SOYUMUZDAN, İNSANLIĞIMIZDAN NƏSƏ QALIBMI?..

SOYUMUZDAN, İNSANLIĞIMIZDAN NƏSƏ QALIBMI?..

Bu yazını yazmazdan əvvəl bütün əməli-saleh, vicdanlı və həqiqətən inanclı insanlardan üzr istəyirəm. Əgər aramızda dini yalnız dilində deyil, qəlbində və əməllərində yaşadan din xadimləri varsa, məni öz böyüklükləri naminə bağışlasınlar...

Mənim sözüm dinə deyil, dindən pərdə kimi istifadə edənlərədir.

Azərbaycanda olduğum müddətdə bir mənzərə məni çox düşündürdü. Sankı daşı qara qarğaya atsan, gedib hacıya, məşədiyə, kərbəlaiyə, seyidə, mollaya dəyəcək... 

Bu adların, titulların sayı o qədər artıb ki, adam istər-istəməz soruşur: görəsən, həqiqi iman, mərhəmət, vicdan və insaf da bu qədər çoxdurmu?

Təəssüf ki, belə deyil.

Hacı olmaq insanı mərhəmətli etmir. Məşədi olmaq vicdan zəmanəti deyil. Kərbəlai olmaqla insanı avtomatik ədalətli olmur.  Seyidlik üstünlük deyil. Molla olmaq isə insanı məsuliyyətdən azad etmir. 

İnsanı insan edən adı, titulu və dini statusu deyil - əməlləridir.

Bu gün müxtəlif sahələrdə böyük imkanlara sahib olan, monopoliyalarda yer tutan, insanların sağlamlığına zərər verən, keyfiyyətsiz məhsullar istehsal edən və ya satan insanlar arasında dini titullardan istifadə edənlərin üstünlük təşkil etdiklərini görürük. Əlbəttə, hamısını eyni tərəziyə qoymaq olmaz, aralarında vicdanlı var. Amma sual yenə də qalır:

Dindar adını daşıyan insan necə olur ki, başqasının haqqını tapdalamağı, insanları aldatmağı və haram qazancı özünə rəva bilir?

Əgər bir insan gündə beş dəfə namaz qılır, amma gün ərzində beş insanın haqqını yeyirsə, onun ibadəti haradan başlayır, insanlığı isə harada bitir?

Məni düşündürən məsələlərdən biri də Azərbaycanda heyvanlara münasibətimizdir.

Yadımdadır, illər öncə Bakıda bir gənc küçə itini vəhşicəsinə döyərək öldürmüşdü. Bu hadisə sosial şəbəkələrdə böyük etiraza səbəb oldu. İnsanlar səsini ucaltdı və hüquq-mühafizə orqanları məsələyə müdaxilə etməli oldular...

Bu hadisə mənə bir şeyi göstərdi:

Deməli, bu millətin içində hələ də insanlıq yaşayır...

Çünki insanlıq yalnız insana yaxşılıq etmək deyil, eləcə də özünü müdafiə edə bilməyənə, səsini çıxarmağa qorxana sahib çıxmaqdır.

44 günlük müharibə zamanı Azərbaycan əsgərinin yaralı erməni hərbçisinə tibbi yardım göstərməsi də bunun nümunəsi idi. Müharibənin ən ağır anında belə yaralıya insan kimi yanaşmaq insanlığın ən yüksək göstəricisi idi ki, bunu Azərbaycan əsgəri göstərdi. Bunu tarix boyu Ermənistan əsgəri bacarmaz. 

Amma bir sual da var:

Bəs din xadimlərimiz ağır günlərimizdə harada idilər? 

Elə götürək qəddarlıqla öldürülən həmin iti. Həmin o itin öldürülməsinə cəmiyyətin müxtəlif təbəqələrindən etiraz səsləri gəldiyi halda, bir dini titullar daşıyan mollalardan səs çıxmadı. 

Əksinə, həmin hadisə ilə bağlı yazdığım yazıya irad bildirən “müasir” bir hacı-molla- müəllim belə yazmışdı: " Heyvanı müdafiə etmək şəriətə ziddir".

Mən o zaman da düşünmüşdüm, indi də düşünürəm:

İnsanın ürəyində mərhəmət yoxdursa, dilindəki dini sözlərin nə mənası var?

Dindar deyiləm. Amma dindarlara hörmətsiz də deyiləm. Mənim üçün həqiqi iman insanın özünü necə təqdim etməsində yox, başqasına necə münasibət göstərməsindədir.

