Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilir

Martın 18-də Şuşa şəhərində Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilir.
AZƏRTAC xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə təyyarə ilə Qarabağın hava qapısına - Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Aeroport ilə yaxından tanış olduqdan sonra Zəfər yolu ilə Şuşaya səfər ediblər.
Şuşa toplantısında əsas məqsəd Azərbaycan-BMT tərəfdaşlığında Davamlı İnkişaf Məqsədləri istiqamətində qət edilmiş yolun nəzərdən keçirilməsi üçün əlverişli platforma yaratmaq, postpandemiya və postmünaqişə reallıqlarında Azərbaycanın yeni prioritetlərini və imkanlarını müzakirə etməkdir.
Toplantı çərçivəsində müzakirələr 2 panel üzrə aparılır. Birinci paneldə münaqişədən sonrakı dövrdə Davamlı İnkişaf Məqsədləri sahəsindəki müasir çağırışlar və imkanlar nəzərdən keçiriləcək. Burada keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə təhlükəsiz və layiqli qayıdışının təmin edilməsi, “yaşıl enerji” potensialından istifadə, humanitar mina fəaliyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. İkinci paneldə isə COVID-19 pandemiyasından sonrakı dünyanın vəziyyəti, postpandemiya dövrünün reallıqları, pandemiyanın qlobal mühitə sosial-iqtisadi təsirini azaltmaq üçün imkanların qiymətləndirilməsi, bu sahədə Azərbaycanın qlobal təşəbbüsləri kimi məsələlər müzakirə ediləcək.
Toplantıda Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri iştirak edirlər.
Çoxşaxəli əməkdaşlığı özündə ehtiva edən Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının məhz Şuşada keçirilməsi xüsusi rəmzi məna daşıyır. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, hazırda bölgənin bərpa-quruculuq, tərəqqi, qələbə simvoludur.
Qeyd edək ki, 30 il əvvəl - 1992-ci il martın 2-də Azərbaycan Respublikası BMT ailəsinin bərabərhüquqlu üzvünə çevrilib, bununla da beynəlxalq ictimaiyyətdə layiqli təmsil olunmaq imkanı qazanıb. Ötən dövr ərzində Azərbaycan-BMT tərəfdaşlığı yüksələn xətt üzrə inkişaf edib. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan BMT platformalarında irəli sürdüyü qlobal təşəbbüsləri ilə fərqlənən və böyük dəstək qazanan qabaqcıl ölkələrdən biridir.
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə də xüsusi önəm verir. Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlətdir. Dayanıqlı İnkişaf Məqsədlərinin nailiyyət indeksi üzrə mümkün 100 xaldan 72,4 xal toplayan Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında 165 ölkə arasında 55-ci yeri tutub. Hesabatda Azərbaycanın yoxsulluğun azaldılması, səhiyyə, qidalanma, qadınların əmək bazarında iştirakı, təmiz su və sanitariya, enerjiyə əlçatanlıq, internet istifadəsi, nəsli kəsilmək təhlükəsi olan canlıların mühafizəsi, əhalinin rifahının yaxşılaşdırılması, şəhər və yaşayış məntəqələrinin davamlı inkişafı sahələrində əldə etdiyi tərəqqi ayrıca vurğulanıb.
Sülh və davamlı inkişaf bir-biri ilə sıx bağlıdır və bir-birini gücləndirir. 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyində BMT-yə üzv dövlətlər inkişaf üçün sülhün vacibliyini yekdilliklə qəbul edib. Hazırda Azərbaycan münaqişədən zərər çəkmiş ərazilərində əsaslı yenidənqurma və bərpa işləri aparır, ən qabaqcıl standartları, alətləri və texnologiyaları tətbiq etməklə fəaliyyətini ardıcıl şəkildə genişləndirir və sürətləndirir. Bu baxımdan davamlı inkişaf prinsiplərini rəhbər tutaraq azad olunmuş ərazilərdəki dirçəliş prosesinin Davamlı İnkişaf Məqsədlərinə ölkəni daha da yaxınlaşmasını təmin etmək Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.Bu baxımdan Azərbaycanın COVID-19 pandemiyasının nəzarətdə saxlanılması üçün vaxtında gördüyü təsirli və adekvat tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilir. Azərbaycan pandemiyaya, “peyvənd millətçiliyi”nə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində də mühüm qlobal təşəbbüslərlə çıxış edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun bariz nümunələridir. Həmrəylik əlaməti olaraq koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə yaxın ölkəyə maliyyə və humanitar yardımı göstərib. Azərbaycan, həmçinin qlobal tədbirlərlə bağlı konkret tövsiyələr hazırlaya biləcək BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin təsis edilməsi təşəbbüsü ilə çıxış edib. Bundan başqa, Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik edən ölkə kimi postpandemiya dövrünün müzakirəsi üçün Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti yüksək səviyyəli iclasının təşkil edilməsi üzərində çalışır.

Xudaferin.eu


13:29