Şuşaya çəkilən zəfər yolunun strateji və iqtisadi əhəmiyyəti

Anar Nəcəfli: “101,1 km uzunluğunda, 6 hərəkət zolağından ibarət geniş bir yol olacaq”

Dağlıq Qarabağda illər sonra yol infrastrukturunun bərpasına başlanılıb. Belə ki, Prezident İlham Əliyevin  göstərişi ilə Füzuli şəhərindən Şuşa şəhərinə yol çəkilir. Artıq yolun çəkilişinə start verilib.  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda layihənin icrasının gedişi ilə tanış olublar.

Dövlət başçısı qeyd edib ki, həmin gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür: “Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur”.

Prezident bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib: “Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır. Eyni zamanda bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir. Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Və deyə bilərəm ki, 2004-cü ildən bu günə qədər 16 min km-dən çox avtomobil yolu çəkilibdir. Yollar da keyfiyyətlidir. Bu göstəriciyə görə, Azərbaycan dünyada qabaqcıl yerlərdədir”.

Ekspertlər də Füzulidən Şuşaya çəkilən yolun siyasi, iqtisadi, strateji əhəmiyyətini yüksək dəyərləndirirlər. Artıq təməli qoyulan Şuşa zəfər yolunun detalları ilə bağlı məlumat verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, təməlqoyma mərasimindən sonra dərhal işlərə başlanılıb: “Noyabrın 17-də dövlət başçısının da sərəncamı oldu və yolun layihələndirilməsi və tikintisi ilə bağlı müvafiq maliyyə vəsaiti ayrıldı. Artıq 3-cü gündür ki, yolda tikinti işləri həyata keçirilir. 101,1 km uzunluğunda yol birinci texniki dərəcəyə uyğun olaraq inşa olunur. 6 hərəkət zolağından ibarət geniş bir yol olacaq. 4 əsas zolaq olacaq, 2 zolaq isə hərbi istiqamətdə xidməti zolaq kimi nəzərdə tutulub. Bu işlərin qısa müddət ərzində yekunlaşdırılması ilə bağlı dövlət başçısı tərəfindən göstəriş verilib. Bu yolu Şuşaya zəfər yolumuz da adlandıra bilərik. İlk olaraq Qarabağımızda infrastruktur layihələrinin icrası məhz bu yolun salınması ilə start götürdü.

Anar Nəcəfli yenidən aparıcılıq edəcək - Open.az

Anar Nəcəfli

Füzuli şəhərindən də keçməklə bu rayonun yaşayış məntəqələrini, şəhərin özünü Şuşa şəhəri ilə birləşdirən yol olacaq. Şuşa şəhərinə gedən bu zəfər yolumuz xüsusi relyefə malik olan çətin ərazidən keçir. Həmin ərazidə işlərin vaxtında yekunlaşdırılması üçün həm Agentlik olaraq  biz cəlb olunacağıq, həm də yerli və xarici, xüsusən də Türkiyənin podratçı şirkətlərinin cəlb olunması nəzərdə tutulur. Çünki Türkiyədə xüsusi relyefə malik olan çətin şəraitli dağlıq ərazilərə yol çəkilməsində tikinti işlərinin aparılması ilə bağlı təcrübəli şirkətlər var. Onlar da bu işə cəlb olunacaq ki, qısa müddətdə yekunlaşdırmaq mümkün olsun və artıq vətəndaşlarımız rahat şəkildə doğma Şuşamıza, Qarabağımıza gedib-gələ bilsinlər. Bizim Ağdam-Xankəndi-Şuşa yolumuz da var, ancaq hələlik məlum səbəblərdən oradan istifadə etmək mümkün deyil. Ancaq gələcəkdə onun da istifadəsi mümkün olacaq. Həm Ağdamda, həm Kəlbəcərdə  digər yollarımızın da yenidən qurulması layihələri mərhələ-mərhələ hazırlanır, təqdim olunur və bu işlər də icra olunacaq".

