ŞUŞA UŞAQLARIN AZADLIQ RƏMZİ İDİ…

Hər zaman düşünmüşəm ki, görəsən özüm Ağdamda doğulub böyüdüyüm halda, niyə mən həmişə Şuşanı daha çox sevmişəm?Deyəsən son zamanlar bunun cavabını tapmışam…

Şuşa mənim üçün ömrüm boyu ən çox dəyər verdiyim bir duyğunun -Azadlığın rəmzidir. İzah etməyə çalışacam. Yəqin ki, bir çoxları mənim fikrimi təsdiqləyər. 

Ağdamda uşaqları, xüsusilə qız uşaqlarını bir qədər mühafizəkar böyüdürdülər. Yəni sən  məktəb və ev yolundan və bir neçə yaxın qohum evindən başqa ayrı yer tanımırdın. Şəhərə gəzməyə çıxmırdın, gec saatlara qədər küçədə oynamırdın. və s. 

Amma yay aylarında Şuşaya köçəndə (bu mərasimi o qədər həsrətlə gözləyirdik ki...) elə bil bütün o qadağalar Ağdamda qalırdı. Elə bil orda hamı Şuşalı olurdu. Bütün gün, qaranlıq qovuşanadək küçədə  uşaqlarla oynaya da bilirdin, hər axşam geyinib-bəzənib Cıdır düzünə, İsa bulağına, Güllü bağa, "Dom Oddux" deyilən istirahət evinə, Turş Su qalereyasına, və s. gəzməli yerlərə gedə də bilirdin. Kinoteatrda film izləməyə, demək olar, hər həftə Üzeyir bəyin ev muzeyinə  gedirdin... 

Ən maraqlısı isə balaca səhənglə Xan Qızının bulağından su daşımaq idi... Sonra Şuşa deyəndə Cıdır düzündən dərdiyimiz çox zərif, qərənfil dediyimiz çəhrayı bir çiçəyin , Şuşa bazarına girən kimi adamın burnunu qıdıqlayan sap-sarı yemişlərin, cürbəcür yay meyvələrinin qoxusu, üstündə narıncı rəngli tülkü şəkli olan göy kağıza bükülmüş dördkünc südlü dondurmanın, bir də demək olar hər evdə satılan sap-sarı daş kimi inək qaymağının dadı yada düşür. Və bir də bütün bu gözəllikləri yaşamaq üçün biz uşaqlara verilən Azadlıq!

Şəhərin bir çox səmtində kirayə ev tutub qalmışıq. Ancaq ən çox xatirimdə qalan, Şuşa həbsxanasının yaxınlığında, Xan qızı Natəvanın evinə və bulağına, Üzeyir bəyin ev muzeyinə yaxın bir yerdə  yerləşən bir evdə qalmağımızdır.

Şuşadakı evlərin əksəriyyətinin bir xüsusiyyəti vardı: küçədən baxanda iki, üç mərtəbəli görünən evlər, həyətə girəndə içəridən bir mərtəbəli olardı. Yəni həyətlər özü bir neçə qatdan ibarət olurdu. Uşaq vaxtı bunun səbəbini anlamasam da, sonralar başa düşdüm ki, bu Şuşanın relyefi ilə bağlı idi. Dağlıq ərazi olduğundan evlər də buna uyğun tikilirdi. Həmin o ev də eynən bu cür idi. Bir tərəfdən iki, bir tərəfdən bir mərtəbəli olan evin uzun bir aynabəndi vardı və o aynabəndin baş pəncərəsindən Şuşanın demək olar ki, ən möhtəşəm mənzərəsi açılırdı…

Yadımdadır ki, yayda bizə gələn bütün qonaqlara atam fəxrlə bu mənzərəni göstərərdi. Əzəmətli dağlara -Şir dağına baxan o pəncərədən həmişə sərin külək dolardı içəri...

