Sürücülərin qara günləri başladı: “Bir qarın çörək pulu da cəriməyə gedəcək”

Azərbaycanda taksi sürücülərinin qara günləri başlayır. Taksi sürücülərinin fəaliyyəti ilə bağlı yeni qadağa tətbiq ediləcək. Bununla bağlı Milli Məclisin keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib. Məcəlləyə edilən əlavəyə əsasən, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağan edilir. Bu qaydanı pozanlar 40 manatdan 50 manata qədər cərimə ödəməli olacaqlar. Artıq layihə səsverməyə çıxarılaraq qəbul edilib. Buna görə 40 manatdan 50 manata qədər cərimə müəyyənləşdirilib. Qərarın qəbul edilməsi ilə bağlı redaksiyamıza müxtəlif məktublar daxil olub. Eləcə də sosial şəbəkələrdə bu qərara görə ictimai qınaq olub. Sürücülərin bir qarın çörək pulunun da cəriməyə yönəlməsi və onların fəaliyyətinin məhdudlaşması böhran dövründə heç də adekvat addım deyildi. Sürücülər yazırlar ki, son aylar taksiyə minənlərin sayı kəskin azalıb.

“Elə gün olur ki, bir manat da qazanmaq olmur. Bizi evdə gözləyənimiz var, hamı kimi biz də uşaqlarımıza çörək aparmalıyıq. Bunu fikirləşən yoxdur. Taksi sürücüsü şəhərin hər yerində hərəkətdə olmalıdır, hər əl işarəsi görən kimi saxlayıb müştəri götürməlidir ki, bir tikə çörək pulu qazansın. Onsuz da işimiz çox zəifləyib. Bu qərardan sonra da heç yana tərpənmək olmayacaq. Bu qərarı verəndə deputatlar nə düşünürdü? Onların balaları yoxdurmu? Bilmirlər ki, ən təhlükəli işlə biz məşğul oluruq, hər cür insan maşına minir, onları evinə aparırıq, xəstəxanaya, işə çatdırırıq.
Dünyanın hər yerində, yaxın İran, Türkiyədə taksilərə şərait yaradılıb. Bizim deputatlar isə xalqın əleyhinə hansı qərar varsa əlini qaldırıb “hə” deyir. Getdikcə vəziyyət pisləşir, dolanmaq olmur, borclarımız var. Qərarı verəndə bir fikirləşmək lazımdır”, - deyə taksi sürücüləri qeyd edib. Öncələr gündə 40 manat pul qazanan sürücülər indi heç 20 manat qazanmır. Bu şəraitdə isə onlar müxtəlif rüsumların ödənişində çətinlik yaşadıqlarını da qeyd edirlər. Bildirirlər ki, son aylarda qazancları fərqlənmə nişanı və digər rüsumları belə ödəməyə kifayət etmir. Bəzi taksi sürücüləri müəyyən onlardan alınan rüşvətdən şikayətlənir. İndi əhali daha çox başqa nəqliyyat vasitələrinə - avtobus və metroya üz tutur.
Taksi rahat olsa da, bahalığına görə sərnişinlərə sərf etmir. Azərbaycanda sosial-iqtisadi vəziyyət çətinləşir. İnsanlar gündəlik həyatında problemlərin dərinləşdiyini, dolanışığın əzaba çevrildiyini, borcların artdığını və qiymətlərin günbəgün bahalaşdığını hiss etməkdədir.

Politika.Az

12:47