Suriyadan sonrakı hədəf: İran

 

Sədrəddin Soltan: “Rusiya və İran Əsədin getməsini dəstəkləyəcək”

 

ABŞ hərbi dəniz qüvvələrinə məxsus gəmilərdən buraxılan raket zərbələri nəticəsində Suriyadakı “Şayrat” hərbi bazası tamamilə məhv edilib. Bundan sonra əməliyyatların davam etdirilməsi Əsəd rejiminə son qoymaqla yanaşı, bölgədə geosiyasi durumu tamamilə dəyişə bilər. Ancaq ABŞ-ın Suriya hakimiyyətinə qarşı mübarizəsi Rusiya və İranın Yaxın Şərqdəki maraqlarını təhlükə altına alacaq. Siyasi proqnozlara görə ABŞ-ın Əsəd rejimini çökdürməsi növbəti mərhələdə İranı hədəfə gətirə bilər. Hadisələrin gələcək inkişafını proqnozlaşdırmaq üçün suallarımızı Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltana ünvanladıq.

-Suriyada marağı və iştirakı olan dövlətlər ABŞ-ın “Şayrat” hərbi hava bazasına zərbələr endirməsinə münasibətini açıqlayıb. Rusiya prezidenti ABŞ-ın həyata keçirdiyi aviazərbələri Suriyaya qarşı təcavüz adlandırıb. İran da artıq bu əməliyyatları pisləyib. Lakin indi daha çox səslənən suallardan biri Suriyada İranla ABŞ arasında toqquşma ehtimalının nə qədər real olması ilə bağlıdır.
 

-İranın Xarici İşlər Nazirliyi ABŞ-ın belə bir addım atmaqla beynəlxalq hüququ pozduğunu və terrorçuları dəstəklədiyini bəyan edib. Ümumilikdə, Suriya, Rusiya və İranın bu məsələyə münasibəti oxşardır. Çünki Bəşər Əsədin hakimiyyətdə qalmasının əsas səbəbkarları Moskva və Tehrandır. Bu məsələdə Çinin mövqeyi maraqlıdır. Çinin Xarici İşlər Nazirliyi bildirib ki, biz heç bir ölkənin daxili işlərinə qarışmırıq, Suriya xalqı öz taleyini özü həll etməlidir. Çin bombalanma məsələsinə kəskin reaksiya bildirməyib. Çin Xalq Respublikasının sədri ABŞ-da səfərdədir və dünən prezident Donald Trampla görüş keçirib. Rusiya, İran və Əsəd rejimindən fərqli olaraq, Çin bu məsələdə neytrallaşıb. Deməli, ABŞ-ın Suriyadakı hədəfi həm Bəşər Əsəd rejiminin devrilməsidir, həm də Rusiya və İranın Suriyadakı nüfuzunu məhv etməkdir. SSRİ dağılandan sonra Yaxın Şərqdə, o cümlədən, Suriyadakı hərbi bazaları çıxarılmışdı. Rusiyanın bu regionda ən böyük hərbi bazası Suriyanın Latakiya bölgəsindəki Tartus limanındadır. Rusiya istəyir ki, Hələbdən sonra İdlibi də ələ keçirməklə Tartusa gedən yolu öz nəzarətləri altına alsınlar. Eyni zamanda, Bəşər Əsəd hakimiyyətinin nəzarəti altında olan ərazini genişləndirməyə çalışırlar. Amma hadisələr Hələbin bombalanması əməliyyatını xatırladır. Yüzdən çox insan məhv edildi, əhali öz torpaqlarından didərgin düşdü. Oxşar vəziyyət aprelin 4-də İdlibin bombalanması zamanı da baş verdi. 100-dən artıq insan həyatını itirdi, minə yaxın insan yaralanıb və sair. Yayılan məlumatlara görə “Şayrat” hərbi bazasında yalnız Bəşər Əsədə deyil, həm də İran və “Hizbullah”yönümlü qüvvələr toplaşıbmış. Yəni, bu təkcə, Bəşər Əsədə tabe olan hərbi bazanın deyil, həm də İrana və “Hizbullah”a aid qüvvələrin məkanının məhv edilməsidir. Tramp bununla göstərdi ki, Suriya ilə bağlı ABŞ-ın öz planları var. Münaqişənin həllinə dair Astanada, Cenevrədə keçirilən görüşlər nəticə vermir. Yəni, boş dialoqlardan o yana getmir. Həmin görüşlərdə Suriyanın gələcəyini müəyyən edəcək qüvvələrin heç də hamısı təmsil olunmur. Məsələn, PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG-nin də danışıqlarda iştirak etməsi məsələsi var. ABŞ həmin qruplaşmaları özünün müttəfiqi sayır. ABŞ Raqqa şəhərinin İŞİD-dən azad edilməsində PYD ilə müttəfiqlik edir, Türkiyə isə buna qarşıdır. İran isə ümumiyyətlə, ABŞ-ın regiondakı fəaliyyətinin əleyhinədir. Rusiya da öz hegemonluğunu nümayiş etdirməyə çalışır. Ona görə də bu atılan addım Rusiya və İrana qarşı bir xəbərdarlıq idi. Aprelin 3-də Sankt-Peterburq metrosunda terror hadisəsi baş verib. Rusiyaya bununla xəbərdarlıq olundu ki, öz ölkəsinin daxilində vəziyyətə nəzarət edə bilməyən ölkə başqa bir dövlətin ərazisində terrorçuluğa qarşı mübarizə apara bilməz. Məlum olduğu kimi, həmin gün Sankt-Peterburqda Vladimir Putin mediaforum keçirirdi və Belarus prezidenti ilə görüşü var idi. Beləliklə, Putinə xəbərdarlıq edildi ki, sən öz ölkəndə terrorun qarşısını ala, sabitliyə nəzarət edə bilmirsənsə, deməli, zəifsən. Başqa dövlətin ərazisində terrorizmin qarşısını necə alacaqsan? ABŞ son əməliyyatları ilə göstərdi ki, Suriya planından vaz keçməyib. ABŞ bu raket zərbəsi ilə həm də İrana yerini göstərir. Yəni, həm Rusiyaya, həm də İrana mesaj verilir ki, ABŞ-ın, Qərbin Suriya ilə bağlı planlarına qarşı çıxmaq mümkün deyil. Həmin dövlətlər bu bölgədəki siyasətini ABŞ-ın planları ilə uyğunlaşdırmalıdır. Beləliklə perspektivdə nələr baş verəcək?

