"SOSİAL EVLƏR DƏ KASIBLAR ÜÇÜN DEYİL"

 

Hüquqşünas: “Dövlətin puluyla tikib, bu xalqın malını yenə mənimsəyəcəklər”

Daşınmaz əmlak bazarı üzrə ekpert: “Belə görünür ki, yenə də qohumbazlıq, tanışlıq rol oynayacaq”

Hökumətin aztəminatlı ailələrlə bağlı sosial xarakterli layihələri ilk başlanğıcda elə təqdim olunur ki, binəva kasıb sevindiyindən papağını atır göyə, tuta bilmir. Sosial layihələrlə bağlı qanunları, qaydaları yazanlar da elə yazır ki, yazdıqlarından ilk fürsətdə özləri faydalanır. Yetimin papağını alıb, sonra qaytaranda sevindiyi kimi, kasıb da sosial güzəştlərdən yararlanmağı unudub itmiş papağının hayına qalır. Ünvanlı sosial yardım, güzəştli kreditlər, kimsəsiz gənclərə, əlillərə, müharibə veteranlarına maşın, yaxud ev verilməsi ya “şapkasız” ötüşmür, ya da “öz adamları”na şamil edilir.

 

Kasıbı sevincək eləyən ev vədi də yalan?..
 

Hökumətin növbəti “humanist layihəsi” sosial evlərlə bağlıdır. Bəzi deputatlar, dil pərgarı olan diletantlar elə dedilər, televiziya və mətbuat məddahları da ballandıra-ballandıra bunu cəmiyyətə elə sırıdılar ki, kasıbın sevindiyindən yuxusu qaçdı. Evsizlik üzündən 40 yaşını ötürüb hələ də subay qalan oğlanlar, evdə qarıyan qızlar sevincək oldular ki, nəhayət bunların da bəxtinə gün doğacaq ailə sahibi olacaqlar. İllərlə ev həsrətiylə zülm-zillət çəkənlər günləri sayır ki, yuxularında gördükləri ev-eşik reallaşacaq. Kasıb saydığını saymaqda olsun, görün fələyin çarxını fırladan kələkbazlar nə sayır.

Hadı Rəcəblinin fantaziyası: Ayı 60 manata 60 kvadratmetrlik ev

Hadı Rəcəbli hələ 2014-cü ildə demişdi ki, gənc ailələr ayda 60 manat ödəməklə 60 kvadratmetrlik ev ala biləcək, ipoteka krediti ödəməklə 20 il müddətinə evə sahib olacaqlar. Çünki Mənzil Məcəlləsində sosialyönümlü evlərin tikintisi nəzərdə tutulub. Hətta belə təqdimat da vermişdi: “Əslində elə başa düşülməlidir ki, dövlət bu evi həmin adamlara bağışlayır. Ev fürsətindən faydalana bilən gənclərə hətta iş də veriləcək ki, ipoteka kerditini ödəyə bilsin”.

 

Mənzil İnşaatı Agentliyi beynəlxalq təcrübəni öyrəndi, bəs sonra?..

Aprelin 11-də ötən il yaradılan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bir illiyini qeyd elədi. MİDA-nın rəsmi saytında agentliyin rəhbəri Samir Nuriyevin hesabat çıxışı təqdim olunub. Cənab Nuriyev çıxışında bildirib ki, agentlik fəaliyyətə başladığı ilk gündən yüksək ixtisaslı mütəxəssislərdən ibarət işçi heyət formalaşdırıb və çoxmənzilli binaların tikintisi sahəsində beynəlxalq təcrübə öyrənilib. Amma bu çıxışdan aydın olmur ki, öyrənilən beynəlxalq təcrübə yerli şəraitə necə tətbiq olunacaq? Azərbaycanda evsizlər nə qədərdir, sosial mənzillər kimlərə şamil oluna bilər?

 

Evsizlərin sayını kim müəyyənləşdirəcək?

Hələ bir neçə il əvvəl bu mövzunu aktuallaşdıranda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Elgün Səfərov bizə bildirmişdi ki, komitəyə mənzil istəyi ilə bağlı çoxsaylı ailələr müraciət edirlər, bu məktublar isə, müvafiq rayon icra hakimiyyətlərinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) yönləndiririlir. MİDA xarici təcrübəni öyrənib başa çatdırıbsa, bəlkə evsiz əhalinin sayını müəyyənləşdirsin. Yaxud ƏƏSMN və icra hakimiyyətləri kimi əlaqədar qurumlar niyə konkret bir statistika üzə çıxarmırlar?

