Səttar Möhbalıyev: “TEKNOFEST Azərbaycan” qardaş Türkiyə ilə həmrəyliyimizin növbəti nümayişidir

Bir neçə gün əvvəl ölkəmizdə öz möhtəşəmliyi və əlamətdarlığı ilə yadda qalan “TEKNOFEST Azərbaycan” festivalı baş tutdu. Festivala maraq çox böyük idi, respublikamızın demək olar hər yerindən ziyarətçilər festivala axışırdı. Həmçinin festivalın peşəkarlar tərəfindən hazırlanması və keçirilməsi onun möhtəşəmliyini daha da artırırdı. Tədbir çərçivəsində keçirilən müsabiqələr, şagirdlərin və tələbələrin böyük şövqlə və istəklə buraya qatılması, özlərini sınaması gənclərimizin elmə, müasir texnologiyalara artan marağını bir daha təsdiq edir. Pilotsuz uçuş aparatları, robotexnika, peyk modelləşdirilməsi və digər sahələr üzrə gənclərə ideyalarını reallaşdırmaq imkanı verən festival onlarda elm naminə çalışmaq, yeniliklər etmək, sağlam mühitdə rəqabət aparmaq kimi mədəniyyətlərin formalaşmasında mühüm rol oynayacaq. İnanırıq ki, yarışlarda iştirak edən gənclər gələcəkdə elmi nailiyyətləri ilə bütün dünyaya səs salacaq, ölkəmizi ləyaqətlə təmsil edəcəklər. “TEKNOFEST Azərbaycan” çərçivəsində təşkil olunan sərgilər, hava şouları, konsertlər və əyləncə attraksionları ziyarətçilər tərəfindən maraqla qarşılandı və hamının könlünü oxşadı. Daha qürurverici məqam isə milli şahinlərimizin və qardaş ölkənin pilotlarının möhtəşəm hava şousu idi ki, onlar da çətin manevrlərin öhdəsindən ləyaqətlə gəlməklə izləyiciləri heyrətləndirdilər.

​Xudaferin.eu  AZƏRTAC-a istinadən  xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev söyləyib.

Onun sözlərinə görə, 2018-ci ildən keçirilməyə başlayan “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının nüfuzu ildən-ilə artmaqdadır və beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb. İlk növbədə, “TEKNOFEST”in Türkiyədən kənarda - Azərbaycanda təşkil olunması iki ölkə arasında qardaşlığı, dostluğu, strateji müttəfiqliyi əks etdirməklə yanaşı, həmçinin texnologiya sahəsində əməkdaşlığımızı da dərinləşdirəcək. Dövlətimizin başçısı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST Azərbaycan”da çıxışları festivalın əhəmiyyətini, eləcə də ölkələrimizin birliyini və həmrəyliyini bir daha nümayiş etdirdi. Tarix sübut edir ki, Azərbaycan və Türkiyə hər zaman ortaq mövqedən çıxış edib, şad gündə də, dar gündə də bir yerdə olublar. 1918-ci ildə Bakının bolşevik işğalından azad olunması zamanı türkiyəli qardaşlarımız bizim köməyimizə yetişdi, şəhəri birlikdə azad etdilər, bu yolda şəhidlər verdilər. Bu, bizim qardaşlığımız üçün ən gözəl nümunə və örnəkdir. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində yenə də qardaşlarımız yanımızda oldu, bizə mənəvi-siyasi dəstək verdilər. Bu dəstək xalqımızın Qələbəyə olan inamını daha da artırdı.

“Azərbaycan və Türkiyə münasibətlərinin bu səviyyə çatmasında hər iki ölkənin prezidentlərinin xidmətləri danılmazdır. Dövlət başçılarının birliyi və həmrəyliyi, bir-birinə “qardaşım” deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Ötən il imzalanan Şuşa Bəyannaməsi isə ölkələrimiz arasında münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir, müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. İnanırıq ki, bundan sonra da əlaqələrimiz bütün sahələrdə dinamik inkişaf edəcək, həmrəyliyimiz əbədi olacaq. Babalarımızın bizə miras qoyduğu bu birlik gələcək nəsillərimiz tərəfindən də davam etdiriləcək”, - deyə Milli Məclisin deputatı əlavə edib.

Xudaferin.eu 

16:43