Evimizin yaxınlığında yerli uşaqların nədənsə "Rus qoruğu" adlandırdıqları bir qəbristanlıq vardı. Dağlıq ərazidə salınan bu qəbristanlığın ən aşağısında azərbaycan, dağın başında isə rus və erməni qəbirləri vardı. Adətən uşaqlar qəbristablıqlardan qorxarlar. Biz isə, bir dəstə uşaq, heç nədənsə qorxmadan saatlarla o qəbristanlıqda oynayardıq…  oxuyardıq…

Şuşani bir də ona görə sevirdim ki, orda heç vaxt palçıq olmurdu. Doğrudur, Ağdam çox gözəl və müasir bir şəhər idi. Amma heç də  bütün yollar asfalt olmadığından , yağış yağanda bəzi küçələr palçıq olurdu və biz dərsə gedəndə bu palçığa batırdıq. 

Şuşada isə palçıq olmazdı. Bütün küçələr Şuşa qranit daşları ilə döşəndiyindən, yağış bitib gün çıxan kimi hər yer qup-quru olardı. İndi həmişə İçəri şəhərdə gəzəndə Şuşanın küçələrini xatırlayıram...

Qaldığımız başqa bir evin pəncərəsi belə daş döşəməli bir yoxuşa  açılırdı. Onda hələ məktəbə getmirdim. Hər dəfə yağış yağanda o küçədən üzü aşağı sel gedirdi, və mən enli pəncərənin içində oturub  saatlarla heyrətlə bu seli izləyər, onu öz uşaq ağlımla güclü çaya bənzədərdim...

Ən çox sevdiyimiz məşğuliyyətlərdən biri də, sonralar təmir olunan həmin o məşhur Şuşa qalasının əvvəlki vaxtlarında onun üstünə dırmaşıb aşağıdan ilan kimi üzü yuxarı qıvrılan dolama yolları, o yollarla qalxan maşınları seyr etmək idi...

Avqustun axırında bütün məktəb ləvazimatlarımızı Şuşadan alırdıq. Bu başqa bir ritual idi: o xəttkeşlər, transportirlər, pərgarlar, müxtəlif qalınlıqlı damalı və tək cızıqlı dəftərlər, penallar, saymaq üçün rəngarəng plastmas çubuqlar və daha nələr…Təkcə dərsliklərdən başqa. Onları nədənsə Ağdamdan alardıq həmişə. Biz qayıdanda artıq atam kitablarımızı almış olurdu, və evimizə girən kimi, ilk işimiz tez qaçıb təp-təzə, spesifik qoxusu olan o kitabları vərəqləmək olurdu...

Hər il iyun ayının ikinci yarısı, gecələr bacımla göy üzündə ulduzları sayardıq. Bunun da xüsusi bir mənası vardı: əgər göydə ulduz çox idisə demək sabah hava  isti olacaqdı. Bu isə o deməkdi ki, artıq biz üç aylığa Şuşaya köçəcəyik. 
Köçmək isə bir başqa aləmdi. Anam iynə-sapdan tutmuş döşəmə silən taxtaya, kabab şişlərindən tutmuş paltar sancaqlarına kimi hər şeyi özüylə götürərdi. Elə ki, bizə deyirdilər, hər kəs öz çemodanını yığsın, sevincimizin həddi-hüdudu olmurdu. Ev əşyaları böyük yük maşınında, ailə üzvlərimiz isə kiçik minik maşınında gedərdi…

Amma biz uşaqların ən böyük arzusu o  üstü açıq yuk maşınının üstündə, yumşaq yorğan-döşəyin içində getmək idi. Amma təhlükəli olduğundan çox vaxt böyüklər buna icazə verməzdilər. Bundan məyus olsaq da bu inciklik Şuşa sevincinə kölgə sala bilməzdi...

Bir dəfə yeni bir evə ilk dəfə gedəndə ev sahibinin qızı əşyalarımızın çoxluğunu görüb anasına deybmiş ki, deyəsən bunlar həmişəlik gəlib))) Sonralar o ev sahibləri ilə dostluğumuz illərlə sürər, qış aylarında onları Ağdama, evimizə  qonaq çağırardıq...

Gələrkən nə qədər həvəsliydiksə, avqustun sonlarına doğru evimizə- Ağdama qayıtmağı da o cür səbirsizliklə gözləyərdik. Yəqin bunun da adı "Yurd həsrətiymiş"... Sonralar düz 28 il  sürəcək bu yurd həsrəti…

Şahrun Süleymanlı

Xudaferin.eu

20:31