Şuşa Şəhər Kitabxanasının 120 illiyi qeyd edilib

 

Fevralın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Şuşa Şəhər Kitabxanasının yaranmasının 120 illiyinə həsr edilmiş tədbir keçirilib. Öncə tədbir iştirakçıları Şuşa şəhərinin tarixinə, mədəniyyətinə və görkəmli şəxsiyyətlərinə dair foto və kitab sərgisi ilə tanış olublar.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq Azərbaycanda kitabxanaların yaranma tarixi ilə bağlı məlumat verib. Sonra iştirakçılar Şuşa şəhərinin tarixini və mədəniyyətini özündə əks etdirən videoçarxı izləyiblər.

Qeyd olunub ki, bu gün itirilmiş Şuşa Şəhər Kitabxanasının zəngin xəzinəsi əlimizdə olmasa da, Bakıda fəaliyyətini davam etdirən filiallar daim öz fondlarını zənginləşdirir və möhtəşəm qayıdış gününə zəngin bir kitabxana ilə qayıtmaq ümidi ilə yaşayır: “Müharibədə düşmənə qalib gəlmək üçün biz gənc nəsli maarifləndirməli və kitaba marağı daha da artırmalıyıq. Çünki kitabxanalar informasiya mənbəyi olaraq çox güclü bir silahdır. Bəzən kitablarda olan dəyərli bilgi hər hansı hərbi silahdan da güclü ola bilər”.

Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin deputatı Elman Məmmədov, icra hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və Şuşa rayon MKS-nin direktoru Gülsarə Abbasova çıxış edərək Şuşanın tarixi və görkəmli şəxsiyyətlərindən söz açıblar. Bildirilib ki, Azərbaycanda ilk kütləvi kitabxana 1894-cü ildə Nəriman Nərimanov tərəfindən yaradılandan sonra ikinci belə böyük kitabxana məhz Şuşada fəaliyyətə başlayıb. Şuşada ilk qiraətxana Pənah xan tərəfindən yaradılmış, Mir Mövsüm Nəvvab tərəfindən ilk daş basma üsulu ilə kitab çapı da məhz Şuşada həyata keçirilmişdir.

Tədbirdə müasir dövrdə Şuşa MKS nəzdində fəaliyyət göstərən kitabxanaların durumu və vəziyyəti barədə məlumat verilib. Şuşanın mədəni mühiti, tarixi məkan və turizm imkanları ilə bağlı fikirlərini bölüşən natiqlər doğma yurda qayıdacaqları günün uzaqda olmadığına inamlarını ifadə ediblər. Tədbir Şuşa Şəhər Uşaq Musiqi Məktəbi şagirdlərinin ifası ilə başa çatıb.

Xudaferin.eu

 

08:55