Səməd Seyidov: Ermənistanda bütün azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb

Təəssüf olsun ki, indiki vəziyyətdə nəzakətli olmaq çox çətindir. Biz belə vəziyyətin həlli yollarını düşünməliyik və yeganə həll yolu Avropa dəyərlərinə riayət etməkdir.

Burada bəzi məqamlara aydınlıq gətirmək lazımdır. Erməni deputat Vardanyan Azərbaycandakı ermənilərdən danışdı. Bu ifadəni aydınlaşdırmaq istəyirəm. Ona cavab olaraq demək istəyirəm ki, müharibəyə qədər, hətta müharibə zamanı da Azərbaycanda ermənilər olub, var və olacaq. Bu gün Bakıda minlərlə erməni yaşayır. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır və onlara hörmətlə yanaşırıq.

Ancaq Vardanyandan soruşuram: Ermənistanda heç olmasa bircə nəfər azərbaycanlı varmı? Yox, yoxdur! Ermənistanda bütün azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb. Buna nə deyirsiniz? Ona görə günahlandırmaq və barmaqla göstərməkdənsə, əvvəlcə güzgüdə özünüzə baxın və sonra bəyanatlarla çıxış edin.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun sərbəst debatlar zamanı erməni deputatın təxribat xarakterli, yalan dolu çıxışına cavab olaraq deyib.

“Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində bildirirəm və təkrar edirəm ki, erməni deputatlarla birgə masa arxasında əyləşək və ilk növbədə, humanitar məsələləri, qarşılıqlı etimadın yaradılması kimi məsələləri müzakirə edək”, - deyə S. Seyidov erməni deputatları dialoqa çağırıb.

“Bütün problemləri müzakirə edək. Burada, bu zalda deyil, masa arxasında üzbəüz müzakirə edək. Erməni deputatlar çıxışlarını daxili auditoriyaya uyğun qurmamalıdırlar. Xalqının “qəhrəmanı” olmaq üçün yox, real addımlar atmaq üçün danışmalıdırlar. İlk addım kimi erməni deputatları azərbaycanlı deputatlarla bir masada əyləşməyə və müzakirə etməyə dəvət edirəm. Əvvəlcə humanitar, eləcə də etimadın yaradılması məsələsi müzakirə edək. Əgər erməni deputatlar həqiqətən də real və səmimi olaraq regionda sülhün bərqərar olmasını istəyirlərsə, gəlsinlər onu birlikdə yaradaq. Humanitar və digər vacib məsələləri birlikdə müzakirə edək. Gəlin bu təşkilatın demokratiya, insan hüquqları və qanunun aliliyi kimi dəyərlərinə riayət edək”, - deyə S. Seyidov AŞPA-da bir daha erməni deputatları Avropa dəyərlərinə riayət etməyə çağırıb.

Şəhla Ağalarova

Xudaferin.eu

14:35