Tanınmış bəstəçi Nazim Əliverdibəyovun xatirə gecəsi keçiriləcək

Yanvarın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəçi və pedaqoq Nazim Əliverdibəyovun 90 illik yubileyinə həsr olunan xatirə gecəsi keçiriləcək. Filarmoniyadan bildirilib ki, tədbirdə unudulmaz sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən söz açılacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcəklər. Xatirə gecəsində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, Nazim Əliverdibəyov 1926-cı Şuşada ildə anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1951-1985-ci ildə Bülbül adına orta ixtisas məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir. 1964-1985-ci illərdə Bülbül adına orta ixtisas məktəbinin direktoru olub. Üzeyir Hacıbəyovun "Əsli və Kərəm" və "Leyli və Məcnun" operalarını yenidən orkestrləşdirmişdir. Üzeyir Hacıbəyovun nəşr edilmiş "Leyli və Məcnun" (1983) və "Koroğlu" (1985) operalarının partituralarının redaktoru olmuşdur.
Musiqişünas Ağalar Əliverdibəyovun oğludur. Eyni zamanda Üzeyir Hacıbəylinin dayısı oğludur. Skripkaçı Rasim Əliverdibəyovun, dirijor Kazım Əliverdibəyovun, pianoçu Nüşabə Əliverdibəyovanın qardaşıdır.
Nazim Əliverdibəyov bir bəstəkar kimi “Muğam” (1972) baletinin, “Cırtdan” (1978) operasının,  "Nazxanım naz eləyir" (1974) musiqili komediyasının müəllifidir. Bununla yanaşı, xalq çalğı alətləri orkestri, simfonik orkestr üçün “İnstrumental”, “Orqan üçün Bayatı Şiraz”, “Orqan üçün İçərişəhər lövhələri”, “Kanon üzrə bəstələnmiş elegiya”, simfonik əsərlərinin, eləcə də vokal-instrumental əsərlərin müəllifi kimi böyük şöhrət qazanmışdır. Bununla yanaşı, bir bəstəçi kimi, “Bizim küçənin oğlanları” (1973), “Çarvadarların izi ilə” (1974), “Gilas ağacı” (1972), “Göllərin tacı” (1966), “Mənim Xəzərim” (1970), “Münəccimin şagirdi” (1983), “Üzeyir ömrü” (1981), “Vulkana doğru”
(1977) və “Yaxşı qurtardıq” (1985) filmlərinə bir-birindən maraqlı musiqilər bəstləmişdir.

Xudaferin.eu

13:30