Sərdar Cəlaloğlu: “Müxalifət geniş tədbir keçirəcək”

Sərdar Cəlaloğlu: “Müxalifət geniş tədbir keçirəcək”“Müxalifət partiyalarının iştirakı ilə dekabrın 25-də Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında toplantı keçiriləcək. Toplantıda ölkədə ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri müzakirə ediləcək”.

Bunu ADP sədri Sərdar Cəlaloğlu deyib. O, bildirib ki, dünyada baş verən maliyyə-iqtisadi böhran bütün ölkələrdə vəziyyəti çətinləşdirir: “Azərbaycan müxalifətinin vəziyyəti də buna adekvat deyil. Müxalifət çox dağınıqdır, vəziyyəti ürəkaçan deyil. Biz bu məsələləri müzakirə etmək və vəziyyətdən çıxış yolunu tapmaq istəyirik”.
ADP sədri deyib ki, tədbirə hər kəs dəvətlidir: “Azərbaycanın sabahını düşünən, müxalifətin vəziyyətinin dəyişməsini istəyən, böhrandan çıxmağı arzulayan hər kəs tədbirə dəvətlidir. Burada konkret olaraq fərq qoyulmur. Təşəbbüs bizdən gəlib, amma bütünlüklə marağı olan qüvvələri bu prosesdə iştiraka dəvət edirik”.
ADP sədri deyib ki, artıq ikinci tədbirlərini keçirirlər, ancaq ortaya konkret proqram qoyulmayıb: “Bu tədbirləri keçirməkdə məqsədimiz cəmiyyətin indiki durumunda özümüz üçün vəzifələri müəyyən etməkdir. Bunun əsasında proqram hazırlamaq olar. Liderin vəzifəsi xalqın nə edə biləcəyi işi ortaya qoymaqdır. Odur ki, belə toplantıda üzvlərimizin, bizi dəstəkləyənlərin müxalifətdən gözləntilərini də müəyyən etmək istəyirik. Yalnız bunun əsasında qərarlar qəbul edə bilərik”.

Hurriyyet.org

10:27