Tablolarında şeir, şeirlərində tablo yaradan Adil Mirseyid

Adil Mirseyid mənim üçün böyük qardaş idi. Kiçik qardaşı Aydın Mirseyidlə taleyimiz bir idi. Onunla Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, sonra İncəsənət İnstitutunda birgə təhsil almışdıq. Mən boyakar rəssam kimi deyil, sənətşünas olaraq yetişdim. Aydın isə böyük qardaşı, hamımızın abisi Adil Mirseyidin yolu ilə getdi. Adil Mirseyidlə Aydının vasitəsilə tanış olmuşdum. Birlikdə bir yaz günü Ağdaşa, oradan da Ləki qəsəbəsinə getmişdik. Uzaqdan onu görən kimi yanıdım. Çünki, oturuşunda və baxışlarında dərin bir kədər var idi. Bu kədərin nə demək olduğunu elə uzaqdan da olsa sezmək mənim üçün həm tanış idi, həm də çox doğma idi. Bizləri nə rəssam, nə də şair kimi o dönəmdə “sənətin ədəbi məmurları” heç zaman yaxına buraxmazdılar. Bu kədər demək olar ki, hamımızın çiynindən ömür boyu sllanaraq bizimlə addımlayan bir tale əzabı idi. Adil Mirseyidgilin ailəsi zamanın keşməkeşləri içində alışıb yanan bir talenin əzabı idi. Onlar ağır repressiya illərində Qırğızstana sürgün olunmuşdular. Diktator Stalin öləndən yenidən Ağdaşa dönmüşdülər. Bir ailənin dəfələrlə yurd yerini dəyişməsi, hər dəfə də yeni həyat düzənini qurması çox çətin bir prosesdir. Adil və qardaşı Aydın məhz bu yolu keçərək əzabların palitrasını yaratmaq üçün rəssam olmuşdular. 

Rəssam üçün həyatında ən böyük sevinc illər boyu yaratdıqlarının hesabatı kimi öz sərgisini görməkdir. Şair üçün şeirlərinin çap olunaraq yayılmasıdır. Adil Mirseyid uzun illər bu iki xoşbəxtlikdən məhrum qalan bizdən öncəki nəslin nümayəndəsi idi. Nə yaxşı ki, keçmiş totalitar sovet rejimi yıxıldı. Belə bir məqamda Adil Mirseyid özündən öncə yazıb-yaradanlardan daha çox çap olunmağa başladı. Çünki, öncələrin ədəbi nəslini artıq oxuyan yox idi. Kimsə zorla bu “ədəbi maklatura” sahiblərnin əsərlərini oxutmağa  hökm edə bilmirdi. Ona görə ki, cəmiyyət uzun illər susdurulmuş nəsli dinləmək istəyirdi.
Azadlığın təşnəsi olan yeni düşüncə artıq Adil Mirseyid, Əlisəmid Kür, Allahverdi Təhləli, Rafiq Hümmət, Mehriban Vəzir kimi yazarların əsərlərini oxumaq istəyirdi.
Adil Mirseyid ölkə mətbuatında şair, çevirici (tərcüməçi) və essest kimi qısa bir zamanda çox məşhur bir simaya çevrildi. Artıq keçmiş sovet dönəmində olduğu kimi ictimai fikirdə şablonlaşmış ədəbi baxışlara artıq yer yox idi. O, bir yazar və rəssam kimi nə qədər çox çalışsa da, həyatın görünməyən əzablarını içində yaşamağa məcbur edilmişdi. Halal əməyi ilə ona çatası mənzili belə, AİB-də (Azərbaycan Yazıçılar Birliyi) ömürlük və əbədi rəhbər titulunu almış Anar Rzayev yağmaladı. Şəxsən mən özüm Adil Mİrseyidin ailə dramının bu tərəfini mətbuatda dəfələrlə işıqlandırdım. Sanki, yazılan sözlər, qaldırılan problemlər meşin qapıların arxasında eşidilməz oldu. Beləcə bu dahi insan ömrü boyu acınacaqlı məşiət qayğılarının girovuna çevrildi. Kirayə evlərdə yaşamağa onu məcbur etməklə sanki, “ədəbi bürokratiya”nın zirvəsində lövbər salmış “ədəbiyyat məmurları” bütün bunlardan meşşancasına zövq alırdılar. 2014-cü ilin isti iyul günlərinin birində, ayın 17-də uzun sürən xəstəliyə birdəfəlik vida söylədi. Onun illərə bərabər yataq xəstəsi olması AİB-in heç vecinə deyildi. Taleyinə və yaradıcılığına qənim kəsilmiş, bir çox istedadlarının taleyinə ögey münasibət sərgiləmək ənənələrinə sadiq qalan AİB sanki özünün əbədi apulasında idi. Bakıya gəldiyində maddi durumuna görə çox yerlərdə işləməli, sözün həqiqi mənasında tər tökə-tökə işləməli oldu. Ancaq, heç bir yerdə Adil Mirseyid adlı bir sənətkarın dəyərini doğru-düzgün verən olmadı. Onun şeirlərini oxuyanların arasında necə xəaclət çəkdiklərinin dəfələrlə şahidi olmuşam. Özlərinin ədəbiyyat və sənət heç bir aidiyyatı olmadıqları üçün, Adil Mirseyiddən sanki intiqam almaq üçün fürsət gözləyirdilər. Onun haqqında mümkün qədər cəmiyyətdə mənfi obraz yaratmaqdan zövq alırdılar. Ancaq, zaman özü sübut etdi ki, istedadlı şair və rəssam olmaq kimin taleyinə qismət olub. Adil Mİrseyidin həyatda olduğu dönəmdə

