SƏMƏD SƏRDARİNİYANIN ƏSƏRLƏRİNDƏ SOYQIRIM VƏ QARABAĞ OLAYLARI

Sübhan Talıblı,
AMEA-nın Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, tarix üzrə fəlsəfə doktoru

SƏMƏD SƏRDARİNİYANIN ƏSƏRLƏRİNDƏ SOYQIRIM VƏ QARABAĞ OLAYLARI

Güney Azərbaycanın tanınmış tarixçi alimi Səməd Sərdariniya 1940-cı ildə Təbrizdə anadan olub. O, əvvəlcə Təbriz Universitetinin tarix, sonra isə hüquq fakültəsini bitirmişdir. Onun “Azərbaycan mədəni cəmiyyətdə”, “Bağırxan Salare- milli”, “Təbriz tənbəki üsyanında”, “Azərbaycan teatrosunun tarixçəsi”, “Əli Müsyö”, “Təbriz Universiteti”, “Azərbaycan qəzet və dərgilərinin tarixi”, “Təbriz Mərkəze-qeybi”, “İrəvan müsəlman sakinli şəhər olmuşdur”, “Təbriz əvvəlin şəhərlərdəndir”, “Azərbaycan məşhurları” (2 cilddə), “Molla Nəsrəddin Təbrizdə”, “Arazın hər iki sahilində müsəlmanların soyqırımı” əsərləri tarixşünaslığımız üçün son dərəcə dəyərli və elmi-siyasi baxımdan əhəmiyyətlidir. Səməd Sərdariniya 1979-cu ildən Tehranda nəşr olunan “Valıq” dərgisini yaradanlardan və onun səhifələrində yazıları ilə fəal iştirak edənlərdəndir. S. Sərdariniyaya “Tarix elmi sahəsində” xidmətlərinə görə Bakıda Azərbaycan Universitetinin Elmi Şurasının qərarı ilə 2002-ci ildə “Fəxri doktor” elmi adı verilmişdir. Erməni daşnaklarının Azərbaycan türklərinə qarşı soyqırımla müşahidə olunan işğalçılıq müharibəsi – Dağlıq Qarabağ münaqişəsi artıq 25 ilə yaxındır ki, davam edir. Azərbaycan Respublikasına və xalqına qarşı yönəlmiş bu qanlı, təcavüzkar hadisə dünyanın mütərəqqi qüvvələri ilə yanaşı, Arazın hər iki tayında, o cümlədən güneyli soyadaşlarımızın nəzər-diqqətindən qaçmamışdır. Güney Azərbaycandakı qələm sahibi olan ziyalıların bir çoxu öz yazılarında ermənilərin Qarabağda törətdikləri cinayətlərə və zorakılığa qarşı özlərinin haqq səsini ucaldır, İran və dünya ictimaiyyətinin diqqətini zəmanəmizin bu böyük haqsızlığına cəlb etməyə çalışırlar. Belə ki, Tehranda, Təbrizdə, Urmiyada, Ərdəbildə, Miyanada və digər şəhərlərdə çap olunan qəzet və dərgilərdə, inretnet səhifələrində, eləcə də ayrı-ayrı müəlliflərin kitab və tədqiqatlarında Dağlıq Qarabağda baş vermiş hadisələr obyektiv mövqedən, Vətən, millət yanğısı ilə qabardılır, oxucu kütləsinə təqdim edilir.

