Soyqırımın 100 illiyi ilə bağlı Ukraynadakı diplomatik nümayəndəliklərə bəyanat ünvanlanıb

Azərbaycanın Ukraynadakı səfirliyi 31 Mart - azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Ukraynada fəaliyyət göstərən beynəlxalq təşkilatlara, xarici dövlətlərin diplomatik korpuslarına, bu ölkənin Xarici İşlər Nazirliyinə bəyanat ünvanlayıb.

 

Səfirlikdən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edərək öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail olublar: “1918-ci ilin mart ayından etibarən ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurub insanları diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıb Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edilib”.

 

Bəyanatda deyilir ki, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqların zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib: “Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir”.
 

xudaferin.eu

17:40