onun "Güzgüdəki adam", "Bulud adam", "Nəğmə adam", "Vernisaj şeirlər", "Ay süvarisi", "Amor Fati" şeirlər, "Haradan baxsan görünən adam" (monoqrafiya), "Ruhlarla insanlar arasında" (esselər) kitabları çap olunddu. Faktiki olaraq, bu kitabların ilk oxucusu kimi onunla dərdləşərdik. Uşaq kimi sevinərdi ki, onun da kitabları çap olunur. Əsərləri rus, ispan, ingilis, fransız, alman, eston və sair dillərə çevriləndə yerə-göyə sığmazdı. Ona görə ki, bu onun arzusu idi. Adil Mirseyid yeganə rəssamdır ki, sənətin sirləri haqqında  incəsənət və mədəniyyətlə ilgili 400-dən artıq esse, tərcümə və məqalənin müəllifidir. Onun rəsm əsərləri Almaniya, Rusiya, Qırğızıstan, Güney Azərbaycan, Türkiyə və Azərbaycanda şəxsi kolleksiyalarda saxlanılır. Həyat və yaradısılığı ilə bağlı İnternewsin sifarişi ilə rejissor Rövşən İsgəndərovun “Sözlərdən toxunmuş ömür” adlı sənədli film çəkilib (2002). İki fərdi sərgisi 2011-ci ildə baş tutdu. Bu onun sənət taleyində birinci dəfə idi ki, baş verirdi. Bu gün əziz abimiz həyatda yoxdur. Ömür yolunun yadigarı olan Ayan və Ayaz sanki Adil Mirseyidin taleyinin davamçıları kimi yaşayırlar. Ruhu ilə, şeir və tabloları ilə hər zaman içimizdə yaşayan Adil Mirseyid belə abi olaraq, yaddaşmızda yaşayır. Bu dünyadan köçəndə “evsiz, işsiz və dişsiz bir şair və rəssam öldü” dedilər. Ona ironik tərzdə yanaşan, sənətdə yaratdıqlarının bir kiçicik zərrəsi olmayanlar isə, villalar, şöhrət, orden-medal sahibləri diriykən ölü canlar olduqlarının fərqinə varmadılar.

Ənvər Börüsoy      

 

Adil Mirseyid

Şeirlər

Əlvida

Daha mənə təsəlli yox,
Yay gecələrində belə sənin səsin soyuq.
Yay gecələrində belə güzgülər buz kimi,
Yay gecələrində belə buz bağlamış güzgülərdən,
Ölüm baxır gözlərimə bir qara kabus kimi
Daha mənə təsəlli yox…

Daha yollarım bağlı,
Əlim ayağım qollarım bağlı.
Yenə çıldırıb ölümün ağlı,
Uzaqlarda uzaqlarda xınalı dağlar.

Xınalı dağlarda analar ağlar,
Uzaqlarda ay işıqlı bir dəniz.
Məni güllələyin siz,
Daha yollarım bağlı.

