Tacikistan portalında Ağdaban faciəsi haqqında məqalə dərc edilib

Tacikistanın “faraj.tj” portalı öz səhifəsində Ağdaban faciəsi haqqında tacik dilində məqalə yerləşdirib.

Materialda bildirilir ki, Ağdaban faciəsinin törədilməsindən 30 il keçir. Ağdaban faciəsi erməni silahlıları tərəfindən Kəlbəcərin işğalından bir il əvvəl 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə törədilib və bu soyqırımı erməni quldurlarının azərbaycanlılara qarşı törətdiyi ən qanlı faciələrdən biridir.

Qeyd olunur ki, həmin gün kəndin 130 evi yandırılıb, 67 sakin qəddarlıqla öldürülüb, 779 adam təhqir edilib. Erməni quldurları 90-100 yaş arasında olan səkkiz sakini, iki uşağı, yeddi qadını diri-diri yandırıb, 12 adam ağır yaralanıb, iki nəfərin taleyi haqqında hələ də heç bir məlumat yoxdur.

Vurğulanır ki, hücum zamanı vandalizm siyasəti davam etdirilib, memarlıq və mədəniyyət abidələri, qəbirlər dağıdılıb və məhv edilib. Azərbaycan klassik aşıq sənətinin görkəmli nümayəndələri Aşıq Qurban və Aşıq Şəmşirin əlyazmaları yandırılıb.

Materialda Kəlbəcər rayonunun Çayqovuşan və Başlıbel faciələri haqqında da məlumat verilir. Qeyd olunur ki, Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də erməni işğalından azad edilib.

 

Qulu Kəngərli
Xudaferin.eu

15:47