Şuşanın işğalından 28 il ötdü-Qan YADDAŞIMIZ

Ermənistan silahlı qüvvələrinin Rusiyanın 366-cı alayının 40 zirehli texnikasının dəstəyi ilə Azərbaycan Respublikasının Şuşa şəhərini işğal etməsinin ildönümüdür. Artıq Şuşanın işğalından 28 il ötür.

Bu barədə tarixçi-alim Dilavər Əzmli Sonxeber.az-a açıqlama verib. O, bildirib ki, Şuşa onun yuxularının şəhərinə çevrilib:
"Şuşa mənim üçün bəzəkli bir gəlindir və indi bu gəlin əsirlikdədir. Mən Şuşada olanda bir metr eni, iki metr uzunluğu olan torpaq parçasında iki yüzə qədər çiçək saymışam. Şuşa belə Şuşa idi.

 

1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni hərbi birləşmələri 11 min nəfərlik qoşunla üç istiqamətdən Şuşa şəhərinə hücum edib və Şuşa talan olunub.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 195-dən çox azərbaycanlı şəhid, 102 nəfər əlil olub, 165 nəfər isə itkin düşüb.
İşğal nəticəsində 289 kvadratkilometrlik ərazi zəbt olunub. Düşmən bir sıra tarixi-mədəniyyət abidələrini talan edib. 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılıb, 20 kitabxana yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib, müqəddəs məbəd və məscidlər təhqir edilib. Bu siyahıya dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

Şuşasız Azərbaycan mənim üçün yox kimidir. Cıdır düzü, hələ gözəlliyi göz oxşayan bulaqları, çəmənləri var idi. Bir dəfə Şuşada olan o dəqiqə elə bilirdi ki, cənnətə düşüb. İndi Şuşa, o bəzəkli gəlin əsirdir, vəhşi erməninin əlində girovdur. Bu, 28 il şəxsən mənə tarixçi kimi müəyyən qənaətlər ələdə etməyə imkan verir. Şuşanı erməni işğal edə və buna onun hünəri çata bilməzdi. Şuşanın işğalına SSRİ-nin parçalanmasından sonra Rusiyanın Azərbaycana qarşı yeritdiyi siyasət çərçivəsində baxmaq lazımdır. Baxın, çar Rusiyası süqut edəndə, Rusiyanın hesabına erməni gavurlar bizdən torpaq qopardılar. SSRİ parçalananda da yenə Rusiyanın hesabına erməni gavurlar bizim torpaqları işğal etdilər. Şuşanın qəhrəman döyüşçüləri var idi. Onlar gözümün qabağından getmir. Ramiz Qəmbərov, onun qəhrəman döyüşçüləri, Mikayıl Gözəlov İcra başçısı idi. İndi çoxları başlayacaq ki, daha çox Şuşa uğrunda döyüşənləri ittiham etməyə. Amma bu 28 il şəxsən mənə bir tarixçi, həm də Qarabağ savaşlarının şahidi kimi çıxarlar etməyə böyük imkan verir. Qanında millət sevgisi olan insan Şuşaya xəyanət edə bilməzdi. Şuşaya xəyanət edənlər isə birbaşa Rusiya xüsusi xidmətinə işləyən adamlar idi. Onlar aramızda çox idi və onları Rusiya istiqamətləndirirdi. Məhz onların əli ilə Mikayıl Gözəlov qətlə yetirildi. Məhz onlar Ramiz Qəmbərovu qətlə yetirdilər. Əslində, Şuşanı başsız qoydular.

Şuşada qəhrəman oğullarımız sona qədər döyüşdü amma Şuşanı saxlamağa gücləri çatmadı. Rusiyanın birbaşa köməkliyi ilə hücum edən erməni gavurlar Şuşaya daxil olub oranı mundarladılar. Bu gün kimisə ittiham etməkdən də uzağam. Tarixçi kimi deyim ki, tariximizdə belə hallar çox olub. Düşmən torpaqlarımızı işğal edib, amma tezliklə onları məhv edib dövlətçiliyimizi bərpa etmişik.

Ermənistan günü-gündən çökür. Bizim üçün yaxşı şans yaranır və biz ərazilərimizi azad edə, Şuşamızı erməni gavurlarının murdar ayaqlarından təmizləyə bilərik. Bütün Azərbaycan bu həsrətlə yaşayır. Yaranan uğurlu şəraitdən istifadə etməliyik. Şuşa bizi gözləyir. Çox çəkdi Şuşanın intizarı. Bu intizara son qoymağın vaxtıdır". /sonxeber.az/

F.Ağayeva

14:31