İdman xadimi, çinli zabit, rütbəli polis, professor... bəs kasıb?

 

İqtisadçı Vüqar Bayramov bu günlərdə sosial güzəştli mənzillərin kimlərə verilə biləcəyini açıqladı: Bunlar şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer) olanlardır. Eyni zamanda, elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər də bu imkandan yararlana biləcəklər. Gənc ailə üçün yaş həddi 35-dir.

Bir otqalı 180, 3 otaqlı 360 manata... Neçə ilə?!

İqtisadçının açıqlamasında bu mənzillərin neçə il müddətinə verilə biləcəyi göstərilməyib. V.Bayramov inşa edilən sosial mənzilləri belə qiymətləndirib: “Bir otaqlı mənzil üçün aylıq ödəniş təxminən 180 manat, 2 otaqlılar üçün 240, 3 otaqlılar üçün isə 360 manat olacaq. İlkin ödəniş 10 faiz olacaq. Bu o deməkdir ki, əgər mənzilin qiyməti 50 min manatdırsa, o zaman 5 min manat ilkin ödəniş lazımdır”.

“Güzəştli mənzil” haqda “ASAN xidmət”dən soruşun

 

MİDA-nın məlumatlarında bildirilir ki, Yasamalda inşa edilən sosial binalarda təxminən 1900 mənzilin istifadəyə veriləcəyi gözlənilir. İkinci belə yaşayış sahəsi Hövsanda salınacaq. Mayın 1-dən isə “Güzəştli mənzil” elektron sistemi fəaliyyətə başlayacaq. Amma əhaliyə aydın olmayan sualların cavabı yoxdur. S.Nuriyev hesabat çıxışında deyib ki, martın 10-dan MİDA MMC-nin xüsusi təlimlərdə iştirak etmiş gənc mütəxəssisləri “ASAN xidmət” mərkəzlərində vətəndaşlara xidmət göstərir. Hurriyyet.org olaraq “ASAN xidmət”ə müvafiq suallar ünvanladıq. Cavab olanda oxucuları məlumatlandıracağıq.

Elmlər doktorunun 3-5 yerdə evi varsa...

Sosial evlərlə bağlı layihənin reallaşmasını ilk dəfə mətbuatda gündəmə gətirən şəxslərdən biri ev bazarı üzrə ekspert Rafiq İmanovdur. O, bizə ilk müsahibələrində ölkə başçısının sosial evlərlə bağlı göstərişlərini təqdir eləyərək bildirirdi ki, sosial evlər tikilsə, kimsə mənzilsiz qalmayacaq. Bu məsələnin reallaşması həm dövlət üçün, həm də əhali üçün əlverişli olacaq. Amma indi ekspert ümidverici danışmır. Sosial mənzillərlə bağlı mətbuata açıqlamalardan belə qənaətdədir ki, bu məsələ də ev həsrətində olan aztəminatlı ailələrdən çox, müəyyən imkanlı kəslərin maraqlarını təmin etmək məqsədi daşıyır, çünki açıqlanan şərtlərdə boşluqlar görünür: “Bu məsələdə aztəminatlı ailələrin müəyyənləşməsi üçün konkret meyarlar olmalıydı. Mən hesab edirəm ki, sosial mənzillərə 70 faiz tələbatı olan insanlar var. İnandırıcıdırmı ki, elmlər doktoru olan alimin Bakıda evi olmasın? Bəlkə də o professorun 3-5 yerdə evi var. Yaxud idman sahəsində xüsusi xidmətləri olan şəxs, beynəlxalq miqyaslı yarışların mükafatçısı və ya xüsusi rütbəsi olan hərbçi evsiz ola bilər? Dövlət qulluğunda çalışanlar onsuz da digər əhali təbəqəsindən fərqli olaraq müəyyən üstün imtiyazlara malikdir. Belə görünür ki, yenə də qohumbazlıq, tanışlıq münasibətləri rol oynayacaq”.

