Sənət fədailəri və ya unudulmağa məhkum olanlar

 

Hər dəfə böyük sənət məbədlərindən söz düşəndə Azərbaycan mədəniyyəti tarixində öz sözü və dəsti-xətti olan Gəncə Dövlət Dram teatrından və burada ömürlərini sənətə bağlayan müqtədir sənət korifeylərindən danışmamaq mümkün deyil.Bu teatr 13 noyabr 1921-ci ildə “Azad Tənqid-Təbliğ teatrı” adı ilə rəsmi olaraq fəaliyyətə başlayıb.Ancaq bu dövrə qədər 1895-ci ildən Gəncədə artıq kiçik teatr truppası mövcud idi. Belə ki, dövrünün mütəfəkkür və içtimai xadimləri olan Mirzə Fətəli Axundzadə və Nəcəf Bəy Vəzirovun pyesləri ilə Gəncənin bir sıra maarifpərvər insanlarının xüsusi təşkilatçılığı və həvəskarların iştirakını özuündə cəmləməklə XIX əsrin sonlarında yəni 21 oktyabr 1895-ci ildə ilk dəfə olaraq tamaşalar hazırlanıb.

 

1906-cı ildə yaradılan “Gəncə müsəlman məclisi”nin bu sahədə xidmətləri xüsusi olaraq daha önəmlidir. Əbdürrəhim bəy Haqverdiyevin 1910-cu ildə yerli həvəskarlardan ibarət təşkil etdiyi teatrda “Ağa Məhəmməd şah Qacar”, “Dağılan tifaq”, (Ə. B. Haqverdiyev), “Əl-Mənsur” (N. Heyne), “Nadanlıq” (N. Nərimanov), “Vətən” (N. Kamal) və başqa bu kimi əsərləri yeni həvəskar truppanın əsas repertuarı kimi böyük maraqla qarşılanıb. Bu illərdə Gəncədə yaşayıb yaradan maarifpərvər ziyalı, dramaturq, dövrünün mükəmməl teatr nəzəriyyəçisi kimi tanınan Mirzə Məhəmməd Axundzadə bir necə yeni dram əsərləri yazmaqla yanaşı əcnəbi müəlliflərin pyeslərini də tərcümə edərək, teatr sənətinin dövrü üçün nəzəri problemlərini özündə əks etdirən “Teatro nədir?” elmi əsərini yazaraq çap etdirib. Bütün bunlarla yanaşı həmçinin qeyd etmək lazımdır ki, 1915-ci ildə ilk dəfə olaraq Gəncədə “Qız məktəb”i tələbələrinin ilk dram truppası da yaradılıb.Müxtəlif illərdə “Qız məktəb”i tələbələrinin ilk dram truppasına rejissor Əsəd Şıxzamanov rəhbərlik edib.Burada M. C. Əmirovun “Seyfülmüllük” operası ilk dəfə 1916-cı ildə tamaşaya qoyulub.Bu illərdə həmçinin həmkarlar klubu nəzdində dram dərnəyi fəaliyyət göstərib.Bu dərnək istedadlı aktyor truppası ilə yanaşı, rəngarəng repertuarı olan, lakin dövlət statusu almayan bir teatr hesab edilirdi. Həmkarlar klubu nəzdində dram dərnəyi kimi fəaliyyət göstərən bu truppada görkəmli rejissor Adil İsgəndərov, tanınmış sənətkarlardan Barat Şəkinskaya, rejissor və aktyor Mir İbrahim Həmzəyev və başqaları fəaliyyət göstərib. Məhz bu truppada fəaliyyət göstərən yaradıcı kollektivin bir sıra aktyorları sonradan respublikanın digər teatrlarında uğurlu yaradıçılıq fəaliyyəti ilə tanınmağa başlayıblar. 1932-cü ilin dekabr ayından Gəncədə fəaliyyət göstərən teatrın tarixi XX əsrin əvvəllərində Bakıda yaradılan, 1921-ci ilin noyabr ayının 13-də görkəmli aktyor Hacıağa Abbasovun təşəbbüsü və rəhbərliyi ilə “Bakı Azad Tənqid-Təbliğ Teatrı” kimi fəaliyyətə başlayan, 1925-ci ildən 1927-ci ilədək fəaliyyət göstərən “Bakı Türk İşçi və Kəndli Teatrı”nın tarixi ilə üzvü şəkildə bağlıdır. Sonradan bu teatr 1927-ci ildən 1932-ci ilədək “Bakı Türk İşçi Teatrı” kimi fəaliyyətini davam etdirib.Belə ki, məhz 1932-cü ilin dekabr ayında bu teatrın yaradıçı kollektivi bütünlükdə Gəncəyə köçürülür və “Tənqid-Təbliğ” teatrı kimi fəaliyyətini Gəncədə davam etdirir. Teatrın tarixinə nəzər saldıqda bu teatrın yetirməsi olan görkəmli pedaqoq və rejissor, SSRİ xalq artisti Mehdi Məmmədovun dəyərli fikirləri yada düşür: “Teatrın yaradıçılıq yoluna nəzər salanda iftixar hissi duyursan. Teatr daima müasirlik ruhu ilə yaşayıb, hər zaman müasir fikirlər irəli sürməyə can atıb”.