Yetimin başını sığallayan, kasıbın əlindən tutan, haqsızlığa qarşı çıxan, ac heyvanı doyuran, zəifin haqqını qoruyan insanın hansı dindən asılı olmayaraq əsil Allah adamı odur. 

Əksinə, dilindən “Allah”, “iman”, “halal” sözlərini əskik etməyən, amma insanları aldadan, haqq yeyən və zəifə zülm edən insanın titulu məni maraqlandırmır. Çünki insanlıq titulla deyil.

BƏS SƏHİYYƏMİZDƏ İNSANLIQ HARADADIR?

İnsafdan danışırıqsa, Azərbaycan səhiyyədən danışmadan keçmək mümkün deyil.

İnsan ən çarəsiz vəziyyətində xəstə olur. Həkimin qarşısına ümidl çıxır. Qəlbində yalnız bir şey olur: sağalmaq arzusu.

Həkimə müraciət edən insanın xəstəliyi onun üçün biznes pridmetinə çevrilməməlidir.

Təəssüf ki, səhiyyəmizlə bağlı Azərbaycanda xalq arasında ciddi narazılıqlar var. Müayinələr, analizlər, dərmanlar, əməliyyatlar və müxtəlif tibbi xidmətlər bəzən xəstəni müalicəsindən əvvəl pulunu ödəməyə məcbur edilir. 

Əlbəttə, bütün həkimləri belə təqdim etmək böyük haqsızlıq olardı.  Vicdanla çalışan, gecə-gündüz insan həyatı xilas edən həkimlərimizdə var və onların qarşısında baş əyirəm.

Ancaq vicdansız həkimlər kifayət qədərdir...

Xüsusilə Vətən uğrunda sağlamlığını itirmiş insanların müalicəsi məsələsində cəmiyyət daha həssas olmalıdır. Qarabağ müharibəsi veteranının müalicə üçün çarəsiz qalması, ağır xəstənin pul olmadığı üçün müalicəsini yarımçıq qoyması bizi düşündürməlidir.

 İKİ ACI NÜMUNƏ

44 günlük Vətən müharibəsinin I qrup əlili, Göyçayın Mallı Şıxlı kənd sakini, dializ xəstəsi Məmmədov Yusif Müşfiq oğlunu xəstəxanalar arasında futbol topuna çeviriblər - birindən o birinə göndərirlər.

 Və yaxud Ağcabədinin Hindarx kənd sakini, I Qarabağ müharibəsi veteranı, insult keçirmiş döyüşçü Həsənov Nizami Namaz oğlu isə evində, Allahın ümidinə müalicə almağa məcburdur. Sanki bu ölkədə xəstəxana yoxdur.

Bunlar yalnız iki nümunədir. Belə acı taleləri onlarca göstərmək olar.

Ən acınacaqlısı isə budur ki, Azərbaycanda istər xəstəlikdən, istərsə də bədbəxt hadisədən ölən insanların bir çoxunun dosyesi “Allahın işi idi” deyə bağlanır.

Sanki Allahı Azərbaycanda bütün həkim səhlənkarlığının məsuliyyətini daşıyan şəxsə çeviriblər.

Az qalıb Azərbaycanda Allahın özünə belə cinayət işi açalar. Amma insan səhlənkarlığının, məsuliyyətsizliyinin və laqeydliyinin məsuliyyətini də Allahın ayağına yazmaq olmaz!

Bu barədə ayrıca yazacağam. 

Qayıdaq mətləb üstünə...

Səhiyyə adi xidmət deyil.Səhiyyə insan həyatıdır.

İnsanın xəstəliyindən qazanc əldə etmək mümkündür, amma bunu vicdanla etmək lazımdır. Həkimlik yalnız diplom və peşə deyil, həm də böyük mənəvi məsuliyyətdir.

Məsciddə haramdan danışmaq asandır, haram qazancın qarşısında dayanmaq isə daha çətindir...

QƏDDARLIQ BELƏ BAŞLAYIR

Tarix bizə göstərir ki, qəddarlıq cəmiyyətə bir gündə gəlmir.

Hitler Almaniyada hakimiyyətə gəldikdən sonra dünyanın ən humanist, yardımsevər alman xalqını nifrətə, ayrı-seçkilyə və zorakılığa məcbur etdi. Qəddarlığı və qatılliyi mərhələ-mərhələ dövlət siyasətinə çevrildi. 

Hətta belə rəvayət edirlər ki, Hitler göstəriş verir ki, bütün uşaqlar evlərində saxladıqları pişiklərinin başın kəssinlər. 