Əlvida dağlar əlvida,
Ölülər sağlar əlvida.
Əlvida könül ahlarım,
Əlvida günahlarım.

Yollarda qaldı gözlərim,
Dindirmə məni laldı gözlərim.

 

 

Ölüm haqqında metafizik düşüncələr

bir şair də itirdik bu şəhərdə,
Məndə bir şəkli qalıb bulvarda çəkdirmişik.
Bir də telefon nömrəsi…

Hələ də, hələ də qulağımdadı,
İçki məclisində şeir oxuyan səsi.
İnsan insanı ölümündən tanır demiş bir şair…

Ölüm də poza bilməyib bizim dostluğumuza,
Amma axşamlar çayxanaya gəlmir daha.
Mən ondan incimirəm,
Köhnə dost düşmən olmaz…

Bəzən gizlicə utanıram onun şeirlərindən,
Utanıram pəncərəmdən gülümsəyən
Gözəl səhərdən…

Mətbəxdə oturmuşam bəzən səhərə qədər,
Qaranlıq pəncərədə ay işığında şəhər
Və masanın üstündə bir fincan qara kədər…

Ölüm haqqında
Metafizik düşüncələrə dalıram…
Zamansızlıq içində yaşayıram sanki mən.

Dünyadan dörd əlli yapışıb
Yaşamaqda israr edirəm.
Hər gecə bir ulduzdan
Başqa bir ulduza gedirəm.

Bir zamanlar mən də şair idim,
Təpədən dırnağa qədər.
Ürəyimdə bülbüllər yuva qurardı,
Ürəyimdə bülbüllər qafamda qəza qədər…

Bir şair də itirdik bu şəhərdə,
İndi mərmər başdaşından
Bizə baxıb gülümsəyir ödünc aldığı ölüm…

Hər gün bir az ölüb dirilməyə bənzər,
Başa gələcək bəlaları ulduz falıyla yozmaq.
Bir rüzgarla qeyb olacağımızı bilə-bilə…

Oturub şeir yazmaq,
Ay qeyb oldu göy üzündə bir ara.
Qaranlıqda fit çalır sərxoş külək,
Mən özüm özümdən qaçıram sanki…

Sinəmin altında plastik ürək
Mən bir faciə qəhrəmanıyam bu anda,
Gecə qan qoxuyur köhnə limanda.

 

Köhnə dəyirmanın göyərçinləri

Bir meyxana küncündə dərddən gəbərir qərib,
Başı üstünə bir mələk qanadlarını gərib.
Bütün bəlalardan qoruyur onu,
Aynada mələyin bəyaz kölgəsi.

Burası tanrıların adamına şahid,
Sivil bir Avropa ölkəsi…
Dördkünc pəncərə çərçivəsində
Qotik lüteran kilsəsi.

Beysbol papağını gözü üstünnə basıb arxadaş,
Güzgüyə pəncərəyə baxacaq halımı var?
Boyunundan quran asıb məmləkətdən yadigar,
Küçələrdə, meydanlarda sərsəri bir maskarad…

Günahları əf edir lüteran kilsəsi,
Adamı röyadan ayırdı ustad.
Kilsə zənglərinin ət kəsən səsi,
Qürbət bir yükdü çiyinlərində.

Şaşırmış kimi bir halı var,
Bu axşam nə tutulacaq yaşıl budağı.
Nə də sığınacaq bir xəyalı var,
Buzovna bağlarında yaşadığımız günlər.

Heç onun yadına düşürmü indi,
Zamanı geriyə döndərə bilsəm.
Qürbət qəhər edər səni deyirəm qoca dendi,
Macəra dolu gənclik yaşamışdı Bakıda.

Köhnə dəyirmanın yanında,
Səhərlər sevda və umud.
Axşamlar alkoqol axardı qanında…

Köhnə dəyirmanın göyərçinləri sevərdi onu,
O da çox sevərdi göyərçinləri.
Dəyirmanın yanında köhnə bir kafe vardı,
Bir zamanlar orada görüşərdik biz.