Gəncə Dövlət Dram teatrının şərəfli tarixinə qısaca olaraq nəzər salarkən burada ömrünü sənətə fəda edən respublikanın əməkdar incəsənət xadimi, rejissor Yusif Bağırovu xatırlamamaq mümkün deyil. Yusif Bağırov 1924-cü il yanvar ayının 20-də Bakıda anadan olub. O, 1941-ci ildə Bakı Teatr Texnikumuna daxil olsada həmyaşıdları kimi vətəni müdafiə etmək üçün cəbhəyə yollanır. 1945-ci ildə Sovet Ordusu sıralarından qayıdan Yusif Bağırov Bakı Teatr Texnikumunun aktyorluq fakültəsində Mehdi Məmmədov, Məhərrəm Haşımov və Aleksandr Tuqanov kimi görkəmli sənətkarlardan dərs alaraq təhsilini davam etdirir. Burada Ağa Sadıq Gəraybəyli kimi sənət usatsının səhnə texnikasından, Kazım Ziya kimi müqtədir sənət korifeyinin səhnə danışıqlarından bəhrələnir və digər sənətkarların apardıqları məşğələlər, canlı söhbətlər Yusif Bağırovun hafizəsində dərin izlər buraxır.1947-ci ildə Bakı Teatr Texnikumunu fərqlənmə diplomu ilə bitirən Yusif Bağırov elə həmin ildə də yenicə acılan Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) rejissorluq fakültəsinə daxil olur və 1952-ci ildə oranı bitirir. Diplom işi olaraq Ağəli Dadaşovun səhnələşdirdiyi Mir Cəlal Paşayevin “Dirilən adam” əsərini tamaşaya hazırlayaraq ilk uğurlu debütünə imza atır. Təhsilini başa vurduqdan sonra isə ömrünü-gününü Gəncə Dövlət Dram teatrına bağlayan Yusif Bağırov 1952-1956-cı illərdə quruluşçu rejssor, 1966-1995-ci illərdə isə baş rejissor kimi fəaliyyət göstərib. O, 1956-cı ildən 1966-cı ilə kimi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Burada “Koroğlu”, “Kölgələr sürünür”, “Əhməd haradadır?”, “Mən rəqs edəçəyəm” bədii filmlərinin ikinci rejissoru kimi calışıb. Fəaliyyəti dövründə Yusif Bağırov 100-dən artıq bədii filmi Azərbaycan dilinə dublaj edib.1959-cu ildə respublikanın xalq artisti Şəmsi Bədəlbəyli ilə birlikdə Fikrət Əmirovun “Gözün aydın” əsərini Azərbaycan Dövlət Musiqili Komediya teatrının səhnəsində tamaşaya hazırlayıb. O, 1961-1963-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) aktyor sənətindən dərs deyib. Yusif Bağırov Gəncə Dövlət Dram teatrında 33 illik fəaliyyəti dövründə bir-birindən maraqlı, orjinal səhnə traktofkası ilə realist rejissor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi yaddaşlarda yaşayır. Onun bu teatrın səhnəsində Piter Abrahamsın eyni adlı romanı əsasında Karl Myufkenin “İldırımlı yollarla”, Səttar Axundovun “Dağlarda”, Səməd Vurğunun “Fərhad və Şirin”, Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”, İlyas Əfəndiyevin “Atayevlər ailəsi”, “Unuda bilmirəm”, “Mənim günahım”, Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ”, Şıxəli Qurbanovun “Sənsiz”, Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” poeması əsasında Məmmədəli Nəsirovun “Tariyel”, Əbdürrəhim bəy Haqverdiyevin “Bəxtsiz cavan”, Cəfər Cabbarlının “Almaz”, “Oqtay Eloğlu” və “1905-ci ildə”, Altay Məmmədovun “Ulduzlar görüşəndə”, Aleksandr Ostrovskinin “Quduz pullar”, Uilyam Şekspirin “Otello”, Yusif Əzimzadənin “Unutmayın”, “Aprel səhəri” və “Anacan”, Qurban Musayevin “Buhenvald harayı” və “Odlu illər”, Sabit Rəhmanın “Küləklər”, Mixail Lermontovun “İki qardaş”, İmran Qasımov və Həsən Seyidbəylinin “Uzaq sahillərdə”, Mustay Kərimin “Odu atma, Prometey !”, Əlibala Hacızadənin “İtkin gəlin”, Maqsud İbrahimbəyovun “Cavan qadına yaraşan kişi”, Orxan Kamalın “72-ci kamera”, Dias Valeyevin “Vicdan məhkəməsi”, Aleksey Dudarevin “Astana”, Kiril Topalovun “Məhəbbət və xəyanət”, Vladimir Kotenkonun “Dəmir pərdə”, Əli Səmədovun “Ölüm hökmü”, Ənvər Məmmədxanlının “Şərqin səhəri”, İmran Qasımovun “Dairəni genişləndirin”, M. Şatrovun “İnqilabi etüd” və başqa maraqlı səhnə həyatı bəxş etmiş olduğu quruluşları Gəncə Dövlət Dram teatrının repertuarının əsasını təşkil edirdi. Təsadüfi deyil ki, Azərbaycan teatrında ilk dəfə olaraq məhz Gəncə Dövlət Dram teatrının səhnəsində Qədim Yunan dramaturgiyasına müraciət edən rejissor da məhz Yusif Bağırov olub. O, Evripidin “Medeya” və Sofoklun “Antiqona” faciələrini ilk dəfə olaraq məhz bu teatrın səhnəsində uğurla tamaşaya hazırlayıb. Azərbaycan səhnəsində ilk dəfə olaraq Yunan dramaturgiyasına müraciət və ilk tamaşanın tarixi Evripidin “Medeya” faciəsi ilə Gəncə Dövlət Dram teatrında 12 dekabr 1969-cu ilə təsadüf edir. Rejissor Yusif Bağırov bir neçə il sonra isə 1976-cı il dekabr ayının 11-də Sofoklun “Antiqona” faciəsinə müraciət edib. Bu quruluş da o illərdə teatr ictimaiyyəti tərəfindən böyük əks-səda ilə qarşılanıb. Tamaşa haqqında SSRİ xalq artisti Mehdi Məmmədov yazırdı: “Tamaşaçı insanı sarsıdan bir müsibətin, böyük bir faciənin şahidi olur. O, təəssüf edir, kədərlənir, bəlkə göz yaşı da axıdır, amma nəticə etibarı ilə ruh düşgünlüyünə qapılmır, əksinə gördüyü və götürdüyü acı həyat dərsindən nəticə cıxarır, qüvvət alır. Onun iradəsi möhkəmlənir, idrakı dərinləşir, həyat məsələləri, insan münasibətləri, vətəndaşlıq borcu haqqında daha dərindən düşünür.Bu düşüncə, bu yaşantı prosesi əvvəldən axıra qədər bədii zövqlə, estetik həzzlə müşaiyyət olunur.Buna görə tamaşa bədii həzz verir, ürəkdə və şüurda dərin iz buraxır”.

