Suriya bazarlaşması bitdi: Ölkə parçalandı

Tərəflər Tramp gələnə qədər mövqeləri möhkəmlətməyə çalışır

Türkiyənin vasitəçiliyi ilə Suriyanın Hələb şəhərində Rusiya ilə “Ən-Nüsrə Cəbhəsi” arasında əldə edilmiş atəşkəs rejimi vaxtından əvvəl pozulub. Dekabrın 14-də səhər saat 11:00 radələrində Bəşər Əsədin tabeliyində olan silahlı qüvvələr və İranın şiə milis dəstələri Hələbi ağır artilleriya və raket atəşinə tutub. Dinc sakinlərin və silahlı müxaliflərin şəhəri tərk etməsi şərtilə Hələbi təslim edilməsinə dair Rusiya və Türkiyə arasında razılaşmanın İranı qane etmədiyi görünür. Səhər saat 6:00 radələrində şəhərin qərb hissəsindəki Səlah əd-Din məhəlləsindən çıxmaq istəyən yaraqlıların mindiyi avtobuslar atəşə tutulub. Nəticədə Hələb uğrunda döyüşlər yenidən başlanıb. Ancaq şəhərin 90 faizdən çoxu Suriya hökuməti-Rusiya-İran ittifaqının əlində olduğundan silahlı müxalifət dəstələrinin ərazini tərk etmək şansı çox azdır. Hazırda əsas döyüşlər Hələb və onun ətrafında, Əl-Bab şəhəri uğrunda, Palmirada və Dəməşqin cənub istiqamətində gedir. Siyasi ekspertlərin fikrincə, Əsəd ordusu və Rusiya Hələbi ələ keçirsə də şəhər uğrunda döyüşlər davam edəcək. Çünki Hələbdən qərbə doğru Aralıq dənizinə qədər olan ərazilər Azad Suriya Ordusunun nəzarətindədir. Şəhər dən çıxmaq imkanı olan “Ən-Nüsrə Cəbhəsi” və digər döyüşçülər qərbə doğru çəkilməyə çalışır. Bu da İdlib ətrafında Suriya müxalifətinin güclənməsinə səbəb ola bilər. Əsəd rejimi və Rusiya isə ölkənin ikinci ən böyük şəhəri olan Hələbin alınmasından sonra İdlib üzərinə hücuma hazırlaşır.
Həmin plan geniş bir ərazidə irimiqyaslı hərbi əməliyyatların keçirilməsini tələb edir. Suriyanın qərb hissəsinin müxalifətdən azad edilməsinə başlanarsa Rusiya geniş əməliyyatlara cəlb olunacaq. Lakin Palmiranın son günlər İŞİD-in əlinə keçməsi Əsədi dəstəkləyən hərbi koalisiyaya əngəl yaradır. Rusiya və Əsəd qüvvələri indiki şəraitdə Hələbi ələ keçirməklə daha çox bölgədəki mövqeyini möhkəmlətməyə çalışır. Eyni yanaşmanı Suriyada hərbi əmliyyat aparan digər dövlətlərə və silahlı birləşmələrə də aid etmək olar. Türkiyə silahlı qüvvələri isə İŞİD-in əlində olan Əl-Bab şəhərini azad etmək üzrədir. Ankara Əl-Babın nəzarətə götürülməsindən sonra PYD/YPG yaraqlılarının nəzarətindəki Menbiş şəhərini terrorçulardan azad etmək üçün genişmiqyaslı hərbi əməliyyata başlamağı planlaşdıdırır. Əl-Babın tutulması baş tutarsa, Menbiçə gedən yolu bağlamaq üçün növbəti mərhələdə Əl-Əmirah qəsəbəsinin ələ keçirilməsinə başlanılacaq. Türkiyə rəhbərliyi kürd yaraqlılarına bəri başdan xəbərdarlıq edərək Menbiç şəhərini boşaltmağa çağırıb.
Siyasi müşahidəçilərin qənaətinə görə, hazırda Suriyada marağı olan siyasi güclər burada özünün mövqeyini möhkəmlətməyə cəhd edir. Çünki yanvarın 20-də ABŞ-da yeni prezidentin fəaliyyətə başlamasından sonra Suriya siyasətində Obama administrasiyasından fərqli addımlar ata bilər. Donald Trampın prezidentliyi dövründə Suriya böhranı ilə bağı ABŞ və Rusiya arasında dayandırılmış diplomatik əlaqələri bərpa edəcəyi gözlənilir. Ona görə də Rusiya Hələbin ələ keçirilməsindən sonra yanvarın 20-ə qədər hərbi əməliyyatlara fasilə verəcəyi ehtimalları da səslənir. Rusiya indiki şəraitdə əməliyyatları təkbaşına davam etdirmək iqtidarında olmadığından Türkiyənin güzəştlərinə və dəstəyinə ümid bağlayır. Belə ki, Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın avqust ayının 9-da keçirilən görüşündən sonra qapalı