Stokholmda həmrəylik günü konsertlə qeyd edilib

İsveçin paytaxtı Stokholmda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarına həsr olunmuş tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və İsveç-Azərbaycan Birliyinin (SAF) təşkilatçılığı ilə baş tutan bayram tədbirində ölkəmizin İsveçdəki səfirliyinin əməkdaşları, Azərbaycan və Türkiyə diasporunun, yerli ictimaiyyətin nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

400 nəfərin qatıldığı tədbir Azərbaycanın dövlət himni ilə başlayıb. İsveç-Azərbaycan Birliyinin sədri Sevda Dadaşova və digər diaspor fəalları çıxış edərək qonaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik ediblər. İsveçdəki azərbaycanlıların fəaliyyətinin yekunlarından, xaricdə yaşayan azərbaycanlıların birliyi, inkişafı və rifahı naminə görülən işlərdən danışılıb, Həmrəylik Gününün qürbətdə yaşayan soydaşlarımız üçün böyük əhəmiyyət daşıdığı, onların bir araya gəlmələri üçün vəsilə olduğu diqqətə çatdırılıb. S.Dadaşova tədbirin təşkilinə göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib.

Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Zemfira İbrahimova və Kamil Cəfərov xalq mahnılarını, SAF-ın nəzdində fəaliyyət göstərən “Qarabağ” rəqs qrupunun üzvləri isə milli rəqslərimizi ifa ediblər.

Sonda ölkəmizin İsveçdəki səfirliyinin birinci katibi Vaqif Seyidbəyov bildirib ki, Azərbaycan xalqının milli-mədəni irsinin təbliğində aktiv iştirakına görə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə "Qarabağ" rəqs qrupu Diasporla İş üzrə Dövlət Komitəsinin fəxri diplomu ilə təltif olunub. O, diplomu SAF-ın sədri, "Qarabağ" rəqs qrupunun bədii rəhbəri Sevda Dadaşovaya təqdim edib.

Tədbir çərçivəsində “Azərbaycanın rəngləri” sərgisi təşkil edilib. Sərgidə fotoqraf Etibar Cəfərovun əsərləri və zərgər Eldar Səmədovun hazırladığı zinyət əşyaları nümayiş etdirilib.

12:34