Bax elə bu tərbiyyənin nəticə olaraq faşistlər yəhudiləri, polyakları, qaraçıları, hətta əlil və başqa qrup insanları kənarlaşdırıb və nəticədə milyonlarla insanın məhv edilməsinə gətirib çıxaran dəhşətli cinayətlər törədildi.

İnsanlığı itirmək bəzən belə başlayır: əvvəlcə başqasının ağrısına biganə qalırsan, sonra onun haqqını görmürsən, onun faciəsindən gəlir umursan və nəhayət, onun həyatını da öz həyatın qədər qiymətli hesab etmirsən.

Ona görə məni yalnız Azərbaycan səhiyyənin bahalılığı deyil, insan həyatına münasibətimiz və biganəliyimiz düşündürür.

Əgər xəstə insan müalicə üçün borca girməli, evini satmalı və ya çarəsiz qalmalıdırsa, biz yalnız səhiyyə sistemini deyil, öz vicdanımızı da sorğu-sual çəkməliyik. 

BİZ KİM İDİK?

Tarixən Azərbaycan türkləri mərhəməti, qonaqpərvərliyi, alicənablığı və çətin vəziyyətdə olana əl tutması ilə tanınıb.

Müharibə zamanı belə yaralıya əl uzatmaq bizim üçün insanlıq sayılıb. Qapımıza gələn yad adamı qonaq etmişik. Yetimin, kasıbın, xəstənin yanında dayanmağı özümüzə borc bilmişik.

Bəs indi?

Əgər xəstənin qarşısında əvvəlcə onun pulunu görürüksə…

Əgər heyvan işgəncə görür, biz susuruqsa…

Əgər kasıbın haqqı yeyilir, üzümüzü çeviririksə…

Əgər insanların sağlamlığı qazanc naminə təhlükəyə atılırsa…

Əgər güclünün qarşısında susub yalnız zəifə qarşı cəsarətli oluruqsa…

onda özümüzə bir sual verməliyik:

Biz dəyişmişikmi?

Mən Azərbaycan səhiyyəsinə düşmən deyiləm. Əksinə, istəyirəm ki, Azərbaycan səhiyyəsi dünyada güvənilən səhiyyə sistemlərindən biri olsun. İstəyirəm ki, Azərbaycan həkiminin adı pul hərisliyi ilə deyil, vicdan, mərhəmət və peşəkarlıqla yanaşı çəkilsin.

Ay Azərbaycan səhiyyəsi!

İnsanı yalnız xəstəlikdən deyil, ümidsizlikdən də qurtarın.

Xəstənin göz yaşını görmədən, fəryadını duymadan cibinə baxmayın!

Vətən üçün sağlamlığını itirmiş qazilərimizi, müharibə veteralarımızı qapılarda qoymayın!

Allahdan qorxun demirəm -:vicdanınızdan qorxun!

Çünki insanın içində vicdan yoxdursa, ən gözəl dini sözlərin də, ən möhtəşəm vətənpərvərlik şerlərində, pafoslu şüarlarının da heç bir mənası yoxdur.

Əziz soydaşlarım!

Gəlin soyumuzu unutmayaq.

Əgər bizə babalarımızdan nəsə qalıbsa, qoy bu yalnız soyadımız, tariximiz və qürurumuz olmasın.

Qoy onların bizə miras qoyub getdikləri mərhəməti, insafı, alicənablığı, mərdliyi insanlığı da miras qalsın.

Çünki millətin böyüklüyü onun nə qədər varlı, güclü və silahlı olması ilə ölçülmür.

Millətin böyüklüyü onun zəifə necə münasibət göstərməsi ilə ölçülür.

Bu gün xəstəyə, qocaya, uşağa, əlilə, veterana, kasıba və hətta küçədəki dilsiz heyvana necə münasibət göstəririksə, sabah tarix də bizi elə xatırlayacaq.

Ona görə hələ gec deyil.

Gəlin qəddarlığın adiləşməsinə imkan verməyək.

Gəlin başqasının ağrısını öz ağrınız bilək.

Gəlin insanlığımızı itirməyək.

Çünki bizdən sonra gələn nəsillərə verə biləcəyimiz ən böyük miras nə sərvətdir, nə titul, nə də vəzifədir.

Ən böyük miras - insan qalmaqdır.

Və mən bu gün özümə də, sizə də bir sual verirəm:

SOYUMUZDAN, İNSANLIĞIMIZDAN HƏLƏ NƏSƏ QALIBMI?..

Elman Mustafazade 
Niderlanda Krallığı.

Xudaferin.eu

14:15