Birincisi, Suriyanın unitar dövlət olmayacağı qətiləşdirilir. İkincisi, Rusiya ilə ABŞ arasındakı münasibət daha da kəskinləşir. Üçüncüsü, Bəşər Əsədin hakimiyyətdən getməsi məsələsi gündəliyə çıxarılır. Rusiya və İran da bu məsələni dəstəkləyəcək. Çünki Rusiya da rəsmi səviyyədə bəyan edib ki, Moskva Bəşər Əsədi əbədi olaraq dəstəkləmir. Oxşar açıqlamanı bir müddət əvvəl İran tərəfi də vermişdi. İdlibə kimyəvi silah atılandan sonra prezident Tramp da bəyan etdi ki, Bəşər Əsədə münasibəti dəyişib. Ötən ilin dekabr ayında Donald Tramp demişdi ki, tanımadıqları ölkələrdə rejimləri dəyişməyəcəklər. Bu, Barak Obamanın Suriyada, İraqda və şimali Afrikanın ölkələrindəki hadisələrə münasibəti idi. Amma İdlib məsələsi Trampın öz sələfi ata və oğul Buşların İraqda həyata keçirdiyi siyasətin Suriyada davamı ola bilər. Bu, həm də ABŞ-ın Suriya böhranının həllində daha fəal olacağından xəbər verir. ABŞ əvvəllər Suriya müxalifətinə maliyyə ayırır, təlimlər keçihirdi. Amma bunların nəticəsi olmadı. Müxalifətin nəzarətində olan ərazilər Rusiya və İranın əlinə keçdi. Artıq ABŞ aktiv fəaliyyətə başlayıb. Onu da nəzərə almaq lazımdır ki, İranın vəziyyəti ürəkaçan deyil. Mayın 19-da İranda prezident seçkiləri keçiriləcək. Seçkiqabağı ABŞ İrana tətbiq olunacaq sanksiyaları dayandırıb. Bu həm də İrana bir mesajdır ki, əgər Suriyada hərbi-siyasi fəallığını artırsa, həmin sanksiyalar Senatda qəbul olunacaq.

-Sizcə, İran öz hərbi qüvvələrini Suriyadan çıxaracaq, yoxsa ABŞ-a qarşı müqavimət göstərəcək?