“Varlıq”, “Dilmac”, “Haray”, “Yol”, “Öyrənci”, “Körpü”, “Azərbaycanın səsi”, “Tribun” “Azər-Türk İnternational”, “Azərbaycan” kimi dərgilərin səhifələrində çap olunmuş məqalələrdə Dağlıq Qarabağda baş vermiş və günümüzə qədər davam edən hadisələrə obyektiv münasibətlərin bildirilməsi, eləcə də Qarabağ tarixi ilə bağlı həqiqətlərin söylənilməsi elmi və siyasi baxımdan çox önəmlidir. Dövri mətbuat səhifələrində, ayrı-ayrı kitablarda İsmayıl Hadi, Əlirza Ərdəbili, Həsən Raşedi, Böyük Rəsuloğlu, Mənuçöhr Əzizi, Tohid Məlikzadə, Camal Ayrumlu, Maşallah Rəzmi, Səməd Niknam, Səlcuq Kamal və Həsən Azərbaycani kimi güneyli müəlliflərin kəsərli məqalələri onların haqlı mövqelərini əks etdirməklə yanaşı, baş vermiş hadisələrə düzgün və ədalətli yanaşmalarını söyləməyə imkan verir. Doktor Səməd Sərdariniyanın tədqiqatlarında diqqəti çəkən mühüm mövzulardan biri də erməni daşnaklarının zaman-zaman Azərbaycan torpaqlarına göz tikmələri, yerli türklərin qanını tökmək, zorakılıq və yad qüvvələrin dəstəyi ilə onları öz doğma yurd-yuvalarından didərgin salmaq, mülklərinə, sərvətinə sahib çıxmaq məsələləridir. “İrəvan müsəlman sakinli şəhər olmuşdur”, “Arazın hər iki sahilində ermənilərin törətdikləri soyqırım” S. Sərdariniyanın qələmindən çıxan dəyərli əsərlər sırasında dayanırlar. “Qarabağ tarixin ötən günlərində”  əsəri isə alimin ömrününün son illərində yazıb çap etdirdiyi ən sanballı tədqiqat işidir. Hazırda farscadan dilimizə tərcümə edilmiş və çapını gözləyən “İrəvan müsəlman sakinli şəhər olmuşdur” kitabının “İrəvanın keçmişi, orta əsr və yeni dövrdəki tarixinin təkzib olunması” adlı bölümündə müəllif sənədlər və etibarlı qaynaqlar əsasında bu şəhərin tarixən türklərə məxsus olmasını, Azərbaycan elm və mədəniyyətində irəvanlı türk elm, din xadimlərinin fəaliyyətini geniş planda şərh etmişdir. İrəvanda ilk müasir məktəb açmış Mirzə Həsən Rüşdiyyə, böyük pedaqoq Cabbar Bağçaban, Cəfər Raşidi, Hacı Həsən İrəvani, Mirzə Abdulla İrəvani, Məhəmməd Nədim, İbrahim Münsirzadə, Hacı Mirzə Əli, Mirzə Əbdülkərim İrəvanilər kimi tanınmış elm və mədəniyyət xadimlərinin, eləcə də Seyid Əli İrəvani, Seyid Məhət İrəvani, Mirzə Əbdülhüseyn ağa İrəvani, ayətulla Seyid Məhəmməd Hadi İrəvani, ayətulla Məhəmməd İrəvani, Hacı Mirzə Hüseyn ağa İrəvani kimi müctəhid və din xadimlərinin nəsilləri və ailə üzvləri İrəvan şəhərinin sakini olmuşlar. Müəllifin tədqiqatından bəlli olur ki, XX əsrin əvvəllərinə qədər İrəvan ətrafında 211 türk kəndi, şəhərin özündə 7 məscid, bir neçə mədrəsə fəaliyyət göstərmişdir. XIX əsrin axırlarında “Daşnaksutyun” partiyasının yaradılması və xaricdən ermənilərin hər cəhətdən dəstəklənməsi nəticəsində yerli türklərə qarşı genişmiqyaslı zorakılıq aktları və qanlı əməliyyatlar həyata keçirilmişdir. Nəticədə, aborigen türklər öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmışlar. Müəllif öz əsərində 1904-cü ildə Qahirədə çıxan “Hikmət” qəzetində verilmiş statistik məlumata əsaslanaraq göstərir ki, Qafqazda ən böyük etnik qrup müsəlmanlar olmuşdur. 

Onların sayı 3 milyon 208 min 875 nəfər imiş. Bunların da 352 min 351 nəfəri ancaq İrəvan bölgəsində yaşayırmışlar. S. Sərdariniya “Arazın hər iki sahilində müsəlmanların soyqırımı” adlı əsərində Azərbaycan türklərinə qarşı ermənilərin törətdikləri soyqırımı – etnik təmizləmə aktını daha geniş planda tədqiq və təhlil edir. Müəllif adı çəkilən tədqiqat əsərində göstərir ki, Arazın hər iki sahilində (həm Güney, həm də Qüzeydə) türklərə qarşı soyqırım eyni vaxtda, 1918-ci ilin fevralında başlamış, amma Şimaldan fərqli olaraq, Güney Azərbaycanda 1918-ci ilin payızına qədər davam etmişdir. Arazın şimal sahilində türklərə qarşı soyqırım aktı bolşeviklərin başçılığı altında icra edilmişdirsə, Güney Azərbaycanın qərb bölgəsində bu cinayətlər erməni-aysor birlik və ittifaqlarının, xristian missionerlərin, xarici ölkələrin buradakı konsulluq və şirkət rəhbərlərinin əli ilə yerinə yetirilmişdir. 1917-ci il oktyabr çevrilişindən sonra Güney Azərbaycanın adıgedən bölgəsində mövqe tutan 8000 ağqvardiyaçıların yerli ermənilərə göstərdikləri hərbi yardım Urmiyada, Sulduzda, Xoyda, Salmasda və digər yaşayış məntəqələrində 200 min nəfərə yaxın türkün qətliamı, evlərin, mağazaların talan edilməsi, dinc sakinlərə qarşı zorakılığın, vəhşi rəftarın göstərilməsi ilə nəticələnmişdir. Soyqırımla bağlı bütün məsələlər, o sıradan azərbaycanlıların ermənilər tərəfindən qətliamı, doktor S. Sərdariniyanın sözügedən əsərlərinin ana xəttini təşkil edir. Bu baxımdan, Güney Azərbaycanda ermənilərin törətdikləri soyqırım probleminin öyrənilməsi və onun dünya ictimaiyyətinə çatdırlması işində S. Sərdariniyanın əsərləri əvəzsiz qaynaqdır. Adıçəkilən qaynaqda “dənizdən-dənizə” ərazi iddiasında olan erməni daşnaklarının  və onların xaricdəki havadarlarının Azərbaycan türklərinə qarşı heç bir zaman baş tutmayacaq xülyaları müəllif tərəfindən geniş planda tədqiq və təhlil olunur.

