TALEYİNİ QÜRBƏTƏ BAĞLAMAQ İSTƏYƏN SOYDAŞLARIMA MƏSLƏHƏT…

Qürbət uzaqdan cənnət görünsə də, içindən baxanda isə çox ağır imtahandır...

Bir zaman qürbət həyatımda rast gəldiyim siyasi sığınacaq almş soydaşlarımız, dilində vətən, əməlində isə... Bir sözlə tanınmış ziyalı və iddialı qürbətçi soydalarım barədə də qeydlərimi yazacam. Hələlik isə...

"Gələcəkdə öz millətinə təhlükə görüb onu vaxtında xalqına çatdırmayan insanın bir adı var — alçaq!”

Bu yazının əvvəlində bu sərt fikri yazmağım təsadüfi deyil.

Çünki insan harada yaşamasından asılı olmayaraq, öz millətinin taleyinə, gələcəyinə və mənəvi dəyərlərinə biganə qalmamalıdır.

Əvvəlcədən deyim: aşağıda yazdıqlarım mənim şəxsi müşahidələrim, gördüklərim və illər ərzində apardığım qeydlərdir. Heç kimə hökm vermək, bütün insanları eyni ölçü ilə qiymətləndirmək niyyətində deyiləm.

Bu qeydlər yalnız bir millətin nümayəndəsi kimi mənim gördüklərimdir.

1990-CI İLDƏN QÜRBƏTDƏ…

1990-cı ildən qürbət həyatı yaşayıram.

Əsasən Lehistan və Niderland başda olmaqla, Almaniyada, Belçikada və Litvada da yaşamışam.

Biznes və ictimai fəaliyyətimlə əlaqədar Avropanın demək olar ki, bütün ölkələrini şəhərbəşəhər, kəndbəkənd gəzmişəm. Müxtəlif xalqların məişətini, ailə münasibətlərini, adət-ənənələrini, həyata baxışlarını müşahidə etmişəm.

Bəzən bir xalqı tanımaq üçün onun qalaq-qalaq  kitablar oxumaq kifayət etmir. Onun ailəsinə, süfrəsinə, uşağına, yaşlısına münasibətinə baxmaq lazımdır.

Mən də illərlə bunu etməyə çalışmışam.

Eyni zamanda qürbətdə yaşayan soydaşlarımızla daim təmasda olmuş, onların həyatları, güzəranları, ailə münasibətləri və problemləri ilə maraqlanmışam.

Bir sözlə, qürbətdə yaşayan azərbaycanlıların həyatına bir soydaş kimi biganə qalmamışam.

KEÇMİŞİN İZLƏRİ…

Keçən əsrin 90-cı illərində II Dünya müharibəsi zamanı əsir düşərək Avropada sağ qalmış azərbaycanlılarla çoxlu görüşlərim olub.

Onların acılı-şirinli xatirələrini dinləmişəm.

Bəzən bir qocanın danışdığı bircə cümlə tarix kitablarından oxuduğum yüz səhifədən daha ağır təsir bağışlayıb.

Onların taleyinə biganə qala bilməmişəm.

Bacardığım köməyi heç vaxt soydaşlarımdan əsirgəməmişəm. Bunu qürbətdə yaşayan həm vicdanlı, həm də vicdansız soydaşlarım bilir. İnanmıram ki, bunu tamamilə inkar edən kimsə tapılsın.

Hətta Şərqi Avropada II Dünya müharibəsində həlak olmuş sovet əsgərlərinin kütləvi məzarlıqlarında bir-iki azərbaycanlı soyadına rast gələndə belə, həmin insanların xatirəsinin yaşadılması üçün maddi və mənəvi imkanım daxilində iştirak etmişəm.

Çünki mənim üçün torpağın altında yatan insanın taleyi onun ölümündən sonra da bitmir.

İNDİ GƏLƏK ƏSAS MƏSƏLƏYƏ…

İllər boyu apardığım müşahidələrin bir hissəsini bu gün ilk dəfə açıq şəkildə yazmaq istəyirəm.

Bəlkə kimsə inciyəcək.

Bəlkə kimsə məni söyəcək.

Bəlkə də “Elman yenə başladı” deyəcək.

Qoy desinlər.

Mən gördüklərimi yazıram.

1. QÜRBƏTDƏ BAŞQA MİLƏTLƏRLƏ AİLƏ QURMUŞ AZƏRBAYCANLI KİŞİLƏR

Bu illər ərzində qürbətdə başqa millətdən olan qadınlarla ailə qurmuş azərbaycanlı kişilər arasında çoxlu insanla tanış olmuşam.

Mənim müşahidələrimə görə, onların əhəmiyyətli bir hissəsinin maddi vəziyyəti yaxşı olsa da, ailə və mənəvi həyatında ciddi problemlər yaşadıqlarını görmüşəm.

