“Sökülən “xruşşovka”lara görə 10 faiz kompensasiya ədalətsizlikdir”

 

““Xruşşovka”ların yerində 4-5, 7 mərtəbəli binalar tikilməlidir. Hündürmərtəbəli binaların tikilməsindən ötrü kommunikasiya yenilənməlidir. Üstəlik yenilənmə mərkəzləşmiş qaydada olmalıdır”.

Daşınmaz əmlak bazarı məsələləri üzrə ekspert Nüsrət İbrahimov Bakıda 1-ci mikrorayonun sökülməsi və orada hündürmərtəbəli binaların tikilməsi ilə bağlı hökumətin planlarını dəyərləndirərkən belə deyib. N.İbrahimov qeyd edib ki, söküntü barədə qərar düzgün addımdır. “Ancaq yeni evlər Baş plana uyğun inşa edilməli və günün tələblərinə cavab verməlidir ”, deyən ekspert söküntü zamanı mülkiyyətçilərin hüquqlarının təminatının əsas diqqət mərkəzində saxlanmalı olduğunu vurğulayıb.

“Tərəflər arasında müqavilənin imzalanması vacibdir. Sığorta olmalıdır. Əgər sığorta olmasa qarant dövlət olacaq. Əgər bunlar olmasa, risk faktoru böyüyür. Müqavilənin şərtləri sığortalanmalı ya da dövlət zəmanəti ilə təmin edilməlidir”, deyən ekspertə, yeni mənzillərdə sakinlərə əvvəl olduğundan cəmi 10 faiz çox sahə verilməsini ədalətli saymadığını ifadə edib.

“Dövlət satınalmaları haqqında qanunda mülkiyyətçilərə kompensasiya nəzərdə tutulub. Ancaq burada söhbət dövlət satınalmalarından getmir. Zənnimcə, bu məsələlər nəzərə alınacaq. Dövlət bu barədə düşünməlidir. 1-ci mikrorayonda birotaqlı mənzilin sahəsi 29 kv. metrdir. 10 faiz əlavəni nəzərə alsaq, genişlənmə 3 kv. metr təşkil edəcək. Digər tərəfdən, sovet dövrünün tikililərində mənzillərdə təbii ventilyasiya olub. İndiki yeni binaların eni çox genişdir və mənzillər ancaq bir tərəfdə yerləşir, ventilyasiya olmur, gün işığı yetərincə deyil. Yəni, sanitar normalara riayət edilmir. Odur ki, kompensasiyanın həcmi artırılmalıdır”.

Ekspert ərazinin məhdudluğu, ətrafda nəqliyyatın sıxlığı baxımından birinci mikrorayonda 30-35 mərtəbəli binaların tikintisini də məqsədəuyğun hesab etmədiyini vurğulayıb.

XATIRLATMA

 

Nazirlər Kabineti martın 10-da 1-ci mikrorayonun yenidən qurulması ilə bağlı qərar qəbul edib. Qərar sözügedən mikrorayondakı «xruşşovka»ların sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi əsası ilə sökülməsini nəzərdə tutur. Mikrorayondakı yenidənqurma işləri üzrə sifarişçi funksiyası Fövqəladə Hallar Nazirliyinə (FHN) həvalə edilib. Qərara əsasən, FHN 15 günə müfəssəl plan, onun əsasında yerinə yetiriləcək işlərin texniki-iqtisadi əsaslandırmasını əks etdirən layihə hazırlamalıdır. Həmin sənəd dövlət şəhərsalma, əmlak məsələləri dövlət komitələri və Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmalıdır. Aparılacaq tikinti işlərinə özəl şirkətlərin və kredit vəsaitlərinin cəlb edilməsi qərarda nəzərdə tutulur.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov demişdi ki, yeni binalarda sakinlərə veriləcək mənzillərin sahəsi köhnədən 10 faiz artıq olacaq. “Ola bilər ki, kimlərsə, yeni binalardan ev və obyekt istəməsinlər. Belə olan halda, onlara köhnə mənzillərini bazar qiymətinə satmalarına imkan yaradılacaq», - o, qeyd etmişdi.

«Xruşşovka»lar ötən əsrin 60-cı illərində SSRİ ərazisində müvəqqəti inşa edilən 5-mərtəbəli binalar olub. Həmin binalardakı mənzillərin də ölçüləri digər binalardakı mənzillərlə müqayisədə kiçik olur.

Azadliq.org

09:55