Buradan yüz addımlıqda Hökumət Evi,
Buradan yüz addımlıqda kitabxana.
Buradan yüz addımlıqda dəniz,
Buradan yüz addımlıqda ayrılıq həsrəti.
Buradan yüz addımlıqda qürbət…

 

 

Ölümqabağı yazılan şeir

Başım cəllad baltası altında olsa belə,
Səni düşünəcəm yenə.
Gözlərini baxışlarını düşünəcəm,
Bakıda may yağışlarını düşünəcəm.

Yasəmən qoxulu may yağışları,
İpək saçlarında may yağışlarının sirri.
May yağışlarının sirrini duyacam,
Barmaqlarımın ucunda…

Qafamın içində nə vətən məhəbbəti,
Nə azadlıq havası nə şeir sevdası.
Nə dostluq və düşmanlıq,
Nə günah nə peşmanlıq
Öləcəyəm yalnız sənin uğrunda

Cəllad baltası altında qara frak geyməliyəm,
Yaxama gül taxmalıyam.
İlk dəfə görüşmüştək,
Dodağımda təbəssüm
Dönüb sənə baxmalıyam

 

Güzgüdəki adam

Adam öz adını unudur bəzən,
Bir səhər güzgüyə baxıb görür ki
Gözləri qan çəkib güzgüdəki adamın.
Güzgüdəki adam çıx güzgüdən,
Çıxmasan güzgünü sındıraram mən.

Amma inanma sözümə
Gücüm çatmaz bu güzgüyə.
Gücüm çatsa da əl qaldırmaram,
Güzgüdəki adam bağışla məni
Çap etdirə bilmədim şeirlərini

Satılmadım satmadım
Bir də satmaq üçünmü söylə.
Öz-özünə oxunan dualar
Özüm istəmədən aldatdım səni.
Vaxtsız qocaltdım səni
Güzgüdəki adam kimsən nəçisən

 

Rok-n-roll xatirəsi

Bir xatirəm yaşayır Növbahar kafesində,
Bir ruh kimi yaşayır guya ki bəxtiyardı.
Təsəlli aramıram daha yağmur səsində,
Bir zamanlar dünyada başqa bir adil vardı.

Bu kafeyə gələrdi soyuq şərab içərdi,
Hər günü son gün kimi yaşayardı dünyada.
Dost dediyi adamın günahından keçərdi,
Sevdiyi bir qadını öldürərdi röyada.

Lennonun eynəyinə bənzəyirdi eynəyi,
Bir rok-n-roll havası vardı dərdli başında.
Heç sözünə baxmazdı ritmi pozuq ürəyi,
Saqqalı ağarmışdı hələ otuz yaşında.

Ölümün yalnızlığı səsləyir onu bəzən,
Umudun ağ yelkəni uzaqlaşır hər səhər.
Növbahar kafesini əbəs axtarırsan sən,
Sənə demişdim axı labirintdi bu şəhər.

 

Pəncərəmin şüşəsinə yazdığım şeir

Pəncərəmin şüşəsində və masanın üstündə
Titrək işıq ləkələri kağız qələm və saat,
Bardaqda bir fincan su.

Yağlı boya kətan tütün və tənhalıq qoxusu,
Deməli mən bu evdə yaşayıram hələ,
Deməli davam edir həyat.

Həyat belə davam edərsə əgər,
Mən ölüm şərabımı son damlasına qədər içməliyəm.
Şirin candan vaz keçməliyəm.

Son dəfə bir gözəl musiqi dinləməliyəm,
Sonra durub vəsiyyət şeirimi yazmalıyam.
Son siqaretimi çəkib özümü asmalıyam.

 

 

İlk şeirim

ilk şeirimi yazdığım zaman şairləri ölümsüz bilirdim,
O gecə ay doğmuşdu dağların üstündə.
O gecə mən gümüş aya ismarladım.

Bəxtsiz talesiz şairləri
İndi ürək ağrısı ilə xatırlayacam.
İnsanın böyük adına bağışladığım şeirləri.

 

Türk kafesində köhnə dostumu xatırlayıram

Buludlar sınıb tökülür buludlar,
Umudlar qafası sərxoş umudlar.
Bir səhər aynaya baxanda
Laxtalanmış qan ləkəsi görəcəksən yaxanda.

Onda qoca Mefistofel gülümsəyər üzünə,
Sən o gündən düşmən olarsan özün özünə.
Fəqət uzun yollar var hələ sənin önündə.