Ən çox diqqətimi çəkən isə başqa məsələ olub:

Ailədə öz sözünü, öz kimliyini və öz mənəvi dayağını itirən kişilər…

Pul qazanmaq kişini xoşbəxt etmir. Bahalı maşın, gözəl ev, yaxşı vəzifə də etmir.

Əgər insan öz evində hörmətini, ailəsində sözünü, övladının gözündə nüfuzunu itiribsə, onun cibinin dolu olmasının mənim üçün böyük mənası yoxdur.

Amma burada ədalətli olmaq lazımdır.

Mən təsadüfən də olsa, əcnəbi qadınla həqiqətən xoşbəxt yaşayan iki azərbaycanlı ailə də tanımışam.

Həmin qadınların ikisi də yaddaşımda xüsusi qalıb. Biri alman, digəri holland idi.

Onlar Azərbaycan dilini mükəmməl bilirdilər, Azərbaycan mədəniyyətini qəbul etmişdilər, ərlərinə arxa-dayaq idilər. Ərlərinin millətinə, dilinə və vətəninə hörmətlə yanaşırdılar.

Eşitdiyimə görə Danimarkada da Azərbaycan dilini və mədəniyyətini mənimsəmiş belə bir dəyərli xanım var. Deməli bəzən başqa millətlərin qadınları ilə xöşbəxt ailə qurmaq mümkündür.

Amma bunun üçün qadın dəyişməli deyil - ailə qurarkən iki insan bir-birinin kimliyinə hörmət etməlidir.

2. ATA AZƏRBAYCANLI, ANA SLAVYAN…

Rus, ukraynalı və digər slavyan qadınlardan dünyaya gəlmiş, atası azərbaycanlı olan çoxlu insanla rastlaşmışam.

Mənim müşahidələrimdə isə özünü sözlə deyil, əməldə azərbaycanlı hesab edənlərə çox az rast gəldim.

Əlbəttə, Azərbaycana yaxşı münasibət bəsləyənlər də var. Bunu xüsusi qeyd edirəm. Çünki məqsədim heç bir millətin övladını ittiham etmək deyil.

Sadəcə, bir həqiqət var:

Milliyyət yalnız ata soyadı ilə müəyyən olunmur.

Dil bilmirsənsə, mədəniyyətini tanımırsansa, xalqının tarixindən xəbərsizsənsə, onun ağrısını öz ağrın bilmirsənsə - kağız üzərindəki soyad nə qədər böyük əhəmiyyət daşıyır?..

3. ANA HAY, ATA AZƏRBAYCANLI…

Ən həssas məsələlərdən biri də budur.

Anası erməni, atası azərbaycanlı olan insanlardan da tanıdıqlarım olub.

Açıq deyirəm: çox axtarsam da, Azərbaycana səmimi bağlılığını davranışı ilə göstərən belə insanlara çox az rast gəlmişəm...

Amma burada da istisnaları danmaq olmaz. Bir-iki nəfər haqqında tam əksini görmüşəm. Deməli, məsələ yalnız qan məsələsi deyil.

Tərbiyə, ailə, mühit və uşağa verilən kimlik anlayışı da böyük rol oynayır. Bu mövzuda qürbətdə çoxlu miflər, uydurma hekayələr və şişirdilmiş əhvalatlar da eşitmişəm.

Mən isə nağıllara yox, gördüklərimə inanıram.

4. AZƏRBAYCANLI OLMAQ QANLA MƏHDUDLAŞMIR

Əksinə, anası yəhudi, tat, talış, ləzgi, avar, gürcü və digər Qafqaz xalqlarından olan çox sayda vətənpərvər azərbaycanlı görmüşəm.

Onların arasında Azərbaycanı ürəkdən sevən, Azərbaycan dilini qoruyan, Qarabağ deyəndə gözləri dolan insanlarda az görmədim. Ancaq təssüflər olsun ki, bəzən azda olsa bunun əksini də görmüşəm. Məgər atası, anası azərbaycanlı olanların hamısı Azərbaycanı sevir?  Eh... 
Elə "azərbaycanlılar" görmüşəm ki... Məncə bu başqa bir yazının mövzusudur...

Bu mənim üçün çox mühüm bir həqiqəti göstərdi:

Azərbaycanlı olmaq təkcə qan məsələsi deyil.

Bu, həm də mənəvi bağlılıqdır.

Bu, dilə sevgidir.

Bu, torpağa sədaqətdir.

Bu, xalqının sevincini öz sevincin, dərdini öz dərdin bilməkdir.

5. AZƏRBAYCANLI QADININ QÜRBƏT TALEYİ 

İllər ərzində Avropada başqa millətdən olan kişilərlə ailə qurmuş azərbaycanlı qadınlarımızın böyük əksəriyyətini, mənim müşahidələrimə görə, xoşbəxt görmüşəm.