Yusif Bağırovun quruluşunda Sofoklun “Antiqona” faciəsi Gəncə Dövlət Dram teatrının səhnəsinə bir möhtəşəmlik, monumentallıq gətirib.Tamaşa rejissor traktofkasında sağlam düşüncənin, xeyirin şər üzərində qələbəsinin təntənəsi kimi səciyyəvi xarakterlərə malik idi.Tamaşanın ideya yönümü, bədii təcəssümü müvəffəqiyyətlə tamaşaçıya təqdim edilərək, bütün xarakterlər amal və mənəvi varlıqları ilə səhnədə rejissor tərəfindən maraqlı mizanlarla canlandırılıb. Respublikanın əməkdar incəsənət xadimi Yusif Bağırovun quruluşunda dramaturq Altay Məmmədovun “Ulduzlar görüşəndə” pyesi də maraqlı səhnə traktofkası ilə yaddaşlarda yaşayır.Pyesin mövzusu Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” pyesinin motivləri əsasında 1974-cü ildə qələmə alınıb.“Ulduzlar görüşəndə” qəhrəmanlıq komediyası da rejissor Yusif Bağırovun quruluşunda dövrünün maraqlı səhnə əsərlərindən biri hesab edilir. Bu illərdə keçmiş sovet post məkanının tüğyan etdiyi Brejnev hakimiyyətinin lap mənəm-mənəm dediyi vaxtda səhnədən deyilən “Məmləkətdə ən böyük soyğunçu, quldurbaşı elə qibleyi-aləmin özüdür” çümləsinin qeyri adi bir vəclə, bir uğultu ilə qarşılanması tamaşaçıların hər bir anı böyük inçəliklə anladıqlarının göstəriçisi kimi dəyərləndirilir. Xalq artisti Məhəmməd Bürcəliyev “Ulduzlar görüşəndə” pyesi haqqında öz xatirələrində yazırdı: “Yaxşı yadımdadır, bir ədəbi geçədə Zaman xanın dili ilə deyilən “Xəzinədə çoxlu pul olması vacibatdandır. Bəlkə şahənşah müharibə eliyəsi oldu, bəlkə bir Əfqanıstana hücum elədik” sözləri burada iştirak edən o zamankı şəhər rəhbərliyini şok vəziyyətinə saldı, cünki qonşularımız artıq Əfqanıstanda vuruşurdular.Xoşbəxtlikdən bu sözlərin başına o zaman ip salan olmadı, sanki heç eşitməyiblər”.

