Səttar Bəhlulzadə anıldı

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin S.Bəhlulzadə adına Mədəniyyət Sarayında xalq rəssamı Səttar Bəhlulzadəyə həsr olunmuş “Sənətin Məcnunu” adlı yaradıcılıq gecəsi keçirilib. Baş İdarədən bildirilib ki, tədbirdə Səttar Bəhlulzadənin həyat və yaradıcılığından, eləcə də Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərindən söhbət açılıb.

Bildirilib ki, adı Azərbaycan boyakarlıq sənəti tarixinə mənzərə janrının yaradıcılarından biri kimi daxil olan Səttar Bəhlulzadə təkcə öz sənətinin deyil, ölkəmizin əsrarəngiz təbiətinin, tarixi keçmişinin, poeziyasının, folklorunun və adət-ənənələrinin ən gözəl bilicilərindən olub. S.Bəhlulzadənin əsərləri doğma torpağa sevgi rəmzi, eləcə də xalq yaşam tərzinin, sadə insanların dünyaya baxışlarının əsl ensiklopediyasıdır. Tədbirdə, həmçinin Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Təranə Cəbiyevanın “Səttar yadigarı” kitabının təqdimatı keçirilib. Bu topluda Əbdülağa Kazımlıdan, onun görkəmli rəssam Səttar Bəhlulzadə ilə bağlı maraqlı xatirələrindən söhbət açılır. Kitabda istedadlı fırça ustasının rəsm əsərlərinin bir hissəsi və müəllifi olduğu şeirlər də toplanıb. Musiqili proqramla davam edən tədbirdə görkəmli fırça ustasının adını daşıyan sarayda fəaliyyət göstərən rəsm kursunun şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub.

Xudaferin.eu

15:55