Məni daha çox onların övladlarının Azərbaycana münasibətləri düşündürüb.

Belə ailənin ğvladlar əksəriyyəti həm ata, həm də ana millətinə bağlı olurlar. Hər iki mədəniyyətlə fəxr edirlər. Hər iki xalq üçün qəhrəmanlıq etməyə hazır olduqlarını göstərirlər.

Amma diqqətimi çəkən başqa bir məqam da var:

Onların bir çoxu Azərbaycan simvollarına, Azərbaycan dilinə və ana tərəfinin mədəniyyətinə xüsusi bağlılıq göstərirlər.

Ümumiyyətlə, mən başqa millətdən olan kişi ilə ailə qurduğuna görə öz milli kimliyini tamamilə itirmiş azərbaycanlı qadına demək olarkı rast gəlmədim.

Bəlkə də bu, bizim qürbətçi qadınlarımızın ailədə milli kimliyi qorumaq və soy-kökü baxımından daha dözümlü, qürurlu və daha məsuliyyətli olmalarının göstəricisidir.

KİŞİLƏR, NƏFSİNİZƏ HAKİM OLUN!

İndi isə ən sərt cümləmi deyirəm.

Kişilər, nəfsinizə hakim olun!

Qürbət azadlıqdır. Amma azadlıq məsuliyyətsizlik demək deyil. Başqa millətdən olan qadınla ailə qurmaq ayıb deyil. Başqa mədəniyyətə hörmət etmək də ayıb deyil. Amma öz dilini, öz ailəni, öz övladını, öz milli kimliyini və öz ləyaqətini itirmək təhlükəlidir.

Qürbətdə insanın qarşısında minlərlə seçim olur.

Ancaq hər seçim insanı xoşbəxt etmir.

Bəzən insan nəfsinə hakim ola bilməyib gəncliyində buraxdığı bir səhvin acısını ömrünün sonuna qədər çəkər...

Ona görə də deyirəm:

Nəfsinizə hakim olun. Yoxsa bir gün ömrünüz boyu başınıza döyərsiniz...

QÜRBƏTƏ GEDƏNLƏRƏ SON SÖZÜM

Qürbətə gedirsinizsə, gedin.

Dünyanı görün.

Oxuyun.

Öyrənin.

Başqa xalqların yaxşı cəhətlərini götürün.

Övladlarınıza yaxşı təhsil verin.

Amma bir şeyi unutmayın:

Qürbət insanın ünvanını dəyişə bilər, kimliyini yox. Əgər özünüzü itirəcəksinizsə, dünyanın ən zəngin ölkəsində yaşamağınızın nə mənası var?

Əgər övladınız ana dilində bir cümlə danışa bilməyəcəksə, sizin milyonlarınızın nə faydası olacaq?

Əgər uşağınız Azərbaycanın adını yalnız pasportunda görəcəksə, siz ona nə miras qoymuş olacaqsınız?

Ev, pul, biznes, vəzifə -  bunların hamısı bir gün keçib gedər. İnsandan isə adı, əməlləri və yetişdirdiyi övladlar qalır.

BU, MƏNİM QÜRBƏT DƏFTƏRİMDƏN KİÇİK BİR SƏHİFƏDİR…

Bax, 1990-cı ildən bu günə qədər qürbət həyatımda gördüklərimdən kiçik bir mənzərə belədir.

Bu, mənim həqiqətimdir. Kimsə razılaşar. Kimsə razılaşmaz. Kimsə məni tənqid edər. Kimsə söyər. Qoy söysün. Mən gördüklərimi yazıram.

Gələcəkdə bu qeydlərimi bir kitab halında çap etdirmək niyyətindəyəm...Əgər ömür vəfa versə…

Çünki qürbət yalnız xaricdə yaşamaq deyil. Qürbət həm də insanın öz içində yaşadığı böyük imtahandır.

Mən isə istəyirəm ki, qürbətə gedən soydaşım pulunu qazansın, dünyanı tanısın, savadını artırsın, amma özünü itirməsin.

Çünki dünyanın harasında yaşamağından asılı olmayaraq:

Sənin kökün səninlə gedir. Vətənini geridə qoymaq olar. Amma vətəni ürəyindən çıxarmaq olmaz.

Məndən demək.

İstəsəniz sağ qulağınızdan alıb sol qulağınızdan ötürün, getsin...

İstəsəniz məni də lap söyün.

Amma bir gün həyat qarşınıza çıxıb bu yazını xatırladanda, heç olmasa deyin:

“Bu adam bizi vaxtında xəbərdar etmişdi…”

Elman Mustafazadə
29 avqust 2024, Niderland

Xudaferin.eu

14:02