A.Nəcəflinin sözlərinə görə, Qarabağın gələcək inkişaf perspektivləri nəzərə alınmaqla dövlət başçısı, tam müasir standartlara uyğun geniş bir yolun çəkilməsinə göstəriş verib: “Başlanğıcını Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan sərhədinə qədər uzanan magistral yolumuzdan, Füzulinin Əhmədbəyli kəndindən götürür. Növbəti layihəmiz də hazırlanır, bu magistral yolun Horadizə qədər olan hissəsi yenidən qurulmuşdu. Horadiz- Mincivan-Ermənistan sərhədinə qədər olan hissəsi isə tam olaraq erməni vandalları tərəfindən dağıdılıb, yaşayış məntəqələri kimi yollar da sıradan çıxarılıb. Əvvəllər işğal altında olan ərazilərimizdə 2665 kilomert yollarımız var idi ki, onların hamısı bu vəziyyətdədir, dağıdılıb, sıradan çıxarılıb, körpülər uçurulub. Onların hamısının bərpa edilməsinə ehtiyac var. Həmin yolun Horadiz-Mincivan hissəsi 118 kilomert təşkil edir. Həmin yolun bərpa layihəsinin yaxın müddətdə təsdiqlənməsi gözlənilir. Çünki Cəbrayıl və Qubadlı rayonları o istiqamətdə yerləşir. Həmin yolun da yenidən qurulması mütləqdir. Gələcək inişaf perspektivi və o yoldan Ermənistan ərazisindən keçməklə Naxçıvana gediş-gəlişin mümkün olacağı nəzərə alınmaqla həmin yolun da 6 hərəkət zolağından ibarət olması nəzərdə tutulur. Bu yollar üzərində yeni körpülər, yeni tunellər inşa olunacaq”.

Vüqar Bayramov: “BMT-nin hesabatına görə Azərbaycan regionun lider  ölkəsidir”

Vüqar Bayramov

İqtisadçı alim, Füzuli rayonundan seçilən millət vəkili Vüqar Bayramov da Şuşaya yol çəkilməsini iqtisadi və strateji yüksək qiymətləndirib: “Füzuli rayonundan Azərbaycanın qürur şəhəri olan Şuşaya yol çəkilişinə başlanılıb. Füzuli rayonunun Alxanlı qəsəbəsindən başlanan yol bizi Şuşaya çatdıracaq. Bu yol Azərbaycan üçün həm strateji, həm də iqtisadi əhəmiyyət daşıyır. Həmin yol Şuşa ilə Azərbaycanın digər yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsinin qurulmasına imkan verəcək. İşğaldan əvvəl Şuşa şəhərinə Ağdam və Xankəndindən keçməklə gedilirdi. Digər tərəfdən, çox yaxın zamanlarda xeyli sayda vətəndaşlarımız işğaldan azad olunan rayonlarımızı, o cümlədən Şuşa şəhərini ziyarət edəcəklər. Bu isə bu zonalarda daxili turizmin inkişafı deməkdir. Bütövlükdə, gözlənilir ki, daxili turizmə üstünlük verən vətəndaşlarımızın əhəmiyyətli hissəsi bərpadan sonra işğaldan azad olunan ərazilərimizi də seçəcəklər. Bu isə həmin ərazilərimizdə biznesin inkişafı baxımdan vacibdir. Bütövlükdə Azərbaycan tarixi üçün xüsusi əhəmiyyət daşıyacaq həmin yol bizi əbədi olaraq Şuşa şəhərinə çatdıracaq. 28 ildən sonra Şuşa şəhəri həm də öz doğma adını bərpa etdi. Azərbaycanın incisi sayılan Şuşa şəhəri işğal müddətində baxımsız şəhərə çevrilmişdi. Artıq Şuşaya həyat qayıdır. Şuşada Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramının icrasına başlanılır. Bu o deməkdir ki, şuşalılar kiçik ailə biznesləri kimi öz doğma şəhərlərinə qayıda biləcəklər. Şuşada sahibkarlığın inkişafı ilə bağlı digər proqramların da icrasına başlanılması gözlənilir. Çox yaxın zamanlarda Şuşa şəhəri ölkəmizin ən çox inkişaf etmiş yaşayış məntəqələrindən birinə çevriləcək. Böyük turizm potensialı olan Şuşa şəhəri sürətlə inkişaf edəcək”.

Xudaferin.eu

09:53