“Ulduzlar görüşəndə” pyesində iki bir-birinə zidd qüvvə üz-üzə dayanıb.Şah Abbas rəzaləti, despotizmi, fəlakəti, Yusif Sərrac isə ədaləti, yüksək idealı təmsil edirdi. Rejissor Yusif Bağırov maraqlı mizanları ilə hadisələrin gedişində hər iki obrazın xarakterini acır, saray və onun törətdiyi fitnə-fəsadlarını mahiyyət etibarı ilə bütün cılpaqlıqları ilə tamaşa boyu göstərilməsinə nail ola bilib. Görkəmli rejissor, əməkdar incəsənət xadimi Yusif Bağırov fəaliyyəti dövründə həmçinin Gəncə Dövlət Dram teatrında gənc aktyor nəslinin yetişməsində, onların inkişaf etdirilməsində əvəzsiz xidmətlər göstərib. Belə ki, xalq artistləri Pərvanə Qurbanovanın, Alim Məmmədovun, əməkdar artistlər Qurban Abbasovun, Faiq Qasımovun, Əli Allahverdiyevin, Əlican Əzizovun, Telman Əliyevin, aktrisalardan Elmira Əhmədovanın, Füzulət Rzayevanın bu teatrın səhnəsində yetişdirilməsində Yusif Bağırovun bir bədii rəhbər, baş rejissor kimi xidmətləri danılmazdır. Məhz onun yaxından qayğısı nəticəsində bu aktyorlar səhnədə professional aktyor məktəbini keçərək tanınıblar.
Yusif Bağırov 1995-ci il avqust ayının 15-də Gəncədə vəfat edib. Bu gün təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, respublikanın əməkdar incəsənət xadimi Yusif Bağırovun vəfatından 22 il ötməsinə baxmayaraq onunla bağlı heç bir dövrü mətbuatda yazılar dərc edilmir və xatırlanmır. Hətta xatirəsinin əbədiləşdirilməsi istiqamətində heç bir addım belə atılmayıb. Bu gün Gəncədə nə adına bir küçə, nə də ki, yaşayıb-yaratdığı Şeyx Bahəddin bina 20 ünvanında xatirə-baralyef lövhəsi belə yoxdur. Görəsən böyük bir sənət məktəbi keçən və sözün əsl mənasında özünün möhtəşəm sənət məktəbini yarada bilən bu kimi sənət fədailərinin unudulmasının və ya unudulmağa məhkum olunmasının əsas səbəbi nədir? Bəlkə də elə biz, özümüzük!
 

Anar Bürcəliyev,
teatrşünas

 

10:22