Aztəminatlı, çoxuşaqlı ailələr nəzərə alınmalıdır

 

Ekspert deyir ki, əslində bu layihə ilk növbədə yeni ailə quran, ailə büdcəsinin minimum şərtlətini ödəyə bilən aztəminatlı, çoxuşaqlı ailələri nəzərə almalıydı: “Mənzilsiz insanlar 300, 400 manat kirayəpulu ödəyirlər. Halbuki bu layihə çərçivəsində 300 manat aylıq əməkhaqqı alan gənc ailə başçısı, 150 manat kirayə haqqı ödəməklə mənzil ala bilər. O ümidlə ki, bir neçə il sonra bu mənzil onun olacaq. Amma fikrimcə, şəxsin aylıq əməkhaqqı 300 manatdırsa və 3 otaqlıya ehtiyacı varsa, ona birotaqlı mənzil verilməli deyil. Çünki ailə tərkibi, çoxuşaqlı ailələr də nəzərə alınmalıdır. Sosial mənzillərin mahiyyəti ondan ibarətdir ki, ailə payına düşən kvadratmetrlə təminat olsun. Hələ vətəndaş bilmir ki, birotaqlı mənzil üçün güzəştli şərtlərlə nə qədər məbləğ ödəyə bilər və nə qədər müddətə ödəyər”.

 

MİDA-ya dəllal deyil, bələdçi cəlb oluna bilər

 

R.İmanovun fikrincə, mənzil hər bir insanın ehtiyacı olan yaşayış sahəsi olduğuna görə evə tələbatı ödəmək üçün bu sahənin işbilənləri ilə məsləhətləşmələr aparmaq məqsədəuyğundur: “Məsələn, ev-alqı satqısı üzrə ixtisaslaşmış, müəyyən təcrübə qazanmış şəxslər var agentlik onları rəsmi fəaliyyətə cəlb eləyə bilər. Yeri gəlmişkən, maklerlik fəaliyyəti ilə bağlı bir çox boşluqlar var, maklerlər “dəllalıq” deyil, bələdçilik funksiyasına malik omalıdır. Maklerlər qazanc götürmək üçün süni qiymət artımı yaradır. Amma onlar öz xidmətinə görə, rəsmi olaraq nağd ödəniş alsa, süni qiymət artımı yaranmaz”.
 

Elmi tədqiqat lazımdır: 10 milyon əhaliyə 2,5 milyon ev düşər...

Hüquqşünas Namizəd Səfərov hesab edir ki, bu cür sosial layihəyə başlamazdan öncə elmi baxımdan araşdırılma, əsaslandırılma aparılmalıydı ki, bu ölkədə nə qədər ev, mənzil var: “Mən Azərbaycanda kasıbın, evsiz-eşiksizin hüquqlarını müdafiə eləyən bir qanun norması görməmişəm. Gəlin sayaq görək, bu ölkədə nə qədər mənzil var. Ölkənin 10 milyon əhalisinin orta hesabla 4 nəfərini bir ailə nəzərdə tutsaq, cəmi 2,5 milyon mənzil lazımdır ki, bütün ölkənin əhalisinin ev problemi həll edilsin. Bizim ölkədə bəlkə də 3 milyona qədər ev var, hələ mənzil demirəm. Bakı şəhərində son 25 ildə yüzlərlə hündürmərtəbə tikilib. Niyə hesablanmır ki, bu mənzillər ümumi neçə kvadratmetrdir? Hesablansa, hər adambaşına 100 kvadratmetr, bəlkə də daha çox ev düşər. Heç sosial mənzillərə də ehtiyac qalmaz”.

Bu ölkədə evinin sahəsi 50 min kvadratmetr olanlar var

Hüquqşünas hesab etmir ki, sosial evlər kasıblar üçündür: “Bu ölkədə elə şəxslər var, evinin sahəsi 50 min kvadrat metrdir, kasıblar da qalıb evsiz, ac-yalavac. Ona görə də mən ümid eləmirəm ki, sosial evlər kasıblar üçündür. Dövlətin, xalqın puluyla tikilib, bu xalqın malını yenə özləri mənimsəyəcəklər. Bu cür layihələr yalnız bir qrupun mənafeyinə xidmət eləyənlər üçün nəzərdə tutulur, xalq üçün yox”.

Sevil HİLALQIZI
Hurriyyet.org

 

09:44