Güney Azərbaycanın tanınmış tarixçi alimi Səməd Sərdariniyanın ömrünün son illərində çap etdirdiyi “Qarabağ tarixin gedişində” kitabı Qarabağ tarixinin və tarixin gedişində bu bölgədə baş vermiş olayların elmi təqdimatında önəmli yer tutur. Fars, ərəb, rus və Avropa mənbələrindəki təkzibedilməz faktlar əsasında 500 səhifədən də artıq bir həcmdə yazılmış bu sanballı əsər torpağımıza qarşı erməni təcavüzünün davam etdiyi indiki zamanda çox aktual və dəyərli bir mənbədir. Kitabda verilmiş 30 başlığın hər biri ayrıca tədqiqat mövzusu olsa da, müəllif tədqiqatçı bacarığı və məharəti ilə bunları bir-biri ilə əlaqələndirmiş, nəticədə, ictimaiyyətə Qarabağ tarixinə aid dəyərli əsər təqdim etmişdir. Kitabdakı başlıqların bəzisinə nəzər saldıqda, əsərin geniş elmi diapozona, zəngin biliyə malik alimin qələmindən çıxdığı bəlli olur.  Əsərdə “Qarabağ haradır”, “Dağlıq Qarabağ”, “Aran Azərbaycanın bir bölgəsidir”, “Qarabağ islamdan əvvəl”, “Qarabağ islamdan sonra”, “Qarabağda məhəlli hökumətlər” və s. mövzular haqda geniş bəhs açılır, bu bölgənin tarixən Azərbaycan ərazisi olması sənəd və tarixi mənbələrlə sübuta yetirilir. Adıçəkilən kitabda şəddadilər, səlcuqilər, monqollar, elxanilər, qaraqoyunlular, ağqoyunlular, səfəvilər, əfşarlar və qacarların hakimiyyəti illərində Azərbaycanın sosial-iqtisadi durumu şərh edilməklə yanaşı, “Türkmənçay” (1828) müqaviləsindən və Azərbaycanın ikiyə parçalanmasından sonrakı tarixi dövrdə Qarabağa qarşı zaman-zaman törədilən erməni təcavüzlərindən, soyqırımlarından geniş bəhs olunur. Bütün bunlardan əlavə, S. Sərdariniya Ziyəddin Sultanovun «Qarabağ gündəliyi» adlı kitabını fars dilinə çevirib və «Qarabağ müharibəsi» adı altında Təbrizdə nəşr etdirmişdir [4, 78].  Beləliklə, İran ictimaiyyətini Dağlıq Qarabağda baş verən hadisələrin təfsilatı ilə tanış etmiş, eyni zamanda Qarabağ həqiqətlərinin oxuculara olduğu kimi çatdırılmasında mühüm xidmət göstərmişdir. Çox yaxşı olardı ki, Güney Azərbaycanın bu böyük tarixçi aliminin kitabları ana dilimizə və başqa dillərə tərcümə edilsin. Bu iş S. Sərdariniyanın elmi irsinə hörmət və qayğı töhfəsi olardı.

ƏDƏBİYYAT:

1. S. Sərdariniya. Qətleame mosəlmanan dər do suye Ərəs. Təbriz, nəşre “Əxtər”, 1383, 211 s.
2. S. Sərdariniya. Arazın hər iki tayında müsəlmanların soyqırımı. Bakı, “Elm”, 2006, 120 s.
3. S. Sərdariniya. İrəvan yek velayeti mosəlmanneşin bud. Tehran, enteşarate “Zufa”, 1379, 247 s.
4. S. Sərdariniya. Qarabağ dər qozərgahe tarix. Təbriz, “Nedaye Şəms”, 2006, 550 s.  

14:00