahlı fars və ərəb dillərini mükəmməl mənimsədikdən sonra Tiflisdə rus dilini də öyrənir. Onun aktyor yoldaşlarından əsas üstünlüyü ondan ibarət idi ki, milli teatrımızın inkişafını dünya teatrının kontekstində görürdü və onun üstün və naqis cəhətlərini bu prizmadan təhlil etməyi bacarırdı.
O, həvəskar aktyor olduğu dövrdə Qaçaq Kərəm (“Qaçaq Kərəm”), Qurban (“Pəri cadu”), Fərhad və Pərviz (“Dəriçi Gavə”), Əbül Üla (“Əmir Əbül Üla”), Ağa Məhəmməd xan (“Ağa Məhəmməd şah Qacar”), Əl Mənsur (“Əl Mənsur”), Akif bəy (“Akif bəy”), Əsgər (“Arşın mal alan”), İsgəndər (“Ölülər”). Heydər bəy (“Hacı Qara”), Ömər (“Nadanlıq”), Həsən bəy (“Məşədi İbad”), Məmmədvəli (“Səbəb”, yaxud “Hacı Qulam xan”) kimi rollarda çıxışlar edib.

1918-1919-cu illərdə truppa İstanbul qastrolunda nümayiş olunan “Əsli və Kərəm” operasına, “Məşədi İbad”, “Arşın mal alan”, “Evliykən subay”, “Əlli yaşında cavan” operettalarına, “Əli Mənsur”, “Ağa Məhəmməd şah Qacar”, “Dəmirçi Gavə”, “Pəri cadu”, “Xor-xor” dram tamaşalarına M. Kirmanşahlı quruluş vermişdir.
Mirseyfəddin Kirmanşahlı özünə və aktyor yoldaşlarına qarşı çox ciddi idi. Tələbkarlığı, biliyi və nəhayət böyük istedadı sayəsində görkəmli aktyor və rejissor kimi məşhurlaşdı. 1919cu ildə Tiflisdəki Azərbaycan truppası dağılma ərəfəsində olduqda M. Kirmanşahlı bu cür ağır şəraitdə “Hacı Qəmbər”, “Jorj Danden” komediyalarına və “Qaçaqlar” faciəsinə quruluş verir, truppanı vəziyyətdən çıxarır.
1921-ci ildə Tiflisdə fəaliyyət göstərən bütün Azərbaycan teatr truppaları birləşib Dövlət sənət ocağına çevirmək üçün imtahan verməyə hazırlaşırdılar. M. Kirmanşahlının quruluş verdiyi “Əmir Əbül Üla” tamaşası yüksək qiymətə layiq görüldü və kollektivə Tiflis Dövlət Türk Dram Teatrı adı verildi. Bu kollektivlə M. Kirmanşahlı “Jorj Danden” və “Cancur Səməd” komediyalarına, “İblis faciəsinə” və “Kef içində” dramınını tamaşaya hazırladı. Və özü də bu truppa ilə İsgəndər (“Ölülər”), Bələdiyyə rəisi (“Müfəttiş”), Cəlal (“Uçurum”), Arif (“İblis”) kimi müxtəlif xarakterə malik olan obrazlar ifa etdi.
1922-1924-cu illərdə M. Kirmanşahlı Azərbaycan hökumətinin qərarı ilə Moskvaya təhsil almağa göndərilir. Və eyni zamanda tətil və bayramlarda Tiflisə gələrək teatrda həm rollarda çıxışlar edir, həm də tamaşalar hazırlayır. 1924-cü ildə M. Kirmanşahlı digər üç nəfərlə-Mustafa Mərdanov, Aslan Tahirov və Əli Nəbi ilə birlikdə təhsillərini başa vurub Bakıya, indiki Akademik teatrın sərəncamına göndərirlirlər.
Akademik Teatrda Mirseyfəddin Kirmanşahlı Qalabəyi (“Müfəttiş”), Surxay (“Aydın”), Verner (“Vilhelm Tell”), Kavaler de Pondi (“İki Yetimə”), Cəlal (“Uçurum”), Arif (“İblis”), Knyaz Axraxadze (“Qaçaq Kərəm”) kimi rollarda çıxışlar etçəklə yanaşı, “Kef içində” (B. Talıblı), “Lənkəran xanının vəziri” (M. F. Axundov), “Köhnə fikirlər, yaxud “Savadsız müəllim” (K. Haldoni), “Şeyx Sənan” (H. Cavid), “Oqtay Eloğlu” (C. Cabbarlı) tamaşalarınada quruluş vermişdir.
“Yüksək bədii zövqə malik olan Mirseyfəddin Kirmanşahlı özünün həyati, bəşəri-insani duyğular, xeyir və şər, həqiqət və yalan, məhəbbət və nifrət, qəhrəmanlıq və rəzillik estetik kateqoriyaları barədə məfkurəvi fəlsəfi-psixoloji düşüncələrini quruluş verdiyi tamaşaların canına, ruhuna yüksək sənətkarlıqla hopdura bilirdi” (İ. Rəhimli).
Ötən yüzilin iyirminci illərin ortalarında M. Kirmanşahlı Bakı Türk İşçi Teatrında Mister Qafni (“Yüz faiz”), Rubinşteyn (“Romonovların son günləri”), Martin (“Şöhrət silahları”), Prokuror (“İbrət məhkəməsi”), Müsyo Jordan (“Müsyö Jordan və Dərviş Məstəlişah”) kimi rollar ifa edir.