müzakirələrin əsas detallarından birinin Hələb məsələsi olduğuna dair məlumat yayılmışdı. Putinin Ərdoğandan Hələb şəhərini tutmaq üçün "Fəth əş-Şəm" təşkilatına hərbi dəstəyini geri çəkməyi təklif etdiyi deyilirdi. Bunun qarşılığında Rusiya kürd yaraqlılarına qarşı mübarizədə Türkiyəyə dəstək vəd edirdi. Artıq siyasi bazarlaşmanı baş tutmuş hesab etmək olar. Türkiyə hakimiyyəti Hələbin Rusiyanın nəzarətinə keçməsinə şərait yaratdı. Bunun müqabilində Suriya rejimi və Rusiya yeni ərazilərin Türkiyə Silahlı Qüvvələrinin və Azad Suriya Ordusunun nəzarətinə keçməsinə loyal yanaşır. Türkiyə hərbi qüvvələri və ASO artıq Əl-Bab şəhərinə daxil olmaq üzrədir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əl-Babdan sonra PYD/YPG-nin əlində olan Menbiç şəhərinin azad olunacağını deyib. Çavuşoğlunun "tezliklə xəritədəki sarı zolaq da yaşıl olacaq" - fikrini əminliklə söyləməsi Hələbin müqabilində Fərat çayının sol sahilindəki kürdlər yaşayan bölgənin Türkiyənin nəzarətinə verildiyini deməyə əsas yaradır.
Hazırda Suriya Rusiya, Türkiyə, PYD və İŞİD arasında dörd hissəyə bölünmüş durumdadır. Suriya ərazisi əslində bir neçə ildir ki, parçalanmaya məruz qalıb. Lakin son dövrlər Rusiyanın və İranın dəstəyi və Türkiyənin müəyyən siyasi güzəştləri hesabına Əsəd rejiminin möhkəmlənməsi müşahidə olunur. Bu da Suriya hökumətinin nəzarətində olan ərazinin genişlənməsini təmin edib. Afrin bölgəsi istisna olmaqla ölkənin şimal əraziləri əsasən Türkiyənin nəzarətinə keçib. Lakin Türkiyə Menbiç və Afrini tutmaqla şimali Suriyanı tam nəzarətə almaq, eyni zamanda kürd yaraqlılarının Aralıq dənizinə çıxış imkanlarını bağlamağı qarşıya məqsəd qoyub. Dekabrın 11-də İstanbulda baş vermiş terror aktın Türkiyənin Şimali İraqda və Suriyada kürd terrorçularına qarşı hərbi əməliyyatları genişləndirməsi üçün ciddi siyasi əsaslar yaradıb. Ötən ildən fərqli olaraq, PYD-nin və İŞİD-in mövqeləri isə Suriya ərazisində müəyyən qədər zəifləyib. RYD/YPG Türkiyənin avqustun 24-də Suriyada hərbi əməliyyatlara başlamasından sonra Fərat çayının sol sahili kürd silahlılarından təmizlənib. YPG Afrin və Menbiş bölgəsində mühasirə vəziyyətindədir.
Türkiyə silahlı qüvvələri 60 km-lik Afrin-İdlib yolunu bağlaya bilsə, kürd terrorçuların Qara dənizə əsas çıxış qapısı tamailə bağlanacaq. Ancaq ABŞ-ın yeni prezidentinin və dövlət aparatının buna necə reaksiya verəcəyi hələ bəlli deyil. İŞİD isə koalisiya qüvvələrini Mosul əməliyyatından yayındırmaq üçün Palmiranı ələ keçirə bilib. Amma bu məsələdə də müəyyən siyasi bazarlaşmanın olduğu istisna edilmir.
Rusiya təkbaşına Palmiranı azad etmək gücündə deyil. Ona görə də əsas ehtimallar Rusiyanın gözləmə mövqeyinə çəkiləcəyi barədə proqnozlardan ibarətdir. Rusiya İŞİD-i zərərsizləşdirmək üçün ABŞ-la əməkdaşlığa getmək məcburiyyətindədir. Əks təqdirdə, Suriyanın qərb bölgəsinin və İdlib şəhərinin Azad Suriya Ordusundan geri alınması mümkünsüz olacaq. Türkiyənin isə buna loyal yanaşacağı inandırıcı görünmür. Siyasi ekspertlərin rəyinə görə, Rusiya qərbi Suriyanı tutmaq üçün ölkənin ərazi bütövlüyü məsələsini qaldıra bilər. Kremlin bu yanaşması hələlik müttəfiq olan Türkiyə ilə maraqların toqquşmasına gətirib çıxara bilər. Çünki Ankara Əsəd rejiminin ASO üzərində qələbəsi ilə razılaşmayacaq. Amma Moskva Əsəd rejiminə münasibətdə prezident Trampla anlaşarsa, Türkiyənin qarşısında Suriya ərazisini tərk etmək şərtini qoyacağı istisna edilmir.

Müşfiq Abdulla

15:53