Suriyada "Fərat Qalxanı" əməliyyatı davam edir

Türkiyə Silahlı Qüvvələrinə məxsus "Fərat Qalxanı" çərçivəsində keçirilən hava əməliyyatında DEAŞ-ın Əl Babdakı qərargahı və aralarında təşkilatın yüksək səviyyəli rəhbərlərinin də olduğu 18 terrorçu məhv edilib.

Bu barədə TSQ Baş Qərargahı "Fərat Qalxanı" əməliyyatı barədə məlumat yayıb. Belə ki, Azad Suriya Ordusu tərəfindən mühasirəyə alınan Əl Babda aralarında terror təşkilatı DEAŞ-ın rəhbərlərinin də olduğu qrupunun toplantı keçirdiyi barədə kəşfiyyat məlumatı alındıqdan sonra Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən əməliyyat təşkil olunub.  Əməliyyat nəticəsində toplantı keçirilən qərargah binası məhv edilərək 18 terrorçu zərərsizləşdirilib.  
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı  Əl Babda keçirilən hava əməliyyatının görüntülərini bölüşüb. "Fərat Qalxanı" əməliyyatı çərçivəsində, mülki vətəndaşların zərər görməməsi üçün həssas bir kəşfiyyat işi aparıldığı bildirilir.
Qeyd edək ki, Orta Doğunu təhdid edən İŞID radikal islamçı hərbi birləşmələri son illər Türkiyənin daxili işlərinə müdaxilə edəcəyi barəsində videoçəkilişlər şəklində müraciətlər yayıblar. Suriya, İraq, Liviya, Oman, Sudan və digər Orta Doğu ölkələrində “Əl Qaidə” diz çökdürüldükdən sonra İŞID-ın meydana çıxması və daha dəhşətli terror eyləmlərinin baş verməsi dünyanı sarsıdan ən qəddar bir qruplaşmaya qarşı inkişaf etmiş dövlətlərin birlikdə mübarizə aparması artıq qaçılmaz bir prosesə çevrilib. Buna görə də, Türkiyə bir dövlət olaraq, qonşu Suriyadakı İŞID birləşmələrinə qarşı “Fərat Qalxanı” əməliyyatlarını həyata keçirir.

Xudaferin.eu

10:35