“Söz işığı” poeziya gecəsi

Gəncə Regional Kollecin tələbəsi, gənc şair Mətanət Qüdsinin təşkilatçılığı ilə “Söz işığı” poeziya gecəsi keçirilib. Poeziya gecəsində qərb bölgəsinin ədəbi mühiti bir araya gəlib. Şəmkirdə keçirilən tədbirdə əməkdar mədəniyyət işçisi, şair Məzahir Hüseynzadə, şair, publisist, ictimai xadim, əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri Barat Vüsal, “Respublika” qəzetinin bölgə müxbiri Eyvaz Həmid, gənc şair və yazıçılar iştirak ediblər. Tədbirdə Azərbaycan ədədbiyyatından, xalq şairlərimizin yaradıcılığından danışılıb, gənclərin ədəbiyyata marağı, yazarlar arasında gənc nəslin nümayəndələrinin artan çəkisi, regionun timsalında onların formalaşdırdığı ədəbi mühit təqdir edilib. Aparıcı qismində çıxış edən gənc şairlər Mətanət Qüdsi, Məhəmməd Turan ədəbiyyatımızdan və öz yaradıcılıqlarından ədəbi nümunələr səsləndirib, iştirakçılarla birgə müzakirələr aparıblar. Sonda Mətanət Qüdsinin “Kəpənəyin saldığı yol” şeirlər kitabı iştirakçılara təqdim olunub.

Cəmilə KƏRİM
Gəncə

14:16