- Rəsmi Tehran davamlı şəkildə bəyan edir ki, İranın Suriyada silahlı qüvvələri yoxdur. Buna baxmayaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasim Süleymani Suriyada fəaliyyətdədir. Suriya ərazisində siyasi vəziyyət bəllidir, amma indi hərbi situasiya dəyişəcək. Suriya hərbi bazasının vurulmasından sonra İran tərəfinin də canlı qüvvə itirdiyi məlum olarsa, münasibətlərdə xeyli dəyişiklik olacaq. Son xəbərlərə görə, həmin hərbi bazada 7 nəfər ölüb, 9 qırıcı təyyarə məhv edilib. Bu sayın artacağı istisna edilmir. Üstəlik, İranın indiyə qədər Suriyada 2000 nəfərə qədər həbçi itirdiyinə dair məlumatlar var. Ona görə də ehtimal etmək olar ki, İran Bəşər əsədi müdafiə etmək məsələsinə yenidən baxacaq. Çünki İran ABŞ-la üz-üzə gəlir. ABŞ-ın atdığı hər “Tomogaph” raketinin dəyəri 1,5 milyon dollardır. Nə İranın, nə Rusiyanın bu qədər maliyyə xərcinin qarşısında dayanmaq imkanı yoxdur. Ona görə də İranın bölgədə hərbi kontingentini artırmaq ehtimalı azdır. Amma hələ tamamilə çıxartmayacaq. Çünki belə bir addım atması İran hakimiyyətinin özünü gülünc vəziyyətə salması deməkdir. İran adətən düşmənlərini başqa dövlətin ərazisində qarşılamağa üstünlük verir. Məsələn, Yəmənin, İraqın, Suriyanın ərazisində və sairə. Əgər İran Suriyadan öz silahlı qüvvələrini çıxartsa, bu onun məhvinə səbəb ola bilər. Hadisələrin inkişafı göstərir ki, növbəti hədəf İrandır. Ancaq İrana qarşı hərbi əməliyyatların aparılacağı gözlənilmir. Sadəcə olaraq, İranı Suriyada, Yəməndə, İraqda hərbi əməliyyatlara cəlb edib bataqlığa salmaqla həm hərbi, həm maliyyə, həm ideoloji cəhətdən çökdürmək istəyirlər. Bu siyasi plan Rusiyaya da aiddir.

- Necə hesab edirsiniz, Suriyadakı hərbi əməliyyatlar “Şayrat” hərbi bazasının dağıdılması ilə yekunlaşacaq, yoxsa İraqdakı kimi diktatorun devrilməsinə qədər davam edəcək?
 

- Əvvəlki təcrübələr göstərir ki, ABŞ əvvəl aviazərbələr endirir, sonra quru əməliyyatlarına keçir. Ona görə də söyləmək olar ki, Birləşmiş Ştatlar yaxın perspektivdə Suriyadakı təlimatçılarının sayını artıracaq. Amerikanın Suriyada 50-100 nəfərlik kiçik təlimatçı qruplarının olduğuna dair məlumatlar da var. Lakin bu qüvvələrin artacağı istisna olunmur. Eyni zamanda, NATO-nun da terrorizmə qarşı mübarizə məqsədilə bu əməliyyatlara qoşulacağı gözləniləndir. Ona görə ki, terrorizm NATO üzvü olan Türkiyə, Fransa, Almaniya, Belçika, İtaliya, İspaniya kimi dövlətləri də hədəfə alıb. Həmin ölkələrin özündə də son illər baş verən terror aktlarının bir ucu Suriyadakı terrorçu qruplaşmalara bağlıdır. Təkcə ABŞ deyil, ABŞ-ın təmsil olunduğu hərbi-siyasi blok da bu əməliyyatlarda fəal iştirak edəcək.

 

- Türkiyənin artıq ABŞ-ın başlatdığı əməliyyatlara dəstək verib və bununla Rusiya və İranla 2016-cı ilin dekabr ayında Suriya böhranının həllinə dair yaradılmış alyansın parçalandığını demək olarmı?

- Həmin alyans yalnız Suriya məsələsinə görə deyil, həm də Rusiya, Türkiyə və İranın bölgədə iqtisadi maraqlarının təmin olunması üçün yaradılıb. Suriya məsələsi də buradakı variantlardan biridir. Bəri başdan məlum idi ki, Suriya böhranına münasibətdə Türkiyənin mövqeyi Rusiya və İranla üst-üstə düşmür. Türkiyə rəsmiləri dəfələrlə bəyan edib ki, Rusiya ilə İranın öz xalqınınn qanını tökən qaniçən diktatoru dəstəkləməsi düzgün deyil. Yaxud Rusiyanın PKK-nı və PYD-ni terrorçu təşkilat hesab etməməsi Türkiyənin etirazına səbəb olur. Hətta geniş planda Rusiya ilə İranın da maraqları Suriyada üst-üstə düşmür. Sadəcə olaraq, Rusiya və İrana qarşı iqtisadi sanksiyaların təsirindən yayınmaq, eləcə də Türkiyə hakimiyyətinə qarşı Qərbin təzyiqlərindən müdafiə olunmaq cəhdləri bu dövlətləri bir araya gətirən səbəbə çevrilib. Amma bu ölkələr yalnız Bəşər Əsəd amilinə görə Qərblə münasibətlərini pozmayacaqlar.

Müşfiq Abdulla

 

 

05:09