Tamam Cəfərova: Azərbaycanlıların doğma yurda – Laçına qayıtmaları haqq-ədalətin bərpası baxımından olduqca önəmlidir

AZƏRTAC

Tamam Cəfərova: Azərbaycanlıların doğma yurda – Laçına qayıtmaları haqq-ədalətin bərpası baxımından olduqca önəmlidir
20.08.2022 [12:04]SİYASƏT
Bakı, 20 avqust, AZƏRTAC
Laçın rayonunun Zabux və Sus kəndlərində qeyri-qanuni olaraq məskunlaşdırılmış ermənilərin yaşadıqları yeri tərk edərkən evləri yandırmaları, ərazinin ekosisteminə zərər vurmaları ilə əlaqədar görüntülər hamıya məlumdur. Bunlar ermənilərin nə qədər barbar, vandal olduqlarının növbəti nümayişidir. Təəssüf ki, Azərbaycan xalqı tarixin müxtəlif dövrlərində ermənilərin bu vandallığına məruz qalıb. Bütün bunlara baxmayaraq, Azərbaycan həm 44 günlük Vətən müharibəsində, həm də postmüharibə dövründə sülhpərvər, humanist mövqe nümayiş etdirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat bildirib ki, üçtərəfli Bəyanatın 6-cı maddəsində tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən, Laçın dəhlizindən yan keçən yeni hərəkət marşrutunun inşası planı və həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verməsi nəzərdə tutulmuşdu. Həmişə olduğu kimi, bu məsələdə də Azərbaycan verdiyi vədə əməl edərək, öz öhdəliyini yerinə yetirib. Qarabağda yaşayan etnik ermənilər üçün müasir standartlara uyğun yeni yol artıq inşa olunub. Buradan belə aydın olur ki, Bəyanatın müvafiq bəndinə əsasən, yerdəyişmənin həyata keçirilməsi üçün heç bir maneə qalmayıb. Bu yeni yolun Azərbaycan Respublikasının ərazisindəki hissəsinin bu qədər qısa müddətdə və belə yüksək keyfiyyətlə inşa olunması bir daha onu göstərir ki, Azərbaycan verdiyi vədlərə və üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə sonadək sadiqdir. Azərbaycan hər zaman olduğu kimi, yenə də humanist mövqe nümayiş etdirir. Buna baxmayaraq, son günlər Ermənistan tərəfi bölgədə vəziyyəti gərginləşdirərək, prosesə süni maneələr yaratmağa çalışır. Əlbəttə, bu, qəbulolunmazdır. Azərbaycan tərəfi isə həmişə olduğu kimi, qarşı tərəfin bütün cəhdlərinə cavab verməyə hazırdır. Bunun ən bariz örnəyini avqust ayının 4-də qəhrəman Ordumuzun həyata keçirdiyi “Qisas” antiterror əməliyyatında gördük. “Qisas” əməliyyatı düşmənə çox ciddi xəbərdarlıq idi.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin də dediyi kimi, Qarabağdakı etnik ermənilər Azərbaycan vətəndaşı kimi bu ərazilərdə yaşaya bilərlər, lakin onların nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə yaşayacaqlar.
“Xüsusilə qeyd etməliyik ki, Laçın rayonunun Zabux və Sus kəndlərində yaşayan ermənilər oraya qanunsuz olaraq yerləşdiriliblər. Bu, qeyri-qanuni məskunlaşmadır və beynəlxalq hüquqa tamamilə ziddir. Vaxtilə burada yaşayan minlərlə azərbaycanlı öz doğma ata-baba yurdundan didərgin düşüb. Onların doğma yurdlarına geri qayıtmaları beynəlxalq hüquq və eləcə də haqq-ədalətin bərpası baxımından olduqca önəmlidir. Ermənilər Ağdamı, Kəlbəcəri, Laçını tərk edərkən törədikləri vəhşilikləri indi də Laçın şəhərində, Zabux və Sus kəndlərində edirlər.
Beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartlar dünyanın gözünü bağlasa da, reallığı inkar etmək mümkün deyil. Azərbaycanlılarla ermənilər arasındakı fərq göz qabağındadır. Ermənilər dağıdıcı, vəhşi, vandal, azərbaycanlılar isə qurucu, yaradıcı xalqdır, - deyə Tamam Cəfərova diqqətə çatdırıb.

Xudaferin.eu

23:10