Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan və Türkiyə yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırdı

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi təsdiq edildi. Bəyannamənin təsdiq olunması adi bir hadisə deyil. Çünki Şuşa Bəyannaməsindən irəli gələn müvafiq addımların atılması, strateji vəzifələrin yerinə yetirilməsi postmünaqişə dövründə hərbi-siyasi təhlükəsizliyə və müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinə müstəsna töhfə olacaq. Xüsusilə də nəzərə almaq lazımdır ki, bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı amil kimi çıxış edir. İki qardaş ölkənin birgə fəaliyyəti və ortaq təşəbbüsləri əsasında regionun geostrateji arxitekturası yenidən qurulur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva söyləyib.

Deputat bildirib ki, ən mühüm məqamlardan biri Şuşa Bəyannaməsinin imzalanması ilə hər iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması, yeni milli və regional təhlükəsizlik mexanizmi yaratmasıdır. Bu, həm də hansı geosiyasi qütbdən və ya cəhətdən gəlməsindən asılı olmayaraq, təhdidlərə qarşı birgə mübarizə platformasının əsasının qoyulmasıdır. Bəyannamədə müdafiə məsələlərinin əks olunması elə hərbi-siyasi təhlükəsizliyin təmin olunmasına - istənilən təhdid və təcavüzün qarşısının alınmasına hesablanıb. Sənəddə vurğulanır: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər”. Bütün bu amilləri nəzərə alaraq qeyd etmək olar ki, Şuşa Bəyannaməsinin hər iki ölkənin parlamentində təsdiq olunması strateji əhəmiyyət daşıyır.

Sevinc Fətəliyeva deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ötən il imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının zirvə nöqtəsi, strateji tərəfdaşlığın yeni mərhələsidir. Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi, mədəni, humanitar və hərbi-strateji münasibətlər ən yüksək zirvədədir. Tərəflər, eyni zamanda, beynəlxalq arenada bir-birinin maraqlarını, mənafelərini qətiyyətlə müdafiə edirlər, prinsipial dəstək nümayiş etdirirlər. Xüsusilə də, suverenlik və ərazi bütövlüyünün qorunması məsələsində rəsmi Bakı ilə Ankara ortaq mövqedən çıxış edir. Bütün bu məqamlar Şuşa Bəyannaməsində də öz əksini tapıb.

Şuşa Bəyannaməsinin tərəflərin siyasi iradəsini əks etdirməklə yanaşı, regional təhlükəsizlik amili kimi də müstəsna əhəmiyyətə malik olduğunu qeyd edən deputat deyib: “Bu, olduqca vacib məqam və prinsipial məsələdir. Azərbaycan və Türkiyə arasında bu zamana qədər hərbi-texniki və strateji əməkdaşlıq əlaqələrinin inkişafı diqqət mərkəzində olub. Şuşa Bəyannaməsinin imzalanması isə artıq hərbi-siyasi təhlükəsizliyin təmin olunması və başqa qüvvələrdən gələcək təhdidlərlə mübarizə baxımından hüquqi əsaslar formalaşdırır”.

Beləliklə, Azərbaycan Respublikasının Milli Məclisinin Şuşa Bəyannaməsini təsdiqlədiyini deyən S.Fətəliyeva bildirib ki, eyni addımın yaxın günlərdə Türkiyə Böyük Millət Məclisi tərəfindən atılması da gözlənilir. Bununla da Türkiyə-Azərbaycan müttəfiqliyi qanun səviyyəsində təsbit olunur. “Şuşa İli”ndə Şuşa Bəyannaməsinin hər iki ölkənin qanunverici orqanı tərəfindən təsdiqlənməsi ortaq təhlükəsizliyimizin təmin olunması və ikitərəfli, çoxşaxəli münasibətlərin inkişafı baxımından böyük önəm daşıyır. Bəyannamədən irəli gələn strateji vəzifələrin yerinə yetirilməsi Azərbaycan-Türkiyə birliyinin güclənməsinə və ölkələrimizin regional güc mərkəzi kimi beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə müstəsna töhfə verəcək.

Xudaferin.eu

16:08