1927-1929-cu illərdə M. Kirmanşahlı ikinci dəfə Tiflisdəki Azərbaycan Teatrına dəvət olunur, C. Cabbarlının iki faciəsinə “Od gəlini”nə və “Aydın”a həmşinin Ü. Haçıbəyovun “Arşın mal alan” operettasına, F. Şillerin “Qaçaqlar” faciəsinə, V. Şkvarkinin “Casus” pyesinə və H. Cavidin “Uçurum” mənzum faciəsinə quruluş verir. 1930-cu ildə baş tutacaq SSRİ Teatr olimpiadasına hazırlıq üçün Mirseyfəddin Kirmanşahlı dövlət səviyyəsində, 1929-cu ildə Bakıya çağırılır.
1930-cu ilin martında Olimpiyadada iştirak edəcək iki aktyorun Məmmədəli Vəlixanlının və Musa Hacızadənin adı rəhbərliyin sifarişi ilə siyahıdan çıxarılır. M. Kirmanşahlı buna öz etirazını bildirir və sərt çıxış edir. Həmin aktyorların adlarını siyahıya əlavə olunmasını tələb edir. Onun bu jesti teatr rəhbərlərinin xoşuna gəlmir, hətta direktor müavini M. Kirmanşahlını ağır sözlərlə təhqir edir. O, pərt halda teatrı tərk edir və İran pasportu olduğu üçün İranın Tehran şəhərinə gəlir. Mirzağa Əliyev, A. M. Şərifzadə, Mustafa Mərdanov, Səməd Vurğun nə qədər çalışsalar da onu fikrindən daşındıra bilmirlər. Tehran teatrının vəziyyəti ağır olan vaxtlarda M. Kirmanşahlı həmin teatra rejissor təyin olunur. Teatrın başında oturan Seyfulla xan özü kimi incəsənətdən xəbəri olmayan insanları başına toplamışdır və ancaq aşağı təbəqəli insanlarının zövqünə uyğun əsərlər səhnələşdirirdilər.
M. Kirmanşahlı Tehranın uzaqgörən gəncləri ilə əlaqə saxlayır, onları teatr ruhunda tərbiyyə edirdi. O, teatrı yad, işini bacarmayan insanlardan təmizləməyi qarşısına məqsəd qoyur. İlk növbədə Seyfulla xan və ona tabe olan özü kimi iş bacarmayanları teatrdan uzaqlaşdırırlar. Və onları gənc, iş bacaran insanlar əvəz edirlər. İlk növbədə Ş. Saminin “Dəmirçi Gavə” qəhrəmanlıq dramını tamaşaya qoyur, baş rolu Gavəni özü Azərbaycan dilində, qalan iştirakçılar isə fars dilində tamaşanı oynayırlar. Bu o dövr üçün kifayət qədər ciddi addım idi. O, həmçinin İranda gənc istedadlı insanlara aktyor sənətini sirlərini öyrətmək üçün studiya açır və həmin studiyaya “Kirmanşahlı studiyası” adı verilir. Cəsarətlə demək olar ki, Tehranda teatr sənətinə hörmət və məhəbbəti Mirseyfəddin Kirmanşahlı oyatmışdır.
“Dəmirçi Gavə”dən sonra M. Kirmanşahlı Şillerin “Qaçaqlar” əsərinə müvəffəqiyyətlə səhnə ömrü verdi. Özünün tiryək əleyhinə qələmə aldığı “Ailə fəlakəti” əsəri onun İranda tanınmasında böyük rol oynadı. M. Kirmanşahlının gərkin əməyi sayəsində İran hökumətinin teatra marağı da artmağa başladı. Bu getdikcə artan müvəffəqiyyətlər onun rəqiblərini rahat buraxmırdı. Onun əleyhinə böyük dəstələr təşkil edirdilər, onu gözdən salmaq üçün min cür dedi-qodular təşkil edirdilər. Bütün bu şayələrə baxmayaraq M. Kirmanşahlı öz işində getdikcə uğurlar əldə edir, Tehran teatrını azərbaycanlaşdırmaq, gələcəkdə tamaşaya qoyulan əsərlərin Azərbaycan dilində səslənməsinə nail olmaq istəyirdi. O, bir müddət Təbrizdə fəaliyyətini davam etdirmiş və yenidən Teharana qayıtmış, “Cameyi-Bərbət” və “Nəkisa” teatrlarında işinə davam etmiş, “Pəri cadu”, “Lənkəran xanının vəziri”, “Məşədi İbad” və “Arşın mal alan” əsərlərinə quruluş vermişdir.
M. Kirmanşahlı həmçinin “Leyli və Məcnun”, “Yusif və Züleyxa”, “Hiylə və həqiqət”, “Pul və vicdan”, “Zahiri və mənəvi gözəllik” tamaşalarını səhnəyə qoymuşdur.
M. Kirmanşahlının əleyhinə düzəldilən kampaniya onun getdikcə artan şöhrətinə artıq dözə bilmir və onu aradan götürməyi qarşılarına məqsəd qoyurlar. Tehran teatrının sabiq rejissoru Seyfulla xanın evində M. Kirmanşahlının şərəfinə təşkil olunmuş ziyafətdə onu zəhərləyirlər. Qəzetlər isə onun zəhər içib, özünü tələf etdiyini böyük hüzn ilə xəbər verdilər. Beləliklə, bu görkəmli incəsənət xadimi, 41 yaşında həyatla vidalaşdı. Onun başladığı böyük işlər yarımçıq qaldı. Mirseyfəddin Kirmanşahlını təntənəli bir izdihamla Tehran qəbirsanlığının əyyan və kübarlara məxsus hissəsində dəfn etdilər. Böyük insanlar ölmədiyi kimi, M. Kirmanşahlının da böyük sənəti daim yaşayır və yaşayacaqdır.

İmran AXUNDOV
fəlsəfə doktoru

13:57