Bəlkə bir yağmur mələyi,
Bəlkə bir sevda çiçəyi,
Xilas edəcək səni günlərin bir günündə.

Bir küçə davasında dost olmuşduq biz,
Sonra pivə günəş dəniz,
Qum üstündə futbol
və ağlı başdan alan rok-n-roll

 

Unut umu-küsüləri, unut

Mən çoxdan qapamışam haqq hesab dəftərini,
Yalqızlıq bir silahdı tətiyi qapıya bağlı.
İndi sən nə söyləsən anlamsız olacaq,
Ayrılıq havasına gözlərimiz dolacaq.

Mən sənin portretini çəkəcəkdim,
Özü də pəncərə önündə.
Ayrılıq girdi araya, ayrılıq,
Yasəmən qoxulu bir yaz günündə.

Mən bir ömür boyu şəhər şəhər daşıdım umudun cəsədini,
Hər qapı arxasında bir insan dramı.
Bir məhəbbət macərası,
Bir ayrılıq hekayəsi

Bir faciə yaşanır

Yalnızlıq bir silahdı fələyi ürəyə bağlı,
Bir küçə davasından sonra dost olmuşuq biz.
Bir rüzgar kimi keçdi gəncliyimiz,
Bilirəm, bilirəm səni sırtından vurdu qədər.
Bir gün məni axtarsan əgər,
Sən bildiyin türk kafesində olacağam yenə
Sən məni unutsan da mən dua edəcəyəm sənə

 

Alnımda tanrının bir qəmli şeiri

Nə günahın sahibiydim belə uzun yaşadım,
Otuz yaş da qocalıqdı mənimçün.
Gicgahımda bir ağrı var
Qəfil sancır gicgahımda bir dammar
Güllə yeridi bəlkə.
Bir nar çiçəyi açıb
Könlümün budağında
Güllə yeridi bəlkə.

Gözlərimdə bir qürbət qaranlığı
Aydınlanan yerdəcə.
İçimə qorxu salan nədir birdən birə,
Mən səhrada tənha atlı.

Alnımda tanrının bir qəmli şeiri,
Alnımda bir öpüş yeri
Güllə yeridi bəlkə

 

Ay sonatası

Ay gedir mor dağlar ulduzlar qalır,
Ay gedir fanilər yalqızlar qalır.
Ay gedir çin olur yarımçıq yuxum,
Ay gedir oynayır bədəndə ruhum.

Ay gedir hürküb diksinir atım,
Ay gedir qırılır qolum qanadım.
Ay gedir sönərmi sönməzmi bilməm,
Ay gedir dönərmi dönməzmi bilməm.
Ay gedir bir söz çıxmır dilimdən,
Ay gedir ürəyim düşür əlimdən…

 

Sentimental melodiya

Məndillə gözünü silən bir qadın,
Ürəyində gizlədib ağısına həyatın.
İlahi gözləri sözünə baxmır,
Göz yaşı içindən həm axır həm axmır.

Bütün rənglər qeyb olub bu şəhərdən,
Soyuq yağış yağır bu gün səhərdən.
Qadının ağlayan gözləri peşman,
Əski nəğmələrin sözləri peşman.

Qadının gözləri könlünə düşmən,
Niyə bu qadına ürək açdım mən.
Tül pərdəli pəncərədə sislər dumanlar,
Bir-birinə qarışıb gerçəklərlə dumanlar.

Hər damla göz yaşına arzu umud və röya,
Sentimental bir sevda, sentimental melodiya

 

Saz ovqatı

Pəncərədə qarğa tükü qaranlıq,
Ay görünmür tanrım söylə ay hanı.
Əsən rüzgar sanki durur bir anlıq,
Dənizdə çırpınır gecənin canı.

Buzovna yolunda işıqlar sönüb,
Umud yarpaqları göyə sovrulur.
Yenə əski günlər geriyə dönüb,
Dərd ürəkdə qovğa kimi qovrulur

Ağlıma nazımdan bir misra gəldi,
O şeirin havası doldu içimə.
Kor küçə fənəri gözünü sildi,
Aylardan may ayı, günlərdən cümə.

Bir lal aşıq çaldı qara sazını,
Qara sazda yuva qurub ürəyim.
Aynada oxudum alın yazımı,
Aynada qeyb oldu uçan mələyim.

14:03