“Soyuq” filmi Güney Azərbaycana uğur gətirdi

Güney Azərbaycanın başkəndi Təbrizdə Türk dilində çəkilən "Soyuq" kinosu İranın Uşaq Filmləri Festivalında bir neçə yüksək mükafata layiq görülüb. Ərk qardaşları tərəfindən çəkilən “Soyuq” filminə görə “Ən yaxşı rejissor” nominasiyası üzrə İranın Uşaq Filmləri Festivalının mükafatını qazanıblar. Nəsrin Muradi isə “Ən yaxşı qadın rolu”na görə mükafat alıb.

Bəhram və Bəhmən Ərkin rejissoru olduqları və Azərbaycan Türkcəsində çəkilən "Soyuq" filmi fevralın 2-də Güney Azərbaycanın başkəndi Təbrizin “22 Bəhmən-Naci”  kino-teatrında pulsuz olaraq nümayiş etdirilib. Filmin nümayişi haqqında məlumatı yerli mətubat və eləcə də İrana məxsus bütün xəbər agentlikləri yayıblar.
Uşaqlar üçün Azərbaycan Türkcəsində çəkilmiş ilk uzun metrajlı film olaraq təqdim edilən 86 dəqiqəlik “Soyuq” filmində ailəsinin yoxsulluğu üzündən stress altında olan bir məktəbli uşağın həyat hekayəsindən bəhs edilir.
Təbrizdə çəkilmiş "Soyuq" filmi İranın Uşaq Filmləri Festivalında “Ən yaxşı rejissor işi” (Bəhram və Bəhmən Ərk) və “Ən yaxşı qadın rolu” (Nəsrin Muradi) kateqoriyaları üzrə mükafatlardan başqa, həm də “Münsiflər Heyətinin özəl ödül”ünü alıb. "Soyuq" filminin Təbrizdəki kino-teatrlarda göstərilməsi Güney Azərbaycanlıların sevinci və qüruruna səbəb olub.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

 

11:31