Təbrizli millət vəkili: “Başa düşmək lazımdır ki, İranda 40 milyon Türk yaşayır”

Təbriz, Üskü və Azərşəhrin İran parlamentindəki millət vəkili Şəhabəddin Bimiqdar İran mətbuatının 22-ci sərgisində “Yol” mətbuat orqanı qrupunun bölümünə baxış keçirərkən son günlər yaradılmış “Türk Millət Vəkilləri” fraksiyası barədə danışıb.

“Mərənd və Culfa əhalisinin millət vəkili cənab Həsənnəjad bu yolda çoxlu zəhmət çəkib və İdarə Heyətinin seçimi iclasını təşkil edib. İclasdan sonra fraksiya rəsmiləşib və parlament fraksiyaları arasında qeydə alınıb. Lakin bizə millətçilik damğası vururlar, bu doğru deyil. Biz bölücü deyilik, əgər bölücü olsaq, onda gərək Xorasan, Kohkiluye-Boyr Əhməd, Qorgan, Gilan, Fars və Həmədanı da ayıraq. Ona görə ki, İranın əksər bölgələrində Türklər yaşayırlar. Belə olduğu halda biz ölkəni necə bölə bilərik?! Biz deyirik ki, Türk bölgələri inkişaf etməlidir və heç bir millətçilikdən söz getmir. Başa düşmək lazımdır ki, İranda 40 milyon Türk yaşayır və tarix boyu İranı qoruyublar, sonda isə bizim Sattarxanımız gəlib Tehranda Məşrutəni, yəni demokratiyanı qurublar. Əgər ayrılmaq istəyi olsaydı, elə o zaman baş tutardı”- deyə Şəhabəddin Bimiqdar bildirib.
“Türk Millət Vəkilləri” fraksiyasının yaradılması və ana dilinin tədrisinə qarşı olanları sərt şəkildə tənqid edən millət vəkili onları münafiq adlandırıb.
“Nifaq salanların İrana ürəyi yanmır. Əgər onlar İranı sevsəydilər İran üçün canını fəda etmiş bir milləti təhqir etməzdilər! Ana Yasaya görə fars dili rəsmi dildir və biz də həmin qanunun 15-ci maddəsinə əsasən ana dilimizi də istəyirik”- deyə o vurğulayıb.
Tehran əhalisinin İran parlamentindəki millət vəkili Əlirza Məhcub da “Yol” mətbuat orqanı qrupunun bölümünə baxış keçirib. “Mən özüm də Tür Millət Vəkilləri” fraksiyasına üzv olmuşam və ümid edirəm ki, bu birlik Türk dili və ədəbiyyatının inkişafına səbəb olacaq. Ana Yasada qeyd olunduğu kimi, bütün mədəniyyətlərə diqqət ayırmaq lazımdır. Eyni halda istər fars olsun, istər türk və s. radikallığa yol verməməlidir. Ana Yasada nə varsa, onu da qəbul edirik. Türk dili qədim dildir, bizim mədəniyyət və folklorumuz bu dildən irəli gəlir”- deyə millət vəkili vurğulayıb.

Xudaferin.eu

11:17