Tbilisidə keçirilən tədbirdə 9 Aprel və 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bu gün Tbilisidə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) təşkilatçılığı ilə 9 Aprel faciəsinin 30-cu ildönümünə həsr olunmuş “9 Aprel- Azadlıq və Vətən uğrunda fədakarlıq” mövzusunda dəyirmi masa keçirilib.

Xudaferin.eu xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Tbilisinin mərkəzi Rustaveli prospektində, 9 Aprel faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül dəstələri düzüblər.

Gürcüstan Ağsaqqallar Şurası sədrinin müavini Mayak Nemətov tədbiri açıq elan etdikdən sonra Azərbaycanın və Gürcüstanın azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəhidlərin ruhuna dualar oxunub.

GMİ-nin sədri hacı Ramin İgidov çıxış edərək sovet imperiya qüvvələrinin 1989-cu il aprelin 9-da Tbilisidə və 1990-cı il yanvarın 20-də Bakıda və Azərbaycanın bölgələrində törətdiyi qırğınlar barədə məlumat verib. Bildirib ki, heç bir qüvvə xalqlarımızın azadlıq sevgisini boğa bilməyib, əksinə, biz daha sıx birliyə və müstəqil dövlət qurmağa nail olmuşuq.

Sonra Şərqi Gürcüstan üzrə müfti Yasin Əliyev, Qərbi Gürcüstan müftisi Beqlar Kamaşidze, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsak Novruzov, Dini Məsələlər üzrə Dövlət Agentliyinin nümayəndəsi Serqo Parulava və başqaları çıxış edərək baş vermiş hadisələrə münasibət bildiriblər. Qeyd olunub ki, qan bahasına qazanılmış müstəqillik heç zaman itməyəcək.

Çıxışlar zamanı Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünün pozulduğu, ərazilərinin işğal olunduğu vurğulanıb, birgə mübarizə nəticəsində torpaqlarımızın işğaldan azad olunacağı qeyd edilib.

Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyx və müftiləri, din, elm və ictimaiyyət xadimləri iştirak ediblər.